NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

COP29 həm də milli mədəniyyətimizin təbliğatçısı oldu

...

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamında da qeyd olunduğu kimi, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsidir. Ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin olunması, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji zonası” elan olunması məsələlərinin rəsmi problem kimi ortaya qoyulması COP29 tədbirinin ölkəmiz üçün böyük əhəmiyyətindən xəbər verir. Ölkəmizin ev sahibliyi etdiyi bu möhtəşəm tədbir çərçivəsində dünyanın hər yerindən gəlmiş qonaqlar iqlim dəyişikliyi və ekoloji problemlərin müzakirəsi ilə bağlı məsələlərlə yanaşı, zəngin milli mədəniyyətimizlə də tanış olurlar. Konfrans mədəniyyət və incəsənət tədbirləri iqlim dəyişikliyi, ekoloji problemlər və davamlılıq mövzularının ictimaiyyətə çatdırılmasında güclü bir vasitədir. Tədbirin bədii hissəsində təqdim olunan UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Azərbaycan muğamı, milli rəqslərin təqdimatı, Azərbaycanın klassik bəstəkarlarının musiqilərindən ibarət simfonik çıxışlar, ekoloji mövzulu sənət sərgiləri, təbiət və iqlimlə əlaqəli teatr tamaşaları, milli mətbəximizin təqdimatı mədəniyyətimizi  yüksək səviyyədə təmsil edib.

Tədbirdə təmsil olunan xarici ölkələrin nüfuzlu nümayəndələrinin  kütləvi informasiya vasitələrindəki müsahibələrindən məlum olur ki, Azərbaycanımızın milli-mənəvi dəyərlərini əks etdirən müxtəlif çeşidli mədəniyyət tədbirləri, xalqımızın mədəniyyəti və mentaliteti haqqında onlarda gözəl təəssüratlar  formalaşdırıb. Bu mənada, mədəni tədbirlər azərbaycanlı kimliyinin və qədim, köklü tarixə malik olan mədəniyyətimizin dünyaya çatdırılmasında əvəzsiz rol oynayır. Azərbaycanın zəngin mədəni irsi və müasir inkişafı COP29 çərçivəsində dünya ictimaiyyətinə həm milli, həm də qlobal dəyərləri bir araya gətirən nümunəvi bir platforma təqdim edir.

Gülxarə ƏHMƏDOVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 16.11.2024 18:18