NAXÇIVAN :

07 Sentyabr 2026, Bazar ertəsi

Dmitro Şlapaçenko: Azərbaycanla BMT arasında iqlim sahəsində əməkdaşlıq konkret nəticələr verir

...

Bu İqlim Həftəsinin keçirilməsi çox təqdirəlayiqdir. Düşünürəm ki, bu gün Birləşmiş Millətlər Təşkilatı üçün bu, çox vacibdir. Biz bütün aidiyyəti tərəflərlə, xüsusilə də belə cəlbedici, möhtəşəm bir gündəliyi irəli sürdüyünə və qonaqpərvərliyinə görə Azərbaycan Hökuməti ilə əməkdaşlıq etməkdən çox şadıq. Birləşmiş Millətlər Təşkilatı bu müddətdə öz dəstəyini əsirgəməyib.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko “Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” (BCAW 2026) çərçivəsində keçirilən "Bakıdan COP31-ə: Parçalanmış dünyada dinamikanın saxlanılması" adlı panel sessiyada çıxışı zamanı deyib.

"Biz COP29-da baş verənləri dəstəkləmək üçün BMT-nin 25 agentliyini bir araya gətirdik. Bu icraat təşəbbüsü çərçivəsində COP29 üzrə Qlobal İcra Qrupu vasitəsilə reallaşdırdığımız işləri qeyd etmək istərdim. Bu, BMT İqlim Dəyişmələri Konvensiyası və COP29 Rəyasət Heyəti ilə birgə yaradılmış Qlobal İqlim Şəffaflığı Platformasıdır. Bu çərçivədə Bonnda ölkələrin ilk İkiillik Şəffaflıq Hesabatları və ikinci hesabatlılıq dövrünə hazırlıq məsələləri üzrə Yüksəksəviyyəli Dialoq təşkil olundu. Bu, irəliyə doğru necə addımlayacağımızı planlaşdırmaq baxımından müstəsna əhəmiyyət kəsb edir", - deyə Dmitro Şlapaçenko vurğulayıb.

BMT-nin ölkə üzrə komandasının və Azərbaycan Hökumətinin gördükləri yaxşı işlər sayəsində 2026-2030-cu illər üçün Əməkdaşlıq Çərçivəsinin imzalandığını qeyd edən BMT-nin rezident-əlaqələndiricisi deyib: "COP29 və onun yaratdığı təsir sayəsində bu çərçivədə iqlimlə bağlı bir çox icraolunası bəndlər yer alır və biz bu əməkdaşlığın konkret nəticə verməsindən çox məmnunuq".

Nəşr edilib : 07.09.2026 12:03