NAXÇIVAN :

25 Noyabr 2024, Bazar ertəsi

DİM: 700-dən çox namizəd dövlət qulluğuna qəbul imtahanında uğur qazanıb

...

Dövlət İmtahan Mərkəzi (DİM) inzibati icraçı vəzifələr (B növü) üzrə dövlət qulluğuna qəbul üçün oktyabrın 6-da keçirdiyi imtahanın nəticələrini açıqlayıb.

DİM-dən bildirilib ki, imtahan vermək üçün qeydiyyatdan keçmiş 2242 namizəddən 54 nəfəri imtahana gəlməyib. İmtahan nəticələrinə əsasən, BA1 altqrupu üzrə 3 nəfər, BA2 altqrupu üzrə 10 nəfər, BA3 altqrupu üzrə 28 nəfər, BA4 altqrupu üzrə 48 nəfər, BB1 altqrupu üzrə 102 nəfər, BB2 altqrupu üzrə 108 nəfər, BB3 altqrupu üzrə 177 nəfər, BB4 altqrupu üzrə 263 nəfər olmaqla, ümumilikdə 739 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun sertifikat veriləcək. Sertifikat 5 il qüvvədə olur.

İmtahanda uğur qazanan namizəd sertifikatı əldə etmək üçün oktyabrın 8-dən 21-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıda qeyd olunan sənədlərin “skan” edilmiş surətləri formaya əlavə edilir:

- ali təhsil haqqında sənədin surəti;

- əmək kitabçasının surəti (olduğu halda).

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 8 oktyabr saat 10:00-dan 10 oktyabr saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Namizədlərlə telefon vasitəsilə əlaqə saxlanılacaq. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Nəşr edilib : 07.10.2024 18:38