Azərbaycan gimnastları Dünya Kubokunda növbəti qız...
21:14 18.10.2026
0
0
0
NAXÇIVAN :
19 Oktyabr 2026, Bazar ertəsi
(portret oçerk)
Azərbaycan tarixində silinməz iz qoymuş fədakar qadınlarımız sırasında Turan xanım Cavidin xüsusi yeri var. Ömrünü atasının zəngin ədəbi-bədii irsinin qorunmasına, tanıdılmasına və gələcək nəsillərə çatdırılmasına həsr edən Turan xanım Cavidlər ailəsinin sonbeşiyi, Hüseyn Cavidin yeganə qız övladı idi. Turan sevdalısı olan bir ailədə dünyaya göz açan qızına atası məhz bu adı vermişdi. Hələ uşaqlıq illərindən qəlbində ədəbiyyata, incəsənətə və mədəniyyətə böyük sevgi bəsləyən Turan xanımın dünyagörüşünün, bədii zövqünün və mənəvi aləminin zənginləşməsində ailə mühitinin müstəsna rolu olmuşdu. Evlərində tez-tez təşkil edilən ədəbi-bədii gecələr, yaradıcı ziyalılarla keçirilən görüşlər onun yaddaşında silinməz izlər buraxmışdı. Uşaqlığının ən unudulmaz, ən doğma xatirələri atasının zəngin ədəbi irsi, sənətə və sözə böyük ehtiram bəslənən ailə mühiti ilə bağlı idi. Zaman keçdikcə uşaqlıqdan qəlbində kök salan bu sevgi Turan xanımın həyat amalına çevrildi. O, yalnız böyük bir sənətkarın qızı deyil, həm də onun irsinin yorulmaz qoruyucusu, adının və xatirəsinin yaşadılması uğrunda mübarizə aparan fədakar bir ziyalı kimi tarixə düşdü.
1923-cü ilin soyuq bir oktyabr günündə dünyaya göz açmışdı Turan xanım. Gələcəkdə yüzlərlə ailə kimi Cavidlər ailəsinin də həyatını alt-üst edəcək repressiya dalğasından xəbərsiz, qayğısız, saf bir uşaqlıq keçirirdi. Bakının mərkəzində yerləşən sadə mənzillərində təşkil olunan ədəbi məclislər, atasının dostları – Mikayıl Müşfiq, Əhməd Cavad və Seyid Hüseynlə səmimi münasibətləri onun uşaqlıq illərinin ən unudulmaz xatirələrinə çevrilmişdi.
İlk təhsilini Bakı şəhərindəki 189 saylı məktəbdə alan Turan xanım Azərbaycan Dövlət Teatr İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdi. Əmək fəaliyyətinə İkinci Dünya müharibəsinin ağır illərində – 1942-1943-cü illərdə Azərbaycan Radio Verilişləri Komitəsində başlamış, sonra müxtəlif sahələrdə çalışmışdı. Lakin onun uşaqlıq xatirələrinin ən ağrılı səhifəsi atası ilə son görüşləri idi. Bu görüşlərdən biri 1939-cu ilin yay gecələrinin birində – NKVD əməkdaşlarının evlərinə basqın etməsindən cəmi bir neçə saat əvvəl baş vermişdi. Həmin gecə evdəki səs-küyə ilk olaraq qardaşı Ərtoğrol oyanmışdı. Turan xanım isə baş verənlərdən xəbərsiz, şirin yuxusunda idi. O hələ qarşıdakı dəhşətlərin, ailəsini gözləyən ayrılığın və iztirabların fərqində deyildi. Ancaq o gecənin səhəri Cavidlər ailəsinə aydınlıq deyil, əbədi bir zülmət gətirdi. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavid “vətən xaini” damğası ilə həbs edilərək sürgünə göndərildi. Beləcə, bir ailənin taleyinə ağır sınaqlar yazıldı. Dünənədək ədəbi söhbətlərin, sənət və ziyalı mühitinin işığında keçən həyat bir anda qorxu, ayrılıq və ümidsizliklə əvəz olundu. Cavidlər ailəsi üçün ən ağır günlər məhz bundan sonra başladı...
Turan xanım mətbuata verdiyi müsahibələrində atasının həbs olunduğu gecəni xatırlayaraq deyirdi: “...Onlar atamı aparmağa gələndə mən evdə yatmışdım. Ertəsi gün yuxudan duranda atamı evdə görmədim. Onlar gecə gəlmiş və mənim yatdığım otaqdan başqa otaqların hamısını axtarmışdılar. Hətta mətbəxə belə keçmişdilər. Biz də hələ də onun həbsinə aid olan orderin surəti və onların müsadirə etdikləri şeylərin siyahısı durur. Bura onun pasportu, doğum şəhadətnaməsi, 5 qeyd dəftəri, şəxsi yazışmaları, 23 şəkli, ərəb, fars və türk dillərində olan 115 kitabı və bir dolu səbət əlyazmaları daxil idi. Bəziləri deyirlər ki, atam həbs olunacağından əvvəlcədən şübhələnibmiş, amma mən buna inanmıram. Əgər o bunu hiss etsəydi, əlyazmalarını evdən götürüb başqa yerdə saxlayardı. O, həbs olunan gecə yazılarını qorumaq istədi, amma onlar buna imkan vermədilər. Həmin əlyazmaların müsadirəsi çox böyük itki oldu. Onlar heç vaxt nəşr olunmamışdı. Biz onların məzmununun nədən ibarət olduğunu heç vaxt bilməyəcəyik”.
