NAXÇIVAN :

09 Oktyabr 2026, Cümə

DİN-dən velosipedi təhlükəli idarə edən yeniyetmələrlə bağlı açıqlama

...

Ötən gün “Şərq qapısı” qəzetinin sosial şəbəkə hesablarında bəzi uşaq və yeniyetmələrin velosipedlərini təkərüstə qaldıraraq əsas yollarda təhlükəli manevrlər etməsini əks etdirən görüntülər paylaşılıb. Paylaşımda diqqətə çatdırılan məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən redaksiyaya məlumat verilib.

Bildirilib ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə velosipedi təhlükəli şəkildə idarə edən yetkinlik yaşına çatmayan şəxslər polis əməkdaşları tərəfindən müəyyən edilib.

Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, onlara yol hərəkəti qaydalarına əməl etməyin vacibliyi, təhlükəli davranışların yarada biləcəyi risklər, həmçinin özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə diqqətlə yanaşmağın əhəmiyyəti izah olunub.

Qeyd edək ki, nəqliyyatın intensiv olduğu yollarda velosipedlə təhlükəli manevrlər etmək sürücülər üçün gözlənilməz vəziyyət yarada, ilk növbədə isə uşaqların və yeniyetmələrin həyat və sağlamlığı üçün ciddi təhlükə törədə bilər. Bu baxımdan, yol hərəkəti qaydalarına əməl edilməsi və azyaşlıların təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.

Nəşr edilib : 09.10.2026 12:50