NAXÇIVAN :

16 Yanvar 2026, Cümə

Dekorativ-tətbiqi sənət növü: xalçaçılıq

...

Muxtar respublikamızda ömrünü müxtəlif peşələrə bağlamış insanlarla tez-tez görüşür, onların yaradıcılığı haqqında məlumat əldə edib oxucularımızla bölüşürük.  Onlardan biri də ­Ülviyyə Məmmədovadır.

Ülviyyə xanım uşaqlıq illərindən xalçaçılıq sənətinə bağlanıb. Bu ecazkar sənətin çətinliklərini görsə də, marağı onu bu sahədə uğurlar qazanmağa, saatlarla hana arxasında işləməyə sövq edib. “Atam mərhum Qədirullah Bağırov bu sənətə yiyələnməyimdə mənim dəstəkçim olub. Atam ömrünün 45 ilini rəssamlıq sənətinə həsr etmişdi. Səhhətində yaranan narahatlıqlara baxmayaraq, biz onu daim molbertin önündə görürdük. Ömrünün 20 ildən çoxunu isə xalçaçılıq sənətinə həsr etmişdi. Onlarla portret xalçaların müəllifi idi. Romantik şairimiz Hüseyn Cavidin 100 illiyinə həsr olunmuş xalçanın müəllifidir. Ümummilli Lider Heydər Əliyevin portret xalçası da onun ilhamının məhsuludur. Bir neçə dəfə Mustafa Kamal Atatürkün portret xalçalarını ərsəyə gətirmişdi. Memar Əcəminin portret xalçası da eləcə... Demək olar ki, evimizin divarlarını atamın xalçaları bəzəyirdi”, – deyir  Ülviyyə xanım.

Deyir ki, 9 yaşından bu sənətdədir. Qismət elə gətirib ki, o, Naxçıvan Dövlət Xalça Muzeyinə direktor təyin olunub. Bu gün xalçaçı rəssam Kamil Əliyevin adını daşıyan muzeydə onun xalçaçılığa olan marağı rəssamlığa olan marağını üstələyib. Ona görə də özünü xalça sənətində görməyə başlayıb. 2001-ci ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsini fərqlənmə diplomu ilə  bitirib.

Öyrəndik ki, Xalça Muzeyində bir neçə xalçanın çeşnisi   Ülviyyə Məmmədovaya aiddir: “Bu məni çox qürurlandırır. Ötən il muxtar respublikamızın 100 illik yubileyi təntənəli və yaddaqalan tədbirlərlə qeyd olundu. Biz də yubileyə öz töhfəmizi verdik. “Naxçıvan Muxtar Respublikası – 100” adlı xalçam maraqla qarşılandı. Çeşnisi mənə aid olan və Gülsüm Kəngərli ilə Rübabə Əliyeva tərəfindən toxunan həmin xalçanın Ötən il dekabrın 24-də Bakı şəhərində fəaliyyət göstərən Milli Xalça Muzeyinə təntənəli şəkildə təqdimat mərasimi keçirildi”.

Ülviyyə xanım deyir ki, həmişə al-əlvan rənglərdən istifadə etməyə çalışır. Naxçıvana aid olan xalça rənglərindən də ilhamlanır. İstəyir ki, həmin rəng tonları xalçalarında öz əksini tapsın. Onun sözlərinə görə, Naxçıvanda yun xalçalar daha çox üstünlük təşkil edir. Bununla yanaşı o, çətin ərsəyə gələn ipək xalçalar da toxumağa başlayıb. Qeyd edək ki, ipək xalçalar sifarişlə toxunardı. O xalçalar kiçikölçülü olurdu.

Xalçaçı rəssam deyir ki, çeşnilərində qədim Naxçıvanın xalça naxışlarından istifadə etməyə çalışır. Xüsusən də həndəsi motivlərə daha çox üstünlük verir. Əcəmidən miras qalan naxış elementlərinə daha çox yer ayırır. Doğma məkanımızın rənglərini özündə ehtiva edən Möminə xatun türbəsinin təbii rənglərinə də üstünlük verir. Bir xalçası da vardır ki, “Tənzərə” yallısını orada əks etdirib. O xalçanı 2019-cu ildə hazırlayıb. Xalçaçı xanımlarımız tərəfindən isə toxunub. Sərgilərdə çox maraqla qarşılanır həmin xalça.

Ülviyyə xanımla hana arxasında söhbət etdikcə muzeydəki bir-birindən dəyərli və gözəl xalçalara da baxırdım. Xalqımızın təfəkkür süzgəcindən süzülən, hər kəsə zövq verən bu sənətin davamçılarının əməyinin çətin olduğunu düşünürdüm. Onların qədim xalçaçılığa bağlılığı isə qəlbimdə xoş duyğular yaradırdı.

Son olaraq qeyd etmək lazımdır ki, tarixi minilliklərə sığan qədim xalça sənətimiz bu gün də yaşadılır. Elə Naxçıvan şəhərində fəaliyyət göstərən muzey bunun bariz ifadəsidir. Bu gün gənclərin də bu sahəyə marağının gündən-günə artması xalçaçılığın sabah da yaşayacağından soraq verir.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 13.08.2025 17:35