Atasının həbs edilməsindən və “vətən xaini” kimi Sibirə sürgün olunmasından sonra Cavidlər ailəsinin çətin, məşəqqətlərlə dolu günləri başladı. Ailənin ilk övladı Ərtoğrol ağır şəraitdə xidmət etdiyi üçün amansız xəstəliyə tutuldu. O, 24 yaşında dünyaya gözlərini əbədi yumdu. Mişkinaz xanımın və Turan Cavidin taleyi isə dövrün sərt burulğanları arasında qaldı. Çətinliklər, məşəqqətlər aylarla, illərlə davam etdi...
Bəzən güclü olmaq, həyatın bütün sınaqlarına sinə gərmək nə bahasına olursa-olsun, mübarizədən geri çəkilməmək bir qadının çiyinlərinə ağır yük qoyur. Halbuki qadın zərifliyi, mərhəməti və sevgisi ilə həyatın ən ülvi duyğularını yaşatmaq üçün yaradılıb. Dünyanın ən incə ruhlu, ən ali varlıqları olan qadınlarımızın da ilk arzusu ata sevgisinə sığınmaq, doğmalarının məhəbbəti ilə əhatələnmək, sevmək və sevilməkdir. Lakin həyat bəzən ən ülvi duyğuları belə ağır sınaqlardan keçirir. Turan xanımın taleyi də bu baxımdan kövrək bir ömür hekayəsidir. Onun ata sevgisi ilə başlanan müqəddəs məhəbbət yolu atasının əbədiyyətə qovuşması ilə erkən bir ayrılıq ağrısına çevrildi.
Yazırlar ki, Turan Cavid ata yurdu Naxçıvanı ilk dəfə 1974-cü ilin oktyabrında görmüşdü. Muxtar respublikanın yaradılmasının 50 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün xüsusi dəvətnamə ilə Bakıdan gedənlərdən biri də o idi. Yubiley münasibətilə açıq havada keçirilən yığıncağın fəxri rəyasət heyətinə seçilənlər arasında da Turan xanım var idi. Ulu Öndər Heydər Əliyevlə ilk söhbətləri də Naxçıvanda baş tutmuşdu. Beləliklə, Turan Cavid təkcə Naxçıvan Muxtar Respublikasının deyil, özünün də 50 illik yubileyini ilk dəfə gördüyü ata yurdunda – Naxçıvanda qeyd etmişdi.
Turan xanımın ən böyük arzusu atasını Vətəndə görmək idi. 1982-ci ildə bu arzusuna çatdı. Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə Hüseyn Cavidin nəşi Sibirdən gətirilərək doğulduğu Naxçıvan şəhərində, bir zamanlar layla eşitdiyi evin yaxınlığında dəfn olundu. Ardınca oğlu Ərtoğrol, həyat yoldaşı Mişkinaz xanım və nəhayət, qızı Turan xanım da onun yanında torpağa tapşırıldı. Onlar yenidən bir-birlərinə qovuşdular...
Professor Aydın Talıbzadə Turan xanım haqqında yazırdı: “Hamıya məhrəm, hamıya da yad: həmişə də tənha qadın. Bu mənim Turan Cavidimdir! Əgər qara rəngin nağılı varsa, onu Turan xanım yaşadı. Təziyə libasına bürünüb həyatdan keçdi getdi. Yaşadımı? İçində dəfn eləyə bilmədiyin ölülərlə yaşamaqmı olar?!...”
Turan xanım 80 illik ömrü boyunca olduqca ağır bir tale yaşadı. Onun həyatı günlərin, ayların, illərin axarından daha çox, ailəsinə qarşı aparılan mübarizənin doğurduğu əzablar, iztirablar və mənəvi sınaqlarla yoğruldu. Turan xanım sınmaz iradənin, əyilməz vicdanın, sarsılmaz qürurun canlı təcəssümü kimi xalqımızın yaddaşında dalğalanan vicdan və qürur bayrağına çevrildi. Bu bayraq nə zamanın amansız sınaqları qarşısında əyildi, nə də totalitar sovet rejiminin sərt küləkləri qarşısında endirildi. Turan xanımın mənəvi dəyərləri zorla susdurmağa, yaddaşı silməyə, bir nəslin adını və irsini tarixdən qoparmağa çalışan amansız rejimə qarşı apardığı mübarizənin bayrağında Azərbaycan ədəbiyyatının və mənəviyyatının üç ölməz adı həkk olunmuşdu: Hüseyn Cavid, Mişkinaz Cavid, Ərtoğrol Cavid!
Məcid RƏŞADƏTOĞLU
Digər xəbərlər