Müstəqillik tariximizin unudulmaz günü – Naxçıvan...
23:59 22.07.2026
0
0
1
NAXÇIVAN :
22 Iyul 2026, Çərşənbə
Naxçıvanın xatirələrdə yaşayan kəndləri
O gecəni hamı rahat-rahat yatağında yuxuya gedərkən Ərkinas xanımın gözünə yuxu getmirdi. Xəyalı uşaqlığının, gəncliyinin keçdiyi o dağda, daşda dolaşırdı. Dan yeri ağarar-ağarmaz yerindən qalxdı. Həyəcandan su da boğazından keçmirdi. Dolabı açdı. Bir xeyli seçim edəndən sonra nə geyinəcəyini qərarlaşdırdı. Donunu geyinib, yaylığını başına saldı. Beləcə oturdu gözlərini telefona zilləyərək. O anı gözləyənə qədər sanki illər keçdi. Nəhayət, gələn telefon zəngindən sonra yola çıxdı. Kəndin körpüsünü keçəndən sonra bir anlıq Ərkinas xanım diqqətlə yola baxdı. Yol yoldaşı Şölə xanım: “Biz bu yolla Bakıya gedərdik yolboyu Araz çayına baxa-baxa. Araz yenə həmin Arazdır, lal axır, amma illərdir, səssiz qalan bu yerlər insan nəfəsi ilə isinəcək”. “Bu günümüzə şükür”, – deyib dua edirlər. Hərdən keçmişlərə dalıb gedirlər. Yol əhvalatların danışıb gülüşürlər. 30 ildən çoxdur, lal axan Araza qoşularaq dərin sükuta dalmış bu yol yenidən canlanacaq. Bizi bizə aparan yol, arzularımıza, ümidlərimizə işıq salan yol – Zəngəzur dəhlizi.
“Bura Vətən yoludur”, – deyən Ərkinas xanım köks ötürərək bütün diqqəti getdiyi ünvana kökləyir: “1984-cü ildə oradan Kotam kəndinə gəlin köçmüşəm, ondan sonra bir, ya iki dəfə yolum düşüb. 1988-ci ildə axırıncı ev də köç etdi. Yol-iz yox idi, bir tərəfdən də işsizlik adamları ucqardan aşağılara köç etməyə vadar etdi”.
Nahamar yollarla üzüyuxarı qalxırıq, yolboyu uzanan dağ silsiləsi bizi müşayiət edir. Yavaş-yavaş xarabalıqları qalmış tikililər görünür. Ərkinas xanımın həyəcanı bir az da artır. Avtomobil uçuq evlərin qənşərinə çatanda dayanır. Ətrafa dərin bir sükut çökür. Ərkinas xanım danışır: “Bunlar tövlələr idi, ora dükan idi”. Əli ilə daha uzaqları göstərir: “Ora bizim tut bağları idi. Hamısını xatırlayıram, ən çox da atalı-analı günlərimi”. Bir az irəli gedir. “Bax, burada xalaqızılarım qalırdı, aşağıda da bizim ev yerləşirdi, qardaşım kəndin mağazasını işlədirdi”. Xatirələr çözələnir, Ərkinas xanımın gözləri buludtək dolub. Danışdıqca danışır və nəhayət, gözləri bir nöqtədə kilidlənir...
Bir zamanlar Ordubadın Kilit adlı dayanacağı da var idi. Dağların qoynunda, səfalı bir yerdə yerləşən kənd şəraitsizlikdən tədricən boşalmış, evlərin işıqları sönmüşdü. Əhalisinin bir qismi Ordubad şəhərində və digər yerlərdə məskunlaşmışlar. İndi Kiliddən geriyə qalan, sadəcə, xatirələrdir, bir də quru divarlar. Bu divarlar bir zamanlar insanların sevincinə, kədərinə şərik olub. Neçə uşaq bu kənddə dünyaya göz açıb, ayaq tutub bu torpaqda. İnsanların özü gedib, izi qalıb, sözü qalıb. Bağlar quruyub, tək-tük ağac gözə dəyir. Dəyişməyən tək şey kəndi dövrəsinə alan dağlardır. Sinəsindən kəklikotu, turşəng, quzuqulağı boylanan dağlar...
