Prezident İlham Əliyev Dünya Azərbaycanlıların Həm...
21:20 30.12.2024
0
0
0
NAXÇIVAN :
30 Dekabr 2024, Bazar ertəsi
2024-cü il Azərbaycanın diplomatiya tarixi üçün olduqca uğurlu dövr kimi yaddaşlarda qalacaq. Bu uğurlar içərisində dünyanın 200-ə yaxın dövlətinin yekdil qərarı əsasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi də xüsusi qeyd olunmalıdır. Konfransın mövzusu ölkəmiz üçün heç də yad deyil, Azərbaycan iqlim dəyişiklikləri və onun təsirlərinə qarşı illərdir, mübarizə aparır. Həmin mübarizədə Naxçıvan Muxtar Respublikası da potensial imkanları ilə xüsusi rol oynayır”.
Bu sözləri “Şərq qapısı”na açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Canməmməd Canməmmədov deyib.
Deputat bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qlobal iqlim dəyişikliklərinə qarşı mübarizə məsələsi də diqqətdə saxlanılıb. “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” prioritetində qeyd olunur ki, qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. Həmin istiqamət üzrə reallaşdırılmaqda olan səmərəli layihələr içərisində xüsusilə “yaşıl enerji zonası”nın yaradılması, “yaşıl enerji”yə keçid məsələsi diqqəti çəkir. Bu baxımdan Azərbaycan dövləti Prezident cənab İlham Əliyevin Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın “yaşıl enerji zonası”na çevrilməsi ilə bağlı qarşıya qoyduğu hədəflərə artıq addım-addım yaxınlaşır.
“Ölkə Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda muxtar respublikada “yaşıl enerji” potensialının yaradılması, enerji səmərəliliyi və ekoloji təmiz texnologiyaların tətbiqi tədbirlərinin genişləndirilməsi məsələsi ön plana çəkilib. Dövlət Proqramına əsasən “yaşıl enerji” istehsalı üçün 7992 hektar ərazi ayrılıb, investisiya prosesi başlayıb, yerli və xarici şirkətlərlə memorandum imzalanıb. Məqsəd gələcəkdə Naxçıvanda istehsal olunan “yaşıl enerji”ni Türkiyə vasitəsilə Avropa bazarına çıxarmaqdır. Təbii ki, bütün bunlar iqlim dəyişiklikləri ilə mübarizədə, yəni COP-un hədəflərinə çatmasında mühüm rol oynayacaq. Bu baxımdan konfransa bir ay qalmış, oktyabrın 11-də muxtar respublikanın 947 508 Kv/saat elektrik enerjisinə tələbatının tam “yaşıl enerji” hesabına ödənilməsi, digər günlərlə müqayisədə, təqribən, 130 min kubmetr həcmində təbii qaza qənaət edilməsi mövcud potensial gücdən xəbər verir. Əminik ki, Azərbaycan 2050-ci ilə kimi Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan iqtisadi rayonlarını “sıfır emissiya” zonasına çevirmək məqsədinə çatacaq. Şübhəsiz, bu nailiyyətdə COP29 konfransının da rolu mühüm, əvəzedilməz olacaq”, – deyə Canməmməd Canməmmədov əlavə edib.
Nail ƏSGƏROV
Digər xəbərlər