Muxtar respublika ərazisində qarlı və şaxtalı hav...
12:38 23.02.2025
0
0
0
NAXÇIVAN :
23 Fevral 2025, Bazar
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda bütün sahələrlə yanaşı, turizmin inkişafı da prioritetlərdən biri kimi qeyd olunub. Dövlət Proqramında muxtar respublikanın turizm potensialından istifadə etməklə regionun rəqabətqabiliyyətli turizm məkanına çevrilməsi məqsədilə bu sahənin inkişafına yönəlmiş bir sıra tədbirlər həyata keçirilir. Mövzu ilə bağlı daha ətraflı Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin əməkdaşı Şüküfə Həsənova ilə həmsöhbət olub, hazırda bu istiqamətdə hansı işlər görüldüyünü öyrənməyə çalışdıq. Şüküfə xanım bildirdi ki, Dövlət Proqramının Təfsilatlı Tədbirlər Planının müvafiq bəndlərinin icrası istiqamətində Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi ilə birgə kompleks iş aparılıb, ayrı-ayrı vaxtlarda görüşlər və səfərlər həyata keçirilibdir. Həmçinin Təfsilatlı Tədbirlər Planında qeyd olunan bir sıra tədbirlərin icrasının sürətləndirilməsi və qanunvericiliyin tələblərinə uyğun formada icra edilməsi istiqamətində işlər aparılıbdır. Naxçıvan iqtisadi rayonu üzrə turizmin inkişaf planının hazırlanması məqsədilə hotel və restoranlar üzrə “Təlim ehtiyacları sorğusu” keçirilib, nəticələri haqqında məlumatlar Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinə təqdim olunubdur. Belə ki, Ordubad, Şahbuz və Naxçıvan şəhərlərində 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planının müvafiq bəndinə uyğun olaraq hazırlanan Naxçıvan iqtisadi rayonu üzrə turizm inkişaf planına salınması nəzərdə tutulan layihələrin maraqlı tərəflərlə müzakirələri də aparılıbdır. Müzakirələrdə layihələr 10 ballıq şkala üzrə qiymətləndirilibdir. Aparılmış qiymətləndirmə nəticəsində 7 baldan yüksək qiymət alan layihələr turizm inkişaf planına daxil ediləcəkdir. Hal-hazırda qiymətləndirmə nəticələrinin təhlili istiqamətində işlər bitmək üzrədir.
Müsahibimiz bildirdi ki, “Dağ cığırları əsasında piyada marşrutlarının (hikingroute) yaradılması” alt tədbirinin Naxçıvan Muxtar Respublikası Turizm Departamenti tərəfindən icrası məqsədilə ardıcıl olaraq bir çox işlər görülmüşdür. “Şahbuz rayonunun, Batabat yaylağı ərazisində dağ cığırları əsasında piyada marşrutlarının (hiking route) nişanlanması üçün cığırların ilkin kəşfiyyatı, marşrutların müəyyən edilməsi və xəritələrinin hazırlanması, marşrutların nişanlanması üçün GPS yazılarının və hesabatların təqdim edilməsi xidmətinin satınalınması” üçün qanunvericiliyə uyğun olaraq satınalma müsabiqəsi keçirilərək qalib şirkət “Mountain Host Azerbaijan” MMC olubdur. 22 dekabr 2024-cü il tarixdə qeyd olunan bəndin icrası ilə əlaqədar olaraq MMC-nin nümayəndələri Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin əməkdaşları ilə birlikdə Batabat yaylağında olublar. 2 dağ cığırı əsasında piyada marşrutlarının ilkin kəşfiyyatı, əlçatanlıqlarının, yol və yaxud cığır mövcudluqlarının araşdırılması aparılmış, həmin cığırlar üzrə yerləşdiriləcək istiqamətverici və məlumatverici nişanların siyahıları, yerləri, sayları və boya nişanlarının yerləri müəyyən edilmişdir. Dağ cığırları əsasında piyada marşrutlarının topoqrafik göstəricilərinə əsaslanan xəritələrin hazırlanması, dəqiq xəritələşdirməni təmin etmək üçün GPS yazılarının hazırlanması, eyni zamanda vəhşi təbiətə, bitki örtüyünə və su ehtiyatlarına potensial təsirlər də daxil olmaqla cığırların yaradılmasının ətraf mühitə təsirlərinin qiymətləndirilməsi, hündürlük dəyişiklikləri, ərazi növləri və mövcud ola biləcək hər hansı maneə və ya təhlükələr daxil olmaqla cığırların çətinlik səviyyəsi haqqında məlumatların toplanılması işləri görülmüş və layihələndirmə işləri yekunlaşdırılıbdır. Cari il ərzində nişanların quraşdırılması üçün qanunvericiliyə uyğun olaraq tenderin elan olunması və dağ cığırlarının nişanlanması prosesinin başa çatdırılması nəzərdə tutulur.
Şüküfə xanım qeyd etdi ki, artıq muxtar respublikada turizm sahəsində mövsümilik problemi aradan qaldırılıb və insanlar istirahətləri üçün təkcə yay aylarında deyil, həm də qış fəslində Naxçıvana üz tuta bilirlər: “Naxçıvanda sərt qış aylarında da istirahət edənlərin sayı az deyil. Son illər yüksək turizm infrastrukturunun formalaşdırılması istiqamətində görülən işlərin nəticəsi olaraq qış turizminə maraq da artıb. Ümumiyyətlə, turizmdə artıq mövsümilik anlayışı aradan qalxıb. Hal-hazırda ölkəmizdə 3 əsas qış turizmi mərkəzi mövcuddur, Qəbələdə Tufandağ, Qusarda yerləşən Şahdağ və Naxçıvan Muxtar Respublikasında Ağbulaq İstirahət və Xizək Mərkəzi. Qış Turizmi Mərkəzi deyərkən daha çox xizəkçilik nəzərdə tutulur.
