Naxçıvanda “Pedaqoji Həmrəylik: Təcrübədən Gələcəy...
23:42 21.12.2024
0
0
0
NAXÇIVAN :
22 Dekabr 2024, Bazar
Şahmar Nazim oğlu Səfərov
(01.09.1997-27.09.2020)
İllər öncə fikirləşməzdim ki, nə vaxtsa oğlum Şahmar haqqında xatirələr danışacağam.
Onun haqqında danışmaq mənim üçün çətindir. Ancaq həm də qürurvericidir. Ailədə üç övlad olublar. Şahmar ailəmizin ən kiçiyi, sonbeşiyi idi. O hər zaman birinciliyi sevirdi. Sözü üzə deyən, qorxmadan, çəkinmədən danışan bir uşaq idi. Mən həm Şahmara dərs demişəm, həm də sinif rəhbəri olmuşam. Sinifdə də bütün uşaqlardan fərqlənirdi.
Şahmar, həmçinin dostcanlı idi. Hələ də dostları onun sədaqətindən danışırlar. İnanın ki, dost yolunda canından da keçərdi. Son qəpiyini də dostu ilə bölüşməyə hazır idi.
Bu gün Şahmar təkcə ailəmizin deyil, bütün Azərbaycanımızın qəhrəmanına çevrilən bir övladdır. Buna bir ana kimi sevinirəm. Şahmar VIII sinifdə oxuyanda atasını itirdi. Ona həm ata, həm də ana olmuşam. “Ana, narahat olma... Hər şey yaxşı olacaq. Təki sən darıxma”, – deyərdi həmişə... Şahmar məni dünyalar qədər sevirdi. Mənə təsəlli verərdi: “Səni gözəl yaşadacağam”, – deyərdi. Böyük arzularla yaşayırdı. Amma arzuları ürəyində qaldı. Heç bir arzusu həyata keçmədi. Taleyin qisməti belə imiş.
Şahmarla sonuncu görüşümüz 17 fevral 2020-ci ildə olub. Ana-bala oturub söhbət edirdik. Birdən ayağa qalxdı. Dedi ki, ana, işğal altında olan torpaqları gec-tez almalıyıq. Bu ancaq müharibə yolu ilə ola bilər. Mən də şəhid olacağam. Dedim, oğul, o nə sözdür danışırsan? Dedi, ana, mən olacaqları dedim. Birinci də şəhid olan mən olacağam. Sən başını dik tut, alnıaçıq, qürurlu ol. Doğrudan da, Vətən müharibəsi başlayanda həmişə birinciliyi ilə seçilən Şahmar 27 sentyabrda Daşkəsən-Kəlbəcər istiqamətində olan döyüşlərdə ilk şəhidlərdən biri oldu. Mənim Şahmarım belə övlad olub. Qəhrəman, qorxmaz, yenilməz! Bu gün Şahmar mənim üçün, xalqım üçün canından keçdi. Anasını intizarda qoydu. Amma şəhid oldu, unudulmaz oldu. Vətən sağ olsun!
Digər xəbərlər