NAXÇIVAN :

07 Aprel 2025, Bazar ertəsi

“Dövlət suverenliyimizin bərpası tarixi zəfərimizdir” mövzusunda tədbir keçirilib

...

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası və Naxçıvan Hərbi Kollecinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi münasibətilə “Dövlət suverenliyimizin bərpası tarixi zəfərimizdir” mövzusunda tədbir keçirilib. 

Əvvəlcə Vətən müharibəsində Azərbaycanın suverenliyi uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib. 

Tədbirdə Naxçıvan Hərbi Kollecinin İdeoloji iş və mənəvi-psixoloji təminat bölməsinin rəisi, mayor Elvin Qurbani çıxış edərək qeyd edib ki, hazırda dövlətimiz müstəqillik tarixinin ən qüdrətli, yüksək inkişaf mərhələsini yaşayır. Müstəqil dövlətçilik tariximizin ən mühüm hadisəsi, şübhəsiz ki, tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi oldu.

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova qeyd edib ki, hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilmədi.

Kollecin kitabxanasının müdiri Emeliya Süleymanova “Suveren dövlətin hüquqi bünövəsi: Konstitusiyamızın əhəmiyyəti” və Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Republika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova “Vətən müharibəsində qazandığımız parlaq qələbə suverenliyimizin rəmzidir” adlı mövzularla çıxış edərək bildiriblər ki, Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası dövlətimizin müstəqilliyinin, suverenliyinin qorunması, hüquqi, dünyəvi dövlət quruculuğunun təminatı üçün mühüm qanunvericilik bazasının əsasıdır.

Sonra “Dövlət suverenliyimizin bərpası tarixi zəfərimizdir” adlı videoçarxa və sərgiyə baxış olub.

Nəşr edilib : 27.02.2025 19:35