NAXÇIVAN :

09 Sentyabr 2026, Çərşənbə

Ceyhun Bayramov: Bulvarın bəlli ərazilərində Xəzərdəki azalmaları aşkar görmək mümkündür

...

Bulvarın bəlli ərazilərində Xəzər dənizindəki azalmaları aşkar görmək mümkündür.

"Şərq qapısı"nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsinin (CW4) yüksəksəviyyəli açılış mərasimində deyib.

Onun sözlərinə görə, dünyada hazırda sürətli ekoloji dəyişikliklər baş verir.

"Bu dünyanın hər bir yerində, o cümlədən regionumuzda baş verir. Bunun ən bariz nümunəsi Xəzər dənizidir. Bulvarın bəlli ərazilərində Xəzər dənizindəki azalmaları aşkar görmək mümkündür, bütün bunlar iqlim dəyişikliyinin göstəricidir".

Nazir bildirib ki, iqlim dəyişikliyi fonunda baş verənlər iqtisadi sabitlik və davamlılıq öz aktuallığını artırır: "Düşünürəm ki, Bakı İqlim Həftəsi bu kontekstdə ciddi müzakirə platformasıdır".

C.Bayramov əlavə edib ki, Azərbaycan iqlim müzakirələrini davamlı olaraq aparmaqda qətiyyətlidir:

"Azərbaycan özünün bərpa olunan enerji sistemini genişləndirməkdədir. 2030-cu ilə doğru bu istiqamətdə bir sıra sazişlər imzalanıb və imzalanması planlaşdırılır. Azərbaycan qlobal enerji potensialını 2030-a qədər 3 dəfə artırmağı məqsəd kimi təyin edib".

Azərbaycanın iqlim məsələlərindəki mövqeyinə sadiqliyini vurğulayan nazir bu kontekstdə Bakıda keçirilən COP29-un uğurunu xatırladıb:

"Biz hazırda Türkiyə və digər ölkələrdən həmkarlarımızla aktiv fəaliyyət göstəririk. Bu gün də iqlim mütəxəssisləri Bakıdadır, məqsəd yenə də eynidir. Sözsüz, COP31-ə qədər bu dinamikanı qorumaq prioritet məsələdir. Azərbaycan qardaş Türkiyəyə COP31-də lazımi dəstəyi davam etdirəcək. Düşünürük ki, COP31 iqlim məsələlərinin həlli üçün mühüm platformaya çevriləcək".

Nəşr edilib : 09.09.2026 12:07