Ərkinas xanım uçuq damların arası ilə dolaşır, daşlara sığal çəkir. Kim bilir nələri, hansı doğmalarını xatırlayır. Ah çəkir, “Ərkinas nənən hamını, hər şeyi itirdi”, – deyir. İtirdiyi dünyasını dəyişən doğmalarıdır, bir də gözünü açıb havasını udduğu, durna gözlü bulaqlarından su içdiyi, dağlarında iz açdığı yurd yeridir. Tək Ərkinas nənə deyil ki. O kənddə doğulan hər kəs doğulduğu torpağın həsrətini çəkir. İnsan dünyanın cənnətində yaşasa da, cənnət onun göz açdığı, ana qucağı qədər doğma və isti olan məkandır. Hər hansı səbəbdən tərk etsə də, insan üçün o yerin havası, suyu dərmandır.
Şahbuzun Qızıl Qışlaq kəndindən Cəmilə Məmmədova yazır: “Bizim doğma dədə-baba yurdumuz olan Zırnel haqqında yazmağı, yenidən xatırlatmağı sizdən xahiş edirəm”. 1969-cu ildə torpaq sürüşməsi nəticəsində boşaldılan kənd həmin dövrdə çəkilmiş cəmi bir fotoda və doğma yurd yerindən köç etmiş insanların xatirələrində qalıb. Fotoda hündür dağın ətəyinə sığınmış, yaşıllıq içində bir kənd görünür. Tarixi mənbələr də göstərir ki, ümumilikdə, Şahbuz nahiyəsində 40 yaşayış məntəqəsi mövcud olub. Zırnel Ayrınc kəndindən üzüyuxarı 11 yaşayış məntəqəsindən biri idi. Zırnel Şahbuzun ucqar, səfalı və bol günəşli ərazisində eyniadlı dağın ətəyində, Küküçayın sahilində yerləşən kənd olub. Cəmilə xanımla görüşüb həmsöhbət oluruq. Deyir ki, o vaxt kənddə 100-ə yaxın ev vardı. Maldarlıq, əkinçilik və arıçılıqla məşğul olan kənd əhalisi məşğuliyyətlərini məskunlaşdıqları kəndlərdə davam etdiriblər. Zəngin bitki örtüyünə, dumduru bulaq sularına malik olan yaşayış məntəqəsi bu gün arxivin səhifələrində, bir də insanlarının ürəyində qalıb. Əhalisi, əsasən, Qızıl Qışlaq və Ağbulaq kəndlərində məskunlaşıb. İllərdir, yaşayış olmadığına yollar nahamar olsa da, hələ də torpağın övladları Kükü kəndindən üzüyuxarı, dolanbac yollarla gedib yurd yerini ziyarət edir, xarabalıqları qalmış evlərə baxır, uşaqlıq, gənclik illərini xatırlayırlar. Hazırda yaşadıqları kəndlərdə hər cür şəraitləri olsa da, onlar üçün Vətən göz açdıqları torpaqdan başlayır.
Kilit, Zırnel kimi onlarla kənd zamanla tarixə qovuşsa da, insanların yurd yerinə sevgisi, rəğbəti həmin yaşayış yerlərinin ruhunu yaşadır, izlərini əsrlərdən əsrlərə, nəsillərdən nəsillərə ötürür. İnsanın öz doğulduğu torpağa sayğısı gözəl duyğudur. Bu duyğudur torpağı var edən, düşmənlərdən qoruyan, qələbədən qələbəyə aparan. Nə qədər ki, yurduna, elinə, obasına bağlı insanlar var, adı artıq tarixə çevrilən yurd yerləri də qəlblərdə, kitablarda, filmlərdə yaşayacaq və gələcək nəsillərə torpağın hər qarışını sevmək duyğusunu mənəvi borc olaraq xatırladacaqdır.
Ruhiyyə RƏSULOVA
Digər xəbərlər