NAXÇIVAN :

27 Noyabr 2024, Çərşənbə

COP29 Sədrliyinin nümayəndələri ilə görüş keçirilib

...

Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil qərargahında COP29 Sədrliyinin nümayəndələri ilə görüş keçirilib.
 Qoşulmama Hərəkatına (QH) üzv dövlətlərin gənclərinin dayanıqlı inkişafla bağlı müasir çağırışlarda fəallığına şərait yaradan platforma olaraq QHGT COP29-un qlobal iqlim danışıqlarında əhəmiyyətini yüksək dəyərləndirir. Bu xüsusda keçirilən görüş QHGT-nin Milli Bölmələri arasında COP29 barədə məlumatlılığın artırılması, COP29 Sədrliyinin fəaliyyət gündəliyi və QHGT ilə COP29 Sədrliyi arasında əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyıb.
Görüş QHGT-nin mənzil qərargahı və qərargah daxilində fəaliyyət göstərən Tədqiqat Mərkəzi ilə tanışlıqla başlayıb. COP29 Sədrliyinin nümayəndələri QHGT-nin əməkdaşları ilə tanış olaraq Təşkilatın son dövrlərdə həyata keçirdiyi tədbirlər barədə məlumat alıblar. Tədbir QHGT-nin sədri, COP29-un İqlim üzrə gənclər çempionu Leyla Həsənovanın salamlama nitqi ilə açılıb. Sonra, COP29-un prezidenti, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29 Sədrliyinin prioritetləri və fəaliyyət istiqamətləri barədə gənclərə ətraflı məlumat verib. Ardınca, COP29-un aparıcı müzakirəçisi, Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyev gənc liderlərin perspektivlərinin beynəlxalq miqyasda təmsil olunmasının əhəmiyyətini qeyd edib.

Gənclərin iqlim təşəbbüslərində iştirakının vacibliyini vurğulayan L.Həsənova yekun çıxışında COP29-un QH gənclərinin qlobal iqlim dialoquna töhfə verməsinə də geniş imkanlar yaratdığını bildirib. Tədbir interaktiv sual-cavab sessiyası ilə yekunlaşıb.

Qeyd edək ki, Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə yaradılıb. 2022-ci ilin iyulunda 60 dövlətin gənc nümayəndəsinin iştirak etdiyi QH Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə ilk dəfə keçirilən QH Gənclər Sammiti zamanı Şəbəkənin Təşkilata çevrilməsinə dair yekun sənəd olan Şuşa Akkordu qəbul edilib. Hazırda, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Üzv Dövlətlər üzrə 58 milli bölmə nəzdində fəaliyyət göstərən yüzlərlə fəal üzvü Qoşulmama Hərəkatına üzv ölkələr arasında beynəlxalq dialoqa təkan verir.

Nəşr edilib : 20.05.2024 21:53