NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

...

Oktyabrın 2-də 29 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan 95 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, daxili müsahibə elan edilən vəzifələrin 6-sı dördüncü təsnifata, 35-i beşinci təsnifata, 29-u altıncı təsnifata və 25-i yeddinci təsnifata aiddir. Dövlət orqanları arasında ən çox vakant vəzifə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (14 vəzifə) tərəfindən təqdim olunub.

Eyni zamanda, daxili müsahibə elan edilən vəzifələrdən 30-u Naxçıvan Muxtar Respublikasının 6 dövlət orqanı, 19-u isə 12 yerli icra hakimiyyəti orqanı tərəfindən təqdim edilib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Bu, vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə aşağıda qeyd olunan kateqoriyalara aid şəxslər iştirak edə bilərlər:

- Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;

- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

- 1–3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci - üçüncü təsnifatlarına uyğun olan vəzifələrə, habelə 2-ci kateqoriya dövlət orqanlarına aid mərkəzi icra hakimiyyəti orqanlarında, onlara bərabər tutulan orqanlarda (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi) inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələrə (struktur bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) iddia edən şəxslər.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər oktyabrın 16-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Nəşr edilib : 02.10.2024 12:24