Naxçıvan Muxtar Respublikasının yeni kənd təsərrü...
21:43 21.05.2025
0
0
0
NAXÇIVAN :
21 May 2025, Çərşənbə
Dəyişkən geosiyasi proseslərin hökm sürdüyü bir zamanda etibar üzərində qurulmuş diplomatik münasibətlər nadir hallarda rast gəlinən uğurlu nümunələrdəndir. Məhz bu kontekstdə Prezident İlham Əliyevin Budapeştdəki çıxışı tərəfdaşlıq anlayışına yeni məna gətirən bir siyasi mesaj kimi dəyərləndirilə bilər. Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri bir daha göstərdi ki, Azərbaycan-Macarıstan münasibətləri etimadın, siyasi iradənin və strateji dəyərlərin təcəssümüdür.
Prezident İlham Əliyev çıxışında Azərbaycanla Macarıstan arasında oxşar coğrafi, demoqrafik və geosiyasi şəraitin olduğunu vurğulayaraq bu amillərin qarşılıqlı anlayış üçün zəmin yaratdığını bildirdi. Hər iki ölkə açıq dənizlərə çıxışı olmayan, regional münaqişələrlə üz-üzə qalan, lakin müstəqil siyasət yürütməkdə israrlı dövlətlərdir. Bu oxşarlıqlar münasibətlərin, sadəcə, maraqlara deyil, həm də dəyərlərə əsaslandığını göstərir.
Prezident İlham Əliyevin çıxışında xüsusi yer alan məsələ isə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyi və beynəlxalq hüquqa əsaslandığı İkinci Qarabağ müharibəsi ilə bağlı idi. Dövlət başçısı bir daha bəyan etdi ki, bu hərbi əməliyyatlar BMT Nizamnaməsinin 51-ci maddəsinə, yəni hər bir ölkənin özünümüdafiə hüququna əsaslanaraq həyata keçirilmişdir. Bu fundamental beynəlxalq hüquq norması Azərbaycanın hərəkətlərini legitimləşdirməklə yanaşı, ona qarşı olan qərəzli yanaşmalara qarşı da hüquqi qalxan rolunu oynadı. Macarıstanın Azərbaycanın bu mövqeyinə anlayış və dəstək göstərməsi isə onların ortaq hüquqi dəyərlərə əsaslanan diplomatik platforma üzərində əlaqələr qurduğunu göstərdi.
Postmüharibə dövründə Azərbaycan regionda sülhün bərqərar olması üçün konkret təşəbbüslərlə çıxış etdi. Sülh müqaviləsi üzrə ilkin mətnin məhz Azərbaycan tərəfindən təqdim olunması, dövlətin dialoqa və qarşılıqlı anlaşmaya sadiqliyinin göstəricisi idi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, sülh təşəbbüsləri birtərəfli deyil, məhz regionda davamlı sabitlik yaratmaq istəyindən qaynaqlanır. Macarıstanın da bu sülhpərvər mövqeyə dəstək verməsi, onun beynəlxalq münasibətlərdə prinsipial və konstruktiv tərəfdaş olduğunu sübut edir.
Bununla yanaşı, Prezident İlham Əliyev enerji sahəsindəki əməkdaşlıq məsələlərinə də diqqət çəkdi. Azərbaycanın Macarıstana qaz ixracına başlaması, Cənub Qaz Dəhlizi çərçivəsində Avropanın enerji təhlükəsizliyində oynadığı rolu daha da möhkəmləndirdi. Macarıstan şirkətlərinin Azərbaycanın “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” kimi böyük enerji layihələrində iştirakı isə enerji sahəsində qarşılıqlı etimadın dərinliyini göstərir. Bundan əlavə, “yaşıl enerji” sahəsində həyata keçirilən təşəbbüslər, xüsusilə də 6 min meqavatlıq hədəf – Azərbaycanın texnoloji transformasiya və ekoloji məsuliyyət baxımından da regional liderliyə iddialı olduğunu sübut edir. Avropa Komissiyasının Azərbaycanı Pan-Avropa qaz təchizatçısı kimi tanıması isə bu əməkdaşlığın beynəlxalq əhəmiyyət kəsb etdiyini təsdiqləyir.
Prezident İlham Əliyevin Budapeştdəki çıxışı və onun arxasında dayanan siyasi mesajlar Azərbaycan-Macarıstan münasibətlərinin mahiyyətini aydın şəkildə ortaya qoyur. Bu münasibətlər nə, sadəcə, iqtisadi maraqlara, nə də rəsmi sənədlərə dayanır. Əsas dayağı etibardır. Etibar isə yalnız çətin dönəmlərdə, dostluğun sınandığı anlarda formalaşır. Məhz buna görə də Prezident İlham Əliyev bir daha sübut etdi ki, etibar diplomatiyanın əsas sütunudur.
Əziz QASIMOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər