“Məkkə yolu” təşəbbüsü çərçivəsində həcc səfəri pr...
23:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
19 Aprel 2026, Bazar
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə məhdud fiziki imkanlı və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi və satış yarmarkasının üçüncü günüdür. Sərgiyə baxarkən rəngarəng, çeşid-çeşid əl işlərinin içərisində daş tozundan hazırlanmış müxtəlif ölçülü heykəllər xüsusilə diqqətimi cəlb etdi. Yaxınlaşıb maraqlandıqda öyrəndim ki, bu gözəl əl işlərinin sahibi Naxçıvan şəhər sakini Çiçək Məmmədovadır. Zövqoxşayan sənət nümunələri ərsəyə gətirərək alıcı kütləsinə təqdim edən müsahibim 4 ildir bu işlə məşğuldur. Uşaqlıqdan heykəllərə xüsusi marağı olduğunu bildirən Çiçək xanım deyir: “Sosial şəbəkədə bir səhifədə belə əl işlərini gördükdə daha da həvəsləndim və öz-özümə dedim ki, niyə mən də başlamayım? Ailəmin dəstəyi ilə bu işə başladım. Demək olar ki, artıq Naxçıvanda ən çox çeşidlə festivallarda, sərgilərdə iştirak edənlərdən biri də mənəm. Bu işi çox sevirəm və bu artıq həyatımın bir parçasına çevrilib”.
Müsahibim bildirir ki, heykəllərin hazırlanmasında, əsasən, qəliblərdən, daş tozu və ya gipsdən istifadə edir. Qəlibləri, əsasən, Türkiyədən aldığını qeyd edən Çiçək xanım deyir ki, təəssüf ki, qəlib qiymətləri çox bahadır. Buna baxmayaraq, daha maraqlı əl işləri ortaya çıxarmaq üçün onlardan istifadə mütləqdir.
Sonrakı mərhələlərdə akril boyalar, vernik laklar, qoruyucu laklardan istifadə etdiyini söyləyən müsahibim rəng seçimində daha çox soyuq və tünd rəngləri sevsə də, alıcının zövqünü oxşamaq baxımından, demək olar ki, bütün rənglərə müraciət etdiyini bildirir və əlavə edir: “Bu iş nə qədər asan görünsə də, bəzən balaca bir heykəlin hazırlanması bir neçə gün çəkə bilir”.
Onlayn satışla da məşğul olan Çiçək xanım hazırladığı məhsulları hər kəsin əldə edə bilməsi üçün qiymətlərin münasib olduğunu və ölçüyə görə qiymətlərin dəyişdiyini söyləyir. Qeyd etməliyik ki, qiymətlər 4-20 manat aralığında dəyişir. Alıcı sarıdan məmnunluğunu ifadə edən müsahibim belə sərgi-satışların onların gəlir əldə etməsində xüsusi rola malik olduğunu bildirir: “Dövlətimizin, xüsusilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu yolda bizə dəstəyi böyükdür. Hər il təşkil olunan sərgi-satışlar əl işlərimizi tanıtmaqda, gəlir əldə etməmizdə bizə çox kömək edir”.
Söhbət əsnasında öyrənirik ki, Çiçək xanımın ən böyük arzusu şəxsi emalatxanasının və mağazasının olmasıdır. Biz də onun arzularına qoşulur, gələcəkdə işini daha da böyüdərək bu sahədə bol uğur qazanmasını diləyirik.
Türkanə ƏSƏDOVA
Digər xəbərlər