NAXÇIVAN :

05 Dekabr 2024, Cümə axşamı

Culfadakı abidənin Britaniya ekspedisiyasındakı əksi

...

Təsadüfən əlimə keçən tarixi bir kitabda bir şəkil diqqətimi çəkdi. Bunun da səbəbi həmin şəklin Gülüstan türbəsi olması idi. İngilis dilində olan mətnin tərcüməsinə ehtiyac duydum. Qənaətimdə yanılmadığımı gördüm. Bu məsələ də həllini tapdı. Bunun üçün mənə köməklik göstərən ziyalılarımıza minnətdarlığımı bildirirəm. “Şərq qapısı” qəzetinin əməkdaşı kimi oxucularımıza da bu kitabda özünə yer almış bəzi faktlar haqqında məlumat vermək istədim.

Məlumdur ki, qədim diyarımız Naxçıvan mövcudluğunun bütün dövrlərində tarixçilərin, səyyahların diqqət mərkəzində olub. Onlar bu yurd yerimiz haqqında gördüklərini, burada yaşadıqları təəssüratları qələmə alıblar. Təəssüf ki, bəzi hallarda təhrif olunmuş şəkildə. Ancaq xalqımızın ziyalıları həmişə tariximizin təhrif edilməsinə etiraz səslərini ucaldıblar. Bunlar məsələnin bir tərəfidir. Belə ki, 1835, 1836 və 1837-ci illərdə Britaniya hökumətinin sifarişi ilə Dəclə və Fərat çaylarının tədqiqi ilə bağlı ekspedisiya təşkil olunub. Ekspedisiya materialları 1850-ci ildə toplanaraq kitab şəklində nəşr edilib. “Dəclə və Fərat çaylarının ekspedisiyası” adlı həmin kitabda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Gülüstan kəndindən – şərqdə, Araz çayından 100 metr şimalda qırmızı qumdaşından inşa edilən eyniadlı türbənin tuş-peru texnikası ilə işlənmiş qrafik təsviri yerləşdirilmişdir. Əsərin o dövrdə səyyah kimi bu ərazilərdə olmuş ingilis generalı və kəşfiyyatçısı Françis Ravdon Çesney tərəfindən çəkildiyi təxmin edilir. Rəsm əsərində XIII əsr memarlıq abidəsi olan Gülüstan türbəsinin günbəzi uçulmuş formada görünür. Günbəzi uçuq halda olan türbənin üzərində isə quşlar yuva salıb. Əsərdə Arazboyu abidələrdən Şah Abbas, Ziya-ül Mülk körpüləri və karvansaranın qalıqlarını görmək mümkündür. Eləcə də həmin ərazidə at belində durmuş şişpapaqlı yadelli əsgərlər də təsvir olunmuşdur. Üç atlıdan birinin baş geyimi digərlərindən forma etibarilə fərqlənir.

Yuxarıda qeyd etdiyimiz kimi, tarixi yurd yerlərimizə zaman-zaman səyyahlar gəlsə də, öz qeydlərində həmişə düzgün mövqe bildirməmişlər. Adıçəkilən bu kitabda da, təəssüf ki, Azərbaycan ərazisi bədnam qonşumuz olan Ermənistanın ərazisi kimi göstərilir. Qeyd edək ki, Şərq memarlığı üslubunda ucaldılan Gülüstan türbəsi Əcəmi memarlıq məktəbinin təsiri ilə ucaldılmış qülləvari türbələr siyahısına aiddir. Atalar deyib ki, yalan ayaq tutar, amma yeriməz.

Gülüstan türbəsi bu torpaqların kimə aid olduğunu bir daha təsdiq edir.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 03.12.2024 16:00