Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs ...
09:29 20.04.2025
0
0
0
NAXÇIVAN :
20 Aprel 2025, Bazar
Tarixboyu Azərbaycan qadınları ailədə, təhsildə, iqtisadiyyatda, siyasətdə və mədəniyyətdə öz fəaliyyətləri ilə seçilmişlər. Xüsusilə XX əsrin əvvəllərindən etibarən qadınların sosial həyatda iştirakı sürətlə artmış, onların hüquqlarının genişləndirilməsi istiqamətində bir sıra mühüm addımlar atılmışdır. Müasir dövrdə isə Azərbaycan qadınları ictimai, siyasi və iqtisadi sahələrdə fəal iştirak edərək cəmiyyətin inkişafına köməklərini göstərməkdədirlər. Müasir dünyamızda istənilən cəmiyyətin sürətli inkişafının təmin edilməsinin kökündə duran əsas məqamlardan biri tək güclü yox, həm də zərif cinsin nümayəndələrinin ictimai fəallıq dərəcəsindən və bunun üçün yaradılan şəraitdən bilavasitə asılıdır. Bəşər tarixi sübut edir ki, tərəqqisində qadınların da rol oynadıqları cəmiyyətin inkişaf dərəcəsi daha sivilizasiyalı, modern, sürətli xarakterə malikdir.
XX əsrin əvvəlləri Azərbaycan qadınlarının sosial həyatda rolunun daha da genişlənməsi ilə xarakterizə olunur. Xüsusilə 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüququnun verilməsi qadın azadlığının ən mühüm nailiyyətlərindən biri olmuşdur.
Sovet dövründə isə qadınların təhsilə, iş həyatına və ictimai fəaliyyətlərə cəlb olunması daha da genişləndi. Bu dövrdə Azərbaycan qadınları elm, səhiyyə, sənaye və digər sahələrdə çalışaraq ölkənin inkişafına töhfə verdilər, elm və mədəniyyət sahələrində böyük müvəffəqiyyətlər qazandılar.
Müstəqillik dövründə Azərbaycan qadınlarının sosial həyatda rolu daha da artdı. Bunun başılca səbəbi Ulu Öndərimiz Heydər Əliyevin yürütdüyü uğurlu qadın siyasəti idi. O, həyatın bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Ulu Öndər qadınların hüquqlarını qorumağı dövlət siyasətinin prioritetlərindən biri elan etdi. 1995-ci ildə qəbul edilən Azərbaycan Konstitusiyasında qadın və kişilərin bərabər hüquqları təsbit olundu. Ümummilli Liderin hakimiyyəti dövründə qadınların parlamentdə və icra hakimiyyəti orqanlarında təmsilçiliyi yüksəldi. O, qadınların dövlət idarəçiliyində daha fəal iştirakına təşviq edən çıxışlar edirdi. Dahi rəhbərin müəyyənləşdirdiyi qadın siyasəti Azərbaycan cəmiyyətində qadınların rolunu gücləndirdi, onların sosial, siyasi və iqtisadi həyatda daha fəal iştirakını təmin etdi. Uzun illərə hesablanmış bu siyasət dövrümüzdə uğurla davam etdirilir.
Qadınlar indi cəmiyyətin müxtəlif sahələrində – siyasət, biznes, elm, mədəniyyət və digər sahələrdə fəal iştirak edir, həmçinin müasir dünyamız üçün çox aktual olan iqlim fəaliyyətlərinin ön sıralarında gedir. Onlar iqlim fəalları kimi liderlik nümayiş etdirir, təşəbbüslər irəli sürürlər.
Müstəqil Azərbaycanda qadınların siyasi həyatda iştirakı daim artmaqdadır. Milli Məclisdə və Naxçıvan Muxtar Respublikası Ali Məclisində qadın deputatların sayı getdikcə çoxalır və onlar qanunvericilik proseslərində fəal iştirak edirlər. Bundan əlavə, qadınlar dövlət idarəçiliyində də mühüm vəzifələr tuturlar. Mehriban xanım Əliyevanın Azərbaycanın birinci xanımı və Birinci vitse-prezident kimi fəaliyyəti qadınların ölkə rəhbərliyindəki rolunun ən yaxşı nümunəsidir.
Azərbaycan qadınları bu gün iqtisadi sahədə də böyük mövqeyə malikdirlər. Bir çox qadın sahibkarlar biznes sahəsində uğurlar qazanaraq ölkə iqtisadiyyatına töhfə verirlər. Dövlətin qadın sahibkarlığının inkişafına dəstəyi nəticəsində qadınların iş dünyasında iştirak faizi artmaqdadır.
Elm və təhsil sahəsində də Azərbaycan qadınları mühüm rol oynayırlar. Elmi-tədqiqat müəssisələrində, universitetlərdə qadın akademiklər, professorlar və tədqiqatçılar çalışır. Azərbaycan qadınları beynəlxalq layihələrdə iştirak edərək ölkəmizi dünyada layiqincə təmsil edirlər.
Qadın həyatdır, anadır, gözəllik, ülvilik rəmzidir. Dünyanı gözəlləşdirən, həyatı mənalandırandır. Azərbaycan qadınının gözəlliyi, sədaqəti, mərdliyi, ana məhəbbətinin ülviliyi xalq yaradıcılığı nümunələrində, görkəmli sənətkarlarımızın əsərlərində dönə-dönə vəsf olunmuşdur. Böyük mədəni irsə malik olan Azərbaycan xalqı qadının ailədə və cəmiyyətdəki roluna daim böyük ehtiramla yanaşmışdır. Çünki həyatın elə bir sahəsi yoxdur ki, orada qadınlarımız olmasın. Bu sahələrin hər birində onlar uğurla çalışmaqla hamıya örnəkdirlər.
Nuray ƏLİYEVA
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı, filologiya elmləri doktoru
Digər xəbərlər