NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Çingiz Mustafayev xatirələrdə

...

“İmkanı olmayan tələbələri təmənnasız sanatoriyaya yazardı”

Kiçik bir videokamera, gizlədilməyə çalışılan soyqırım, tibb sahəsindən jurnalistikaya gedilən yol... Bunlar deyilərkən şübhəsiz ki, bir çox insanın ağlında artıq o sima canlanmağa başladı. Xocalı soyqırımının gərçək dolu üzünü açıq-aydın dünyaya sübut edən Çingiz Mustafayev...

Bu gün - 29 avqust tarixi Çingiz Mustafayevin dünyaya gəldiyi gündür. 31 yaşında idi vətən onu çağıranda, yarım qalmış xəyalları, arxada buraxdığı ailəsi var idi. Atasının təhriki ilə hərbi məktəbə, oradan da müntəzəm orta məktəbə keçən Çingiz anasının istəyi ilə Azərbaycan Tibb İnstitutuna daxil olmuşdu. Amma o hər zaman özünü islahatçı-novator olaraq  görürdü...

Keçən yay tətili zamanı paytaxt Bakı şəhərində idim. Böyük dayımla söhbətləşən zaman azadlıq hərəkatları və soyqırımlardan söhbət düşdü. Hər kəs kitablardan oxuduğu hadisələri danışsa da sonda həqiqəti dayımdan öyrənirik. Çünki o, həmin dövrün şahidlərindən idi. Hamin zamanlarda dayım Naxçıvandan Bakı şəhərinə oxumaq üçün getmişdi. Birdən mövzu Çingiz Mustafayevə gəldi... Dayım Çingiz Mustafayevlə bağlı xatirələrindən daışırdı. Mən isə diqqət və maraq içərisində dinləyirdim.

Dayım deyirdi ki, mən tələbə olan vaxtı Çingiz Mustafayev İnşaat Mühəndisləri İnstitutunun yataqxanasında baş həkim işləyirdi. Yataqxananın 5 korpusu var idi. Yataqxanaların biri də nisbətən kənarda yerləşirdi. 5 mərtəbəli yataqxana. Bütün institutun tələbə sanatoriyası həmin binada idi. Rəhmətlik Çingiz Mustafayev də orada baş həkim işləyirdi. Gedərdik ora, adımızı yazdırardıq həmin sanatoriyaya. Biz getmiyən vaxtı da özü bizi sanatoriyaya çağırardı. Səhər, günorta və axşam yeməklərini orada yeyirdik. Kompüter oyunları hələ təzə-təzə çıxırdı. Sanatoriyada olanda Çingiz Mustafayev bizim üçün müxtəlif oyunlar da təşkil etmişdi. Üstəlik çox vətənpərvər adam idi. Vətənpərvərlikdən əlavə insan idi.

Sanatoriyaya gedib onunla söhbət edərdik. Bütün tələbələrə qayğı göstərərdi. O vaxt təxmini 17 manat ödəyüb sanatoriyadan qeydiyyatdan keçərdik. Çox zaman da imkanı olmayan, ailəsindən uzaq olan tələbələri özü yanına çağırıb təmənnasız sanatoriyaya yazırdı. Tələbələrin qayğısına çox qalırdı. Gözəl insan idi. Çox gözəl insan idi... 90-cı illərdə isə bütün məşğuliyyətlərini və işini atıb cəbhəyə yollanmışdı. Bir müddət sonra da xəbər çıxdı ki, həlak olub...

Rafiq TƏHMƏZ

Nəşr edilib : 29.08.2024 09:53