NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

COP29 çərçivəsində “Korporativ dayanıqlılıq və iqlim fəaliyyəti” mövzusunda seminar təşkil edilib

...

Bakıda keçirilən COP29 iqlim sammiti çərçivəsində “Korporativ dayanıqlılıq və iqlim fəaliyyəti” mövzusunda seminar keçirilib.
"Şərq qapısı" xəbər verir ki, seminar COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq şəraitində baş tutub.

Dövlət qurumlarının nümayəndələri, yerli və xarici şirkətlərin təmsilçilərinin iştirak etdiyi tədbirdə iqlim dəyişikliyinin biznes sektoru üzərindəki təsirlərini və korporativ dayanıqlılığın bu təsirlər qarşısında oynadığı rolu müzakirə edilib. Natiqlər təmsil etdikləri şirkətlərin innovativ texnologiyalar, dayanıqlı layihə və fəaliyyət proqramları ilə iqlim dəyişiklikləri ilə mübarizədə həyata keçirdikləri tədbirlər, innovativ biznes yanaşmaları, müasir çağırışlara əsaslanan gələcəyə yönəlmiş investisiya və təşəbbüslərdən bəhs ediblər.
“Deloitte” şirkətinin “Green Space Tech” təşəbbüsünün Braziliya üzrə aparıcı partnyoru, innovasiya və dayanıqlılıq strategiyası sahəsində aparıcı məsləhətçisi Maria Peres bildirib ki, korporativ dayanıqlılıq və iqlim fəaliyyəti mövzuları qlobal əhəmiyyət daşıyır və biznes sektorunun bu istiqamətdə aktiv iştirakını tələb edir. O qeyd edib ki, bu tədbir iqlim dəyişikliyi ilə mübarizədə şirkətlərə yeni imkanlar və strateji perspektivlər təqdim edə bilər.
“GreenTech” şirkətinin sədri, “Qarabağ” FK-nın prezidenti, “İnkişaf üçün Tahir Gözəl Təşəbbüsü”nün (TGID) prezidenti və təsisçisi Tahir Gözəl çıxışında qeyd edib ki, idman və biznes sektorları iqlim dəyişikliyi ilə mübarizədə öz töhfələrini verməlidirlər. O vurğulayıb ki, korporativ dayanıqlılıq yalnız biznes sektorunun deyil, eyni zamanda, cəmiyyətin müxtəlif sahələrinin qarşılıqlı əməkdaşlığı ilə güclənə bilər.
“Spiro” şirkətinin həmsədri Kauşik Burman bildirib ki, korporativ dayanıqlılıq və iqlim fəaliyyəti mövzuları yalnız fərdi təşkilatların deyil, qlobal əməkdaşlığın tələb etdiyi bir məsuliyyətdir. O qeyd edib ki, şirkətlər və qurumlar ekoloji təsirləri azaltmaq, dayanıqlı resurslardan istifadə etmək və karbon izlərini minimuma endirmək üçün birgə fəaliyyət göstərməlidirlər. Bildirilib ki, bu tədbir müxtəlif sahələrdən olan iştirakçıları bir araya gətirərək ortaq layihələr və innovativ həllər formalaşdırmaq üçün unikal bir platforma yaradır.
ABB-nin İdarə Heyətinin sədr müavini Taleh Tahirli diqqətə çatdırıb ki, Azərbaycan bankı olaraq, korporativ dayanıqlılıq və iqlim dəyişikliyi ilə mübarizəyə xüsusi əhəmiyyət verirlər. O bildirib ki, ABB dayanıqlı maliyyə həlləri təqdim edərək, ekoloji və sosial məsuliyyəti prioritet tutan layihələri dəstəkləyir. Vurğulanıb ki, iqlim dəyişiklikləri ilə mübarizədə bank sektorunun rolu böyükdür.
Tədbirin sonunda iştirakçılar iqlim fəaliyyətinin gücləndirilməsi istiqamətində konkret addımların atılması və gələcəkdə reallaşdırılması planlaşdırılan layihələr barədə müzakirələr aparıblar.

Nəşr edilib : 12.11.2024 12:52