Ümumiyyətlə, muxtar respublikanın turizm potensialı müxtəlif turizm fəaliyyətləri baxımından əhəmiyyətli imkanlar yaradır. Muxtar respublikada qış turizm bazasının yaradılması dayanıqlı turizmə nail olmağa şərait yaradır. Turizmin inkişafı baxımından əlverişli şəraitə malik diyarımızda, xüsusilə Şahbuz rayonunun Ağbulaq kəndində yaradılan istirahət mərkəzi göstərir ki, Naxçıvan qış turizminin təşkili baxımından əlverişli imkanın olduğu bölgələrdəndir. Ağbulaq kəndi zəngin bitki örtüyü və təmiz havadan ibarət resurs dəyəri ilə Naxçıvanın turizm coğrafiyasında əhəmiyyətli və cəlbedici kənddir. Naxçıvanda qış turizmi ilə bağlı üz tutulan əsas ünvan da Ağbulaq İstirahət Mərkəzidir.
Müsahibimiz deyir ki, Şahbuz dağlarının qoynunda yerləşən bu mərkəz qış aylarında dağ-xizək, yay aylarında isə kənd turizmini seçənlərə xidmət göstərir. Kəndin gözəl təbiəti, səfalı yerləri insanların bura axınına şərait yaradır. Muxtar respublikada inkişaf edən turizm sektoruna böyük töhfə olan Ağbulaq İstirahət Mərkəzi qış-yay turizmi üçün unikal məkandır. Mərkəzdə xizək sürməyə marağı olmayan qonaqların digər əyləncələrdən istifadə etməsi üçün futbol, basketbol və voleybol meydançaları, uşaq əyləncə parkı yaradılaraq müxtəlif xidmətlər və fəaliyyətlər təşkil olunur. Mərkəzin ərazisində yüksək zövqlə dizayn edilmiş restoranlar da fəaliyyət göstərir. Ağbulaq İstirahət Mərkəzində inşa edilən hotel bu istirahət məkanında qonaqların rahat gecələmələri üçün şərait yaradır. Ağbulaq təkcə turizm mərkəzi deyil, eyni zamanda ölkəmizin zəngin təbiətinin təbliğində mühüm rol oynayır. Bu isə ölkənin turizm sənayesində Ağbulaq İstirahət Mərkəzinin əhəmiyyətini daha da artırır. Bizə məlumdur ki, turistlər idman etmək, təmiz dağ havası qəbul etmək və adrenalin axtarmaq kimi səbəblərdən qış turizmi fəaliyyətlərinə ehtiyac duyurlar. Ağbulaq Xizək Mərkəzində də qış turizmi mövsümü ilə əlaqədar dağ-xizək turizmi həvəskarları üçün əlverişli şərait mövcuddur. Bu baxımdan mərkəzə daha çox turistin cəlb olunması və yerli qonaqların mərkəzin imkanlarından daha rahat yararlanması üçün həftə sonları muxtar respublikada fəaliyyət göstərən tur operatorlar tərəfindən sərfəli qiymətlərə turlar təşkil olunur. Naxçıvanın dağlıq relyefi və təmiz havası, onu qış turizmi üçün ideal bir məkana çevirir. Şahbuz, Ordubad, Culfa rayonlarının dağlıq və dağ-ətəyi kəndlərindəki mənzərələr, xüsusilə təbiətsevərlər üçün idealdır. Adıçəkilən rayonlarımızda qonaqlara istər həftəlik, istərsə də aylıq istifadə üçün nəzərdə tutulan evlər təklif olunur. Bu evlər bütün fəsillərdə istirahətini təbiət qoynunda keçirtmək istəyən hər kəs üçün əlçatandır.
Şüküfə xanımın sözlərinə görə, son illərdə rayonlarda və kəndlərdə evlərin kirayə təklif olunması prosesi geniş vüsət alıb. Yerli əhali və muxtar respublikaya qonaq gələn insanlar da bu şəraitdən istifadə edir və məmnun qalırlar. Dağlar, çaylar və meşələrlə əhatə olunan kəndlərimiz insanlara əldəyməmiş gözəlliklər və sakit mühit bəxş edir. Əlbəttə ki, bu təbii mühit şəhər həyatının səs-küyündən uzaq, sakit və təbii atmosfer istəyən insanlar tərəfindən bəyənilir. Müsahibimiz məlumat üçün bildirdi ki, bu gün turizm bazarında aframe evlər təcrübəsi geniş yayılmışdır. Xüsusən də dağlıq ərazilərdə bu tip evlər həm dağ turizmi, həm də ekoturizm üçün yeni imkanlar yaradır. Artıq Azərbaycanda və eləcə də Naxçıvan Muxtar Respublikasında da aframe evlərin tikintisi minimalizm və rahatlıq axtaran ekologiya və təbiətə yönəlmiş səyahətçilər üçün seçim imkanı yaradır. Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin əməkdaşları sahibkarlarla sıx əlaqələr saxlayır, görüşlər keçirir və bura üz tutacaq insanların məmnunluq və rahatlığının təmin olunması istiqamətində söhbətlər aparırlar.
İnsanlar qış aylarında istirahətini mənalı keçirmək üçün Naxçıvan şəhərindən çox da uzaqda olmayan məkanlara üz tuturlar. Hətta insanlar ilk qarın sevincini Batabat yaylağında yaşamağa böyük üstünlük verirlər. Qeyd edək ki, Naxçıvanımızda füsunkar mənzərələri təbiət həvəskarları və macəra axtaranlar üçün böyük imkanlar var.
Bülbül QULİYEVA
Digər xəbərlər