Nazir: Subsidiya mexanizmində əsas diqqət məhsulda...
12:43 08.09.2026
0
0
0
NAXÇIVAN :
08 Sentyabr 2026, Çərşənbə axşamı
Qarabağın tacı, Azərbaycanın mədəniyyət beşiyi, xalqımızın döyünən ürəyi Şuşanın qəlbində – Cıdır düzündə dayanmışam. Qarabağ şikəstəsini qürurla dinləyirəm, 28 il həsrət qaldığımız, Vətən savaşında oğullarımızın şanlı tarix yazdığı yerdə. Göz uzandıqca yamyaşıl meşəlik, dərin bir uçurum, sıldırım qayalar və onların köksünü yaran mərmi izlərinə tamaşa edirəm. Cıdır düzündə elə bir daş parçası yoxdur ki, üstündə mərmi izi olmasın. Şanlı tariximizi igid oğullar yazıb bu daşlara. Həmin daşlara yazılan, kimə aid olduğunu bilmədiyim adları oxuduqca xatırlayıram bu torpaqda şəhadət şərbəti içən oğulları. Adil, Elnur, Ruzi, Vüsal, Rüfət, Zülal, Ümid... Yox, bu ad onların heç birinin adına bənzəmir deyirəm. Hansısa turistə mənsubdur, zənnimcə.
Bura həmin yerdir – Azərbaycan əsgərinin dağ yuxarı, çiynində şəhid yoldaşı döyüşə-döyüşə qalxdığı yer. Sanki dil açır şəhidlərin ruhu bu yerdə. O daşlarda, qayalarda əl izimiz, igidlik dastanımız yazılıb. “Şuşa yaşadıqca, bu Vətən var olduqca, biz də var olacağıq”, – deyir. Bu gün Şuşada, Laçında bayrağımız dalğalanırsa, Xocalıda uşaqların gülüşü eşidilirsə, bu, xalqımızın birliyi, dövlətimizin gücü sayəsindədir.
İgid oğullarımızın qəhrəmanlığı ilə azad edilmiş hər qarış bizim ibadətgahımızdır. Bu xalqın and yeridir Şuşanın hər bucağı. Havasına qarışan yad nəfəs, daşına toxunan yad əl, torpağına vaxtından əvvəl düşən yarpaq belə bizim qəlbimizi yaralayır. Axı kim, hansı haqla şəhidlərin əl izini hələ də yaşadan o qayalara öz adını yazır? Demək çətindir...
Ömrümün 16 ilini cəbhə bölgəsində yerləşən kəndlərdə keçirmişəm. Orada yaşayan məcburi köçkünlərin həyat hekayələrini çox dinləmişəm. Şuşanın qayalarına yazılan adları, simvolik işarələri görəndə nədənsə həmin söhbətlərdən birini – Tapdıq babanın dediklərini xatırladım.
Uzun illər Şuşada yaşamış bu qoca tez-tez danışardı düşmənin fitnəliyindən. Onların tarixi saxtalaşdırmaq üçün etdikləri əməllərdən. Şuşada binaların inşasında fəhləlik edən ermənilərin həmin binaların himinə xaç çəkib, divarların suvağının altına erməni dilində sözlər yazdığından.
İndi həyatda yoxdur Tapdıq baba. Ən böyük arzusu Şuşaya getmək idi. Heyif ki, ömrü vəfa etmədi. Bəlkə də, yaşasa idi, Şuşanın şəhid qanına boyanmış o daşlarına bu torpaq üçün, bəlkə də, heç nə etməmiş, amma adını buraya yazmaq haqqı hiss edənləri o da qınayardı. Mən də qınayıram Şuşa deyə-deyə Şuşasız dünyadan köçən şuşalıların, oğlunun nəşini hələ də tapmayan şəhid analarının, gözünün nurunu, əlini, ayağını torpağa qurban verən oğulların adından. Ömrünün 22 ilini Vətənə qüsursuz xidmətə həsr edən, Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində qazanılan zəfərdə payı olan, sağlamlığını hərbi xidmət zamanı itirən bir zabitin həyat yoldaşı kimi qınayıram.
Axı bizim olan, hər daşı mən azərbaycanlıyam deyən, hər qarışı şəhid qanı ilə yoğrulub Vətən olan torpağa, daşa niyə adımızı yazmaq zərurəti hiss edək ki. Biz ki bu torpaqlara zorla sahiblənməmişik. Tanrı bizi burada yaradıb axı. Biz bu torpağın əbədi sahibiyik axı. Vaxtilə adını bu qədim şəhərin tarixi binalarına yazıb onları erməniləşdirməyə çalışanlardan fərqimiz budur axı bizim.
Şəhidlərin qəhrəmanlıq dastanı ilə yazdığı bu tarixə başqa söz əlavə etməyə ehtiyac yoxdur axı. Buna heç mənəvi haqqımız da yoxdur.
Ramiyə ƏKBƏROVA
Vətən müharibəsi iştirakçısının həyat yoldaşı
Digər xəbərlər