NAXÇIVAN :

02 Dekabr 2024, Bazar ertəsi

Daşlardan baxan tarix

...

VII əsrdə Dədə Qorqud, IX əsrdə Babək, XVI- XVII əsrdə Koroğlu... Bir tərəfdə Oğuz boylarını söyləyən ulu bir ozan, bir tərəfdə Vətəni yad əllərə buraxmayan igid bir sərkərdə, digər tərəfdə isə qəhrəmanlıq simvolunu özündə birləşdirən, “Vətəni necə qorumaq lazımdır?” sualını Çənlibelə yad əlləri    toxundurmayaraq göstərən Koroğlu... 
Tarix o zaman tarix olur ki, unudulmayaraq əbədiləşdirilir və gələcək nəsillərə ötürülür. Kitablar, jurnallar, qəzetlər, büstlər, məqbərələr və sərdabələr... Zamanın mancanağından keçərək ən yaxın tariximizdən tutmuş ulu tariximizə qədər ən incə detalları belə göz qabağına sərən ölməz sənət əsərləri. 
XII əsrdə Memar Əcəmi, XIX-XX əsrlərdə Mirzə Cəlil... Bir tərəfdə qayalara, daşlara ölməz naxışlar vuran, digər tərəfdə isə daşlaşan fikirləri naxışlayan bir söz memarı... Çoxömürlük bir tarixin ölməz şəxsiyyətləri... Və muxtar respublikanı bəzəyən həmin şəxsiyyətlərin əbədiyaşar heykəlləri... 
Həmin heykəllərin yanından keçərkən durub düşünürsən... Qəribədir... Görəsən həmin şəxsiyyətlər bir anlığa bizim yaşadığımız dövrdə canlansa idilər, nələri görərdilər? Bəlkə də, at belində olan Koroğlu və Babək qılınc əldə yağı düşmənə qarşı durar, Dədə Qorqud isə qopuz əlində indiki tariximizi dastana köçürərdi...
Sonra baxasan ki, Memar Əcəmi oturduğu yerdən Möminə xatın türbəsinə sevincdən yaşaran gözlərlə baxır... Ətrafında şəkil çəkdirən turistlər, gənclər, yaşlı sakinlər... Şərqdə qadının şərəfinə ucaldılan ilk abidəni seyr edirlər... Bəlkə də, yorğun memarın bu abidələri yaradarkən aldığı qızıllar onu belə xoşbəxt etməzdi... Əsl əməyinin qarşılıq gördüyünə və Yusif ibn Küseyr türbəsinin tənhalığına baxaraq fikirli halda oturduğu yerdən Naxçıvanın seyrinə davam edərdi... 
Dahi Mirzə Cəlilə gəldikdə isə... Bəlkə də, yenə mətbuatlar yaradar “Molla Nəsrəddin”in timsalında, iradlarını dilə gətirər, müəyyən qədər cəhalətdən çıxan indiki dövrümüzü isə tərif edərdi... Bu saydığım şəxsiyyətlər Azərbaycanın böyük şəxsiyyətlərindən yalnız bir qismidir... Sanki onlar bu diyarın daşlaşan sənətkarları və ölməz tarixinin yaşayan simvollarıdır...

Rafiq TƏHMƏZ

Nəşr edilib : 18.11.2024 17:29