Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Muxtar respublikamızın səfalı bölgələrindən biri olan Şahbuzun dağlar qoynunda yerləşən sərt qayaları, gur bulaqları, təmiz havası, barlı-bəhərli meyvə bağları, alimləri, həkimləri, ziyalıları ilə tanınan Kükü kəndi həm də brendə çevrilən alması ilə məşhurdur. Qışı mülayim, yayı isə sərin keçən bu kənddə məhsuldarlığın çox olması məhz bu səbəbdəndir. Kəndin dörd bir tərəfi cəviz, armud, alma ağacları ilə çevrələnib. Küküyə gedərkən hansı həyətə daxil olsan, orada mütləq alma yetişdirildiyinin şahidi olarsan. Kükünün simvoluna çevrilən məşhur alması daxili bazarda ad ilə tanınır və geniş alıcı kütləsinə sahibdir.
“Alma almaya bənzər”, – deyilsə də, gur bulaqlardan axan sərin sulardan içən bu almalar görünüşü, dad-tamı ilə digərlərindən çox fərqlənir. Kənddə konfet alma, banan alma, qovun alma, qış qızılı, belflor, toz alma, palmet, şafran və sair bu kimi, təxminən, 20 növdə alma sortu becərilir. Bu növlər içərisində məhsuldarlığı yüksək olan sortlar, əsasən, konfet, söyüd, toz alma və başqalarıdır. Kükü almasına “Cənnət alması” da deyilir. Bu almanın tərkibi vitaminlərlə zəngin olduğundan əsl can dərmanıdır, – desək yanılmarıq.
Ümumiyyətlə, almanın insan sağlamlığı üçün faydaları saymaqla bitmir. Belə ki, alma xərçəng, xolesterol kimi xəstəliklərin riskinin azaldılması və qarşısının alınmasında xüsusi əhəmiyyət daşıyır. Nahar yeməyindən əvvəl yeyilən alma qabığıyla, bişirilmiş halda qəbul edildikdə qəbizliyi aradan qaldırır. İçindəki C vitamini sayəsində immun sistemi gücləndirir. Qastritdən qaynaqlanan mədə yanmalarını yüngülləşdirir. Səhər ac qarına yeyilən bu meyvə qanı təmizləyir və toksinləri atmağa yardımçı olur. Ürək qan-damar, mədə-bağırsaq sistemi xəstəliklərinə xeyri olduğu kimi, həmçinin soyuqdəymə və öskürəyə, yuxusuzluğa, ağız, damaq sağlığına da faydalıdır. Diabet riskini azaldır.
Bu möcüzəvi meyvənin çəyirdəyi belə min bir dərdin dərmanıdır. Alma çəyirdəyinin tərkibi B17 vitamini yod və kaliumla zəngindir. Çəyirdəyin tərkibindəki fol turşusu qanın tərkibini təmizləməklə dəriyə müsbət təsir edir.
Kükü alması təbii şəraitdə, gübrəsiz yetişdiyindən xüsusi tələb görür. Kənddə bu meyvə o qədər boldur ki, onu müəyyən şəraitdə saxlayaraq bir neçə ay istifadə edə bilirlər. Belə ki, oktyabr ayında yığılan məhsulu iyun ayına kimi saxlayıb istifadə etmək olur. Bizi maraqlandıran məqamları öyrənmək üçün kənd sakini Gülməmməd Səfərovla həmsöhbət olduq. Həyətyanı sahəsində alma bağı olan müsahibim, təxminən, 16 ildir ki, alma yetişdirməklə məşğul olduğunu söyləyir. O deyir: – Şükürlər olsun ki, uzun illərdir, çəkdiyim zəhmətin bəhrəsini görürəm. Daha çox banan, amerika sortu dediyimiz qırmızı alma, belflor, qış qızılı, keçmişdə Ağcabədi tərəfdən gətirilmiş toz alma dediyimiz növləri yetişdirirəm. Ən çox məhsul verən alma sortları da məhz bu saydıqlarımdır. Daha bol və keyfiyyətli məhsul götürmək üçün baxımına xüsusi diqqət edir, yazda budama işləri aparır və 2 dəfə dərmanlama edirik. Dərmanlama prosesi, əsasən, ağac çiçəyini tökən zaman, bir də meyvə yetişərkən həşəratlar ziyan vurmasın deyə aparılır. Növündən asılı olaraq 6 - 10 il arası ağacların bar verdiyini söyləyən həmsöhbətim qeyd edir ki, “qızıl-əhmədi” növü adlanan meyvə növünü artıq 7 ildir, əkməyimə baxmayaraq, hələ bəhrəsini görməmişəm.
Sentyabrın əvvəlindən oktyabr ayının ortalarınadək yığım aparırıq. Təbii ki, əvvəlcə məhsulun saxlanması üçün yer hazırlayırıq. Bunun üçün, təxminən, 2-3 metr enində və eyni uzunluqda yer qazıb ora 1 metr 20 santimetr ölçüsündə divar hörürük üstünü dam örtüyü qaydasında, yəni dik şəkildə düzəldib baca qoyuruq. Məhsul yığılmazdan bir həftə öncə həmin yerə su doldururuq və gözləyirik ki, o su çəkilsin və nəmişlik yaransın. Su almanı şəffaf saxlamaq və xarab olmağının qarşısını almaq üçün lazımdır. Zirzəmidə yeşiklərdə də saxlamaq mümkündür. Almanı sağlam şəkildə saxlamaq üçün əsas şərtlərdən biri də onun mütləq saplaqlı qoparılmasıdır. Daha sonra müsahibim söyləyir ki, almadan mürəbbə, sirkə və sair hazırlayıb istifadə edirik. Sağ olsun, dövlətimiz əziyyətlə yetişdirdiyimiz məhsulu satmaq üçün bizə hər cür imkan yaradıb və biz şənbə-bazar günləri öz məhsulumuzu alıcılara təqdim edirik.
Öz halal zəhməti ilə bərəkətli torpaqlarımızda belə şəfalı nemətlər əkib-becərən, vitaminlərlə zəngin bu gözəl məhsulu süfrələrimizə gətirən zəhmət adamına təşəkkür edir, “Məhsulunuz bərəkətli olsun!” – deyirik.
Türkanə ƏSƏDOVA
Digər xəbərlər