Müstəqillik tariximizin unudulmaz günü – Naxçıvan...
23:59 22.07.2026
0
0
1
NAXÇIVAN :
22 Iyul 2026, Çərşənbə
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” ölkədə balıqçılıq və akvakultura sektorunun da inkişafında yeni mərhələnin əsasını qoyur. Proqramın başlıca məqsədləri istehsalın artırılması, daxili bazarın keyfiyyətli məhsullarla təminatının gücləndirilməsi, özünütəminetmə səviyyəsinin yüksəldilməsi və ixrac potensialının genişləndirilməsidir.
Dövlət Proqramında balıqçılıq və akvakultura sahəsi üzrə konkret hədəflər müəyyənləşdirilib. Belə ki, 2030-cu ilədək balıq istehsalının 7,7 min tona çatdırılması, ölkənin özünütəminetmə səviyyəsinin yüksəldilməsi və ixrac imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlət dəstəyi mexanizmlərinin formalaşdırılması, subsidiya və güzəştlərin tətbiqi, balıqartırma fəaliyyətinin genişləndirilməsi, eləcə də müasir istehsal texnologiyalarının tətbiqi istiqamətində kompleks tədbirlər həyata keçiriləcək.
Sənəddə su resurslarından səmərəli istifadə, istehsal və emal zəncirinin gücləndirilməsi, logistika imkanlarının genişləndirilməsi və rəqəmsal həllərin tətbiqi prioritet istiqamətlər kimi müəyyən olunub. Bu yanaşma məhsuldarlığın artırılmasına, məhsulun keyfiyyətinin yüksəldilməsinə və sektorun rəqabətqabiliyyətinin gücləndirilməsinə xidmət edəcək. Dövlət Proqramının Naxçıvan Muxtar Respublikasında da uğurla icrası balıqçılıq və akvakultura sahəsinin inkişafı üçün yeni imkanlar açır.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Yusif Əlizadə “Şərq qapısı”na müsahibəsində bildirir ki, Dövlət Proqramının icrası balıqçılıq və akvakultura sahəsində yeni inkişaf mərhələsinin əsasını qoyacaq. Müasir texnologiyaların tətbiqi, istehsal güclərinin artırılması və daxili bazarın keyfiyyətli balıq məhsulları ilə təminatının yaxşılaşdırılması istiqamətində nəzərdə tutulan tədbirlər bu sahədə səmərəliliyin yüksəlməsinə, rəqabət qabiliyyətinin artmasına və ərzaq təhlükəsizliyinin daha da möhkəmlənməsinə xidmət edəcək.
Yusif Əlizadənin sözlərinə görə, Dövlət Proqramında balıqçılıq və akvakultura ilə bağlı bir sıra mühüm istiqamətlər müəyyən edilib. Bu istiqamətlərə balıq fonduna nəzarət və monitorinq mexanizmlərinin təkmilləşdirilməsi, balıqartırma təsərrüfatlarının istehsal imkanlarının genişləndirilməsi, eləcə də su hövzələrinə balıq buraxılışının artırılması daxildir.
Nazirliyin rəsmisi bildirir ki, “proqram çərçivəsində balıqçılıqla məşğul olan sahibkarlara dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, subsidiya və digər təşviq alətlərinin tətbiqi də nəzərdə tutulur. Hazırda isə Naxçıvanda balıqçılıq təsərrüfatlarının qeydiyyata alınması istiqamətində müvafiq işlər davam etdirilir.
“Balıqçılıq və akvakultura sahəsində qarşıya qoyulan hədəflərin ardıcıl icrası, dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, müasir yanaşmaların tətbiqi və sahibkarların fəal iştirakı nəticəsində bu sahənin inkişafı daha da sürətlənəcək. Bu isə həm iqtisadiyyatın güclənməsinə, həm də əhalinin keyfiyyətli balıq məhsulları ilə təminatının yaxşılaşmasına mühüm töhfə verəcək”, – deyə Yusif Əlizadə vurğulayıb.
Dövlət Proqramının müəyyən etdiyi hədəflər artıq Naxçıvanda fəaliyyət göstərən balıqçılıq təsərrüfatlarının inkişafı üçün də yeni perspektivlər açır. Muxtar respublikanın Kəngərli rayonunda fəaliyyət göstərən “Asnı” və “Şahtaxtı” forel balıqçılıq təsərrüfatları bu sahədə formalaşan potensialın bariz nümunələrindəndir.
Şahtaxtı kəndində yerləşən forel balıqçılıq təsərrüfatı 2023-cü ildə yaradılıb. Fəaliyyətə iki hovuzla başlayan təsərrüfatda hazırda hər biri 90 kubmetr tutumlu 6 hovuz və 3 torpaq göl fəaliyyət göstərir.
Təsərrüfatın sahibi Polad Musayev bildirir ki, burada, əsasən, forel balığı yetişdirilir və istifadə olunan balıq kürüsü Avropa ölkələrindən gətirilir. Hazırda müəssisənin illik istehsal gücü 10-12 ton təşkil edir. Yaxın bir il ərzində bu göstəricinin 20-25 tona çatdırılması planlaşdırılır.
İstehsal olunan məhsullar, əsasən, Naxçıvanın bazarlarında satılır, eyni zamanda restoranlara, otellərə və iaşə obyektlərinə təqdim olunur.
Sahibkarın sözlərinə görə, Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan dəstək mexanizmləri balıqçılıq təsərrüfatlarının inkişafına əlavə stimul verəcək. O, Prezident İlham Əliyevin cari ilin mayın 25-də keçirilən müşavirədə balıqçılıq sahəsində istehsalın artırılmasının vacibliyi ilə bağlı səsləndirdiyi fikirləri xatırladaraq bildirir ki, subsidiya və güzəştli kredit mexanizmlərinin tətbiqi istehsal güclərinin artırılmasına mühüm töhfə verə bilər.
Təsərrüfatın üstünlüklərindən danışan sahibkar qeyd edir ki, su mənbəyi təbii bulaq suyudur: “Mənbə təsərrüfatdan daha yüksəkdə yerləşdiyinə görə su heç bir elektrik enerjisi sərf olunmadan hovuzlara daxil olur. Bundan əlavə, suyun temperaturu bütün fəsillər boyu sabit qalır və oksigenlə zəngin olması farel balığının yetişdirilməsi üçün əlverişli şərait yaradır.
Farel balıqçılığı keyfiyyətli, təmiz və sərin su tələb edən sahədir. Bu baxımdan, mövcud su ehtiyatlarından səmərəli istifadə etməklə təsərrüfatın daha da genişləndirilməsi üçün kifayət qədər potensial mövcuddur”.
Hazırda Naxçıvanda fəaliyyət göstərən balıqçılıq təsərrüfatları göstərir ki, müasir yanaşma, əlverişli təbii şərait və dövlət dəstəyi vəhdət təşkil etdikdə bu sahədə qısa müddətdə mühüm nəticələr əldə etmək mümkündür. Dövlət Proqramının qarşıya qoyduğu hədəflər də məhz bu potensialın daha geniş miqyasda reallaşdırılmasına hesablanıb.
Mövcud su ehtiyatları, formalaşmaqda olan balıqçılıq təsərrüfatları və Dövlət Proqramının yaratdığı yeni imkanlar bu sahənin inkişafı üçün möhkəm zəmin formalaşdırır. Qarşıdakı illərdə nəzərdə tutulan tədbirlərin ardıcıl icrası istehsalın artırılmasına, keyfiyyətli yerli balıq məhsullarının bazarda payının genişlənməsinə, yeni investisiyaların cəlbinə və məşğulluğun artmasına şərait yaradacaq. Bu baxımdan, balıqçılıq və akvakultura yalnız kənd təsərrüfatının perspektivli istiqamətlərindən biri kimi deyil, həm də Naxçıvanın iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə və qeyri-neft sektorunun inkişafına töhfə verən mühüm sahə kimi öz əhəmiyyətini daha da artıracaq.
Nail ƏSGƏROV
Digər xəbərlər