Xəzər dənizində 26 yaşlı gənc batıb
23:08 25.07.2026
0
0
0
NAXÇIVAN :
26 Iyul 2026, Bazar
Prezident İlham Əliyevin bu il mayın 25-də imzaladığı Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” quşçuluq sektorunun inkişafı ilə bağlı mühüm hədəflər müəyyənləşdirib. Sənəddə müasir quşçuluq damlarının tikintisi və mövcud təsərrüfatların modernləşdirilməsi, müasir kəsimxanaların yaradılması, torpaq təyinatı ilə bağlı mövcud çətinliklərin aradan qaldırılması, damazlıq işinin təşviqi, eləcə də quşçuluq müəssisələrinin elektrik və qaz şəbəkələrinə qoşulma xərclərinin subsidiyalaşdırılması nəzərdə tutulur. Bu tədbirlər hesabına 2030-cu ilədək quş əti istehsalının, təxminən, 30 faiz artırılması və ölkənin özünütəminetmə səviyyəsinin yüksəldilməsi hədəflənir.
Dövlət Proqramında müəyyənləşdirilən tədbirlər quşçuluq sahəsinin müasir əsaslarla inkişafına, istehsalın səmərəliliyinin artırılmasına və ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə xidmət edir. Son illər Naxçıvan Muxtar Respublikasında da dövlət dəstəyi, müasir istehsal üsullarının tətbiqi və sahibkarlığın təşviqi nəticəsində quşçuluq təsərrüfatlarının inkişafında müsbət dinamika müşahidə olunur. Dövlət Proqramının icrası muxtar respublikada yeni təsərrüfatların yaradılmasına, mövcud müəssisələrin modernləşdirilməsinə, istehsal həcmlərinin artırılmasına və əhalinin keyfiyyətli quşçuluq məhsulları ilə təminatının daha da yaxşılaşdırılmasına əlavə imkanlar yaradacaq.
Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Nihad Kərimli “Şərq qapısı”na müsahibəsində bildirib ki, Dövlət Proqramı aqrar sektorun müasir çağırışlara uyğun inkişafını, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsini və istehsalın artırılmasını əsas prioritetlər kimi müəyyən edir. Onun sözlərinə görə, bu məqsədlərə nail olunmasında quşçuluq sahəsinin inkişafı xüsusi əhəmiyyət daşıyır.
Nihad Kərimli qeyd edib ki, müasir texnologiyaların tətbiqi, yem bazasının möhkəmləndirilməsi və sahəyə investisiyaların cəlb edilməsi quşçuluq təsərrüfatlarının səmərəliliyini artıracaq. Bununla yanaşı, fermerlər sanitar-gigiyena qaydalarına ciddi əməl etməli, baytarlıq-profilaktik tədbirləri vaxtında həyata keçirməli, keyfiyyətli yem və təmiz sudan istifadə etməlidirlər. Bu amillər məhsuldarlığın yüksəldilməsinə, xəstəliklərin qarşısının alınmasına və təhlükəsiz quşçuluq məhsullarının istehsalına birbaşa təsir göstərir.
O bildirib ki, son illər dövlət dəstəyi, güzəştli kreditlər və fermerlərin zəhməti nəticəsində quşçuluq təsərrüfatları davamlı inkişaf edir. Həyata keçirilən tədbirlər ölkənin ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə və əhalinin keyfiyyətli quşçuluq məhsulları ilə təminatının yaxşılaşdırılmasına mühüm töhfə verəcək.
Culfa rayonunun Gülüstan kənd sakini Bəhruz İsmayılov 2012-ci ildə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən ayrılmış 40 min manat güzəştli kredit hesabına ailə təsərrüfatı yaradıb. Həmin vaxtdan etibarən təsərrüfatını ardıcıl şəkildə inkişaf etdirən fermer hazırda hinduşqa və toyuq yetişdirilməsi ilə məşğuldur.
Fermerin sözlərinə görə, hazırda təsərrüfatda 1000-dən artıq hinduşqa cücəsi olmaqla, ümumilikdə, 2-3 min müxtəlif növ cücə saxlanılır. Bundan başqa, burada 500-ə yaxın yumurtlayan toyuq bəslənilir. Əsas məqsəd təsərrüfatı daha da genişləndirmək və bazara daha çox keyfiyyətli məhsul çıxarmaqdır. Altı hektar ərazini əhatə edən təsərrüfatda quşların saxlanılması üçün müasir damlar, köməkçi tikililər və geniş otlaq sahələri yaradılıb. Təbii otlaq sahələri quşların sağlam böyüməsinə, təbii şəraitdə bəslənməsinə və yüksək keyfiyyətli məhsul əldə olunmasına əlverişli şərait yaradır.
Muxtar respublikada nümunəvi ailə təsərrüfatçılarından biri kimi tanınan Bəhruz İsmayılov göstərdiyi səmərəli fəaliyyətə görə “Rəşadətli əməyə görə”nişanı ilə təltif olunub. O bildirir ki, bu uğurun əsasında atasının, qardaşının və digər ailə üzvlərinin dəstəyi, eləcə də uzun illərin zəhməti dayanır. Ailə üzvlərinin birgə əməyi sayəsində təsərrüfat ildən-ilə genişlənir, istehsal həcmi və gəlirlər artır.
Fermer qeyd edir ki, təsərrüfatda quşların sağlamlığının qorunmasına xüsusi diqqət yetirilir. Cücələr birhəftəlik olduqda burun damcısı vasitəsilə vaksinasiya edilir, bir aylığında çiçək, iki aylığında isə taun xəstəliyinə qarşı peyvənd olunur. Baytarlıq-profilaktik tədbirlərin hamısı müəyyən edilmiş qrafik əsasında vaxtında həyata keçirilir. Təsərrüfatda yetişdirilən məhsullar Naxçıvan Muxtar Respublikasında təşkil olunan kənd təsərrüfatı yarmarkalarında, eləcə də birbaşa təsərrüfatda satışa çıxarılır. Bəhruz İsmayılov gələcəkdə istehsal gücünü daha da artırmağı və təsərrüfatını genişləndirməyi əsas hədəflərindən biri kimi qiymətləndirir.
Gülüstan kəndində fəaliyyət göstərən bu təsərrüfatın timsalında, demək olar ki, son illər dövlət dəstəyi, sahibkarların təşəbbüskarlığı və müasir texnologiyaların tətbiqi Naxçıvanda quşçuluq sahəsinin inkişafına mühüm təkan verib. Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” isə bu istiqamətdə həyata keçirilən tədbirlərin daha da genişlənməsinə yeni imkanlar açır. Dövlət Proqramında nəzərdə tutulan müasir quşçuluq komplekslərinin yaradılması, damazlıq işinin təkmilləşdirilməsi, istehsal və emal infrastrukturunun inkişafı, eləcə də fermerlərə göstərilən dövlət dəstəyi sahənin rəqabət qabiliyyətinin yüksəldilməsinə xidmət edir. Bununla yanaşı, bu tədbirlər ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, yerli istehsalın artırılmasına və keyfiyyətli quşçuluq məhsullarına tələbatın daha dolğun ödənilməsinə töhfə verəcək. Dövlət Proqramının icrası nəticəsində Naxçıvanda quşçuluq təsərrüfatlarının istehsal gücünün artacağı, yeni təsərrüfatların formalaşacağı, məşğulluq imkanlarının genişlənəcəyi və əhalinin təhlükəsiz, keyfiyyətli quşçuluq məhsulları ilə təminatının daha da yaxşılaşacağı gözlənilir.
Nail ƏSGƏROV
Digər xəbərlər