NAXÇIVAN :

09 Oktyabr 2026, Cümə

Azərbaycanın turizm potensialı Polşanın üç şəhərində nümayiş etdirilib

...

Oktyabrın 6-dan 8-dək Azərbaycan Turizm Bürosu (ATB) Polşanın Qdansk, Poznan və Varşava şəhərlərində keçirilən “AVIAREPS Around the World Roadshow Poland 2026” tədbirində iştirak edib.

Dövlət Turizm Agentliyindən  bildirilib ki, tədbirlərdə Polşan turizm sənayesinin 70-ə yaxın nümayəndəsi iştirak edib. Görüşlər zamanı Azərbaycanın turizm potensialı, tarixi-mədəni irsi, təbiət və dağ turizmi, həmçinin qış turizmi imkanları barədə məlumat verilib.

Tədbirlər çərçivəsində keçirilən işgüzar görüşlərdə iki ölkənin turizm sektoru arasında əlaqələrin genişləndirilməsi və əməkdaşlıq imkanları müzakirə olunub.

“AVIAREPS” aviasiya, turizm və qonaqpərvərlik sahələrində fəaliyyət göstərən beynəlxalq təmsilçilik, marketinq və ictimaiyyətlə əlaqələr şirkətidir. 1994-cü ildə təsis olunan şirkət 71 ölkədə 76-dan çox ofis vasitəsilə fəaliyyət göstərir.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana səfər edən Polşa vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 13 faizdən çox artaraq 9 351 nəfər təşkil edib.

Polşadan Azərbaycana səfərləri dəstəkləyən amillərdən biri birbaşa hava əlaqəsidir. “LOT Polish Airlines” aviaşirkəti Varşava-Bakı marşrutu üzrə birbaşa uçuşlar həyata keçirir. Polşa vətəndaşları, həmçinin elektron viza sistemi vasitəsilə Azərbaycana səfər üçün viza əldə edə bilərlər.

Nəşr edilib : 09.10.2026 12:35