NAXÇIVAN :

24 Yanvar 2025, Cümə

Cinayət Məcəlləsinə dövlət satınalmaları haqqında qanunvericiliyi pozmaya görə dəyişiklik olunur

...

Cinayət Məcəlləsinə dövlət satınalmaları haqqında qanunvericiliyi pozmaya görə dəyişiklik edilir.

"Şərq qapısı" xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Dəyişikliyə əsasən, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, satınalan təşkilatın vəzifəli şəxsi tərəfindən satınalma prosedurları keçirilmədən, habelə nəzarət orqanının razılığı tələb olunan satınalma metodlarını belə razılıq olmadan tətbiq etməklə və ya keçirilmiş satınalmanın nəticələri haqqında yekun protokol nəzarət orqanı tərəfindən təsdiq edilmədən bağlanılmış müqavilələr əsasında maliyyə vəsaitlərinin xərclənməsi, bu əməllər xeyli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Eyni zamanda, satınalan təşkilatın vəzifəli şəxsi tərəfindən ərzaq məhsullarının (dövlət ehtiyatları üçün alınan ərzaq məhsulları istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınmasının, habelə müdafiə və ya dövlət təhlükəsizlik ehtiyacları ilə bağlı satınalmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş satınalma prosedurları keçirilmədən baş tutması, bu əməllər xeyli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

"Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, satınalan təşkilatın vəzifəli şəxsi tərəfindən həmin Qanunda müəyyən edilən maraqlar toqquşması ilə bağlı tələblərə cavab verməyən təchizatçı ilə satınalma müqaviləsi bağlanılaraq maliyyə vəsaitlərinin xərclənməsi, bu əməllər xeyli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dəyişikliyə əsasən, bu Məcəllənin 308-2.1-308-2.3-cü maddələrində nəzərdə tutulmuş əməllər:

- qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;

- təkrar törədildikdə;

- külli miqdarda ziyan vurduqda;

- hədə-qorxu tətbiq olunmaqla törədildikdə,

cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qeyd edək ki, bu Məcəllənin 308-2.1-308-2.3-cü maddələrində "xeyli miqdar" dedikdə əlli min manatdan iki yüz əlli min manatadək olan məbləğ, bu Məcəllənin 308-2.4.3-cü maddəsində "külli miqdar" dedikdə isə iki yüz əlli min manatdan yuxarı olan məbləğ başa düşülür. Həmçinin bu Məcəllənin 308-2-ci maddəsində "nəzarət orqanı" və "satınalan təşkilat" dedikdə "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan nəzarət orqanı və satınalan təşkilatlar başa düşülür.

"Dövlət satınalmaları haqqında" yeni Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə mindikdən sonra "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının 27 dekabr 2001-ci il tarixli Qanunu ləğv edilib. Təqdim edilən Qanun layihəsi "Dövlət satınalmaları haqqında" yeni Qanunun icrası məqsədilə hazırlanıb.

Nəşr edilib : 24.01.2025 11:30