Moskvada MDB Hökumət Başçıları Şurasının iclası ke...
12:35 12.12.2024
0
0
0
NAXÇIVAN :
12 Dekabr 2024, Cümə axşamı
Divar yazmağı özünə məşğuliyyət seçən uşaqlar hər dövrdə, hər kənddə, hər şəhərdə olub və bunun yaxşı bir iş olmadığını da hər kəs yaxşı bilir. Doğulub boya-başa çatdığım kənddə, elə bizim məhəlləmizdə də bu işdən böyük zövq alan uşaqlar çox idi. Nə gizlədim, mən özüm də uşaq ağlımla çox belə işlər görmüş, ilk yazı təcrübəmi də yazı lövhəsindən, yazı dəftərindən əvvəl qonşu divarlarında qazanmışdım. Bir zamanlar qələmə aldığım “Qaranlıq otaq” adlı hekayəmin də əsas mövzusu məhz bu pis vərdişin mənə verdiyi həyat dərsindən götürülmüşdür... İndiki uşaqlar bilməz, ötən əsrin 80-90-cı illərində orta məktəblərdə sinif otaqları yarıyadək tünd-mavi rənglə, daha yuxarı hissəsi isə əhənglə boyanardı. Bir dəfə sinifdə divarın mavi hissəsində təbaşirlə nə isə yazdığım üçün riyaziyyat müəllimimiz olan Heydər müəllim tərəfindən cəzalandırılmağım, daha doğrusu, məktəbin “qaranlıq otağ”ında qonaq olmaq təhlükəsiylə üz-üzə qalmağım mənim məktəblə bağlı çox da xoş olmayan xatirələrimdəndir...
Sonralar elə həmin məktəbdə, divarları yarıyadək mavi boya ilə boyanmış həmin sinif otağında Gülzadə müəllimin tədris etdiyi ədəbiyyat dərsində divar yazmağın daha bir forması ilə tanış oldum... Bu yeni tanışlıq Cəlil Məmmədquluzadənin “Saqqallı uşaq” hekayəsi sayəsində oldu. Düzü, həmin hekayəni oxuyarkən göz önündə daha çox divar yazmaq mərəzi ilə əlaqəli öz xatirələrim canlanır, hekayənin daxilindəki yumordan daha çox məni öz hekayətlərim – bir zamanlar həmyaşıdlarımla birgə yazdığımız divarlar güldürürdü...
İllər keçdi... Ali məktəbi bitirərək oxuduğum orta məktəbə Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq qayıtdım. Yenə həmin köhnə məktəb, yenə yarıyadək mavi rənglə boyanmış həmin sinif otaqları... İşə başladığım, həmin siniflərdən birinə artıq müəllim olaraq daxil olduğum ilk gün, ilk dəqiqələr, nədənsə, mənə yenə həmin günü – təbaşirlə divarı yazdığım günü xatırlatdı...
Artıq yaddaşımda ilişib qalmış “divar yazmaq” mövzusu 10-15 il sonra başqa bir formada zehnimdə “zühur etdi”. Qəzetdə fəaliyyətə başladığım ilk illərdə internet saytlarının və sosial şəbəkələrin yaranması ilə həm də yeni “divar yazan uşaqlar”ın ortaya çıxmasını gördük. O zamanlar internet ünvanlarını, e-maillərini divarlara yazan uşaqlar barədə bir maarifləndirici yazı dərc etdirməklə “zəmanə uşaqları”na təsir etmək istəsəm də, təəssüf ki, çox da faydası olmadı...
Dünən biz qonşu divarını təbaşirlə yazırdıqsa, bu gün kiçik qızım bu işi mənim maşınımın üzərində mismarla həyata keçirir. Sabah necə olacaq, hansı formada olacaq, onu bilmirəm... Bircə onu bilirəm ki, divar yazısından cəmi iki dəfə böyük zövq almışam... Birinci dəfə kiçik qızım bu işi mənim yeni maşınımın sol qabaq qapısında gerçəkləşdirəndə, bir də Qarabağda, əsasən, Şuşada olarkən igid oğullarımızın yazdığı divarları görəndə... İşğaldan azad olunan şəhər və kəndlərimizdə divarlara yazılan bu yazıları sevinc göz yaşları ilə bir-bir oxuyurdum... Orfoqrafik səhvlərlə dolu olan həmin yazılara baxdıqca bu yazıları yazan uşaqlara haqq qazandırır, daxildən: “Əcəb etmisiniz!” – deyirdim.
“Qarabağ Azərbaycandır!”
“Biz qayıtmışıq!”
“Şuşa, sən azadsan!”
Əyri-üyrü xətlərlə divarlara yazılan bunun kimi və bundan da gözəl sözlər istər-istəməz insanı sevindirir, kövrəldir... Elə kiçik qızımın mismarla maşınımın qapısına yazdığı “Səni sevirəm, ata!” yazısı qədər sevindirir insanı... O cür böyük qələbədən sonra divarlara bu cür yazıları yazan qəhrəman oğulları heç cür qınamaq olmur. Çünki o yazılar ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında igid oğullarımız tərəfindən yazılan Zəfər Tariximizin ilk sətirləridir... Çünki o yazılar şəhidlərimizin, qazilərimizin və digər igid oğullarımızın qanı ilə yazılıb... Çünki o yazılarda adları qeyd olunan oğullar bu torpaq, bu Vətən, bu xalq üçün özlərini göz qırpmadan ölümün pəncəsinə atmış, əksəriyyəti isə bu böyük amal uğrunda şəhid olaraq Vətən sevgisinin necə bir yüksək ad olduğunu bütün dünyaya göstərmişdir... O yazıları yazan oğulları bu gün sayğıyla, hörmətlə, ehtiramla anırıq və bu, dünya durduqca belə olacaqdır...
Bu gün bir xalq olaraq qürurluyuq... Torpaqlarını düşmən tapdağından azad edən, ölkəsinin ərazi bütövlüyünü təmin edən bir xalqın bu cür qürurlanmağa, fəxr etməyə haqqı var. Bu qüruru, fəxarəti bizə bəxş edən isə məhz Qarabağda tarix yazanlar – divar yazan oğullardır. O oğulların çoxu o yazıları yazdıqdan sonra şəhadət zirvəsinə yüksəlib... Bir çoxu öz sağlığını itirib, qazi olub... Qalanlar, o qanlı-qadalı müharibədən sağ çıxıb yaşayanlar da var həmin o “divar yazan oğullar” sırasında... Hələ çoxdur əli silah tutan igidlərimiz... Hələ çoxdur Vətəni canından əziz bilən qəhrəman oğullarımız... Hələ çoxdur “divar yazmağı” bacaran ərlərimiz... Elə yazılmalı divarlar da çoxdur... Lap çoxdur...
Qafar QƏRİB
Digər xəbərlər