NAXÇIVAN :

31 Yanvar 2025, Cümə

Bu torpağın hər qarışında qəlbimin bir parçası var

...

Naxçıvan ədəbi mühitinin yetirməsi, çoxcəhətli və zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutan sənətkarlardan biri də Adil Babayevdir. Adil Babayevin kövrək duyğuları əks etdirən lirik şeirləri, dünya, zaman və insan haqqında fəlsəfi düşüncələrdən yoğrulmuş sonetləri, müxtəlif mövzularda, rəngarəng biçimlərdə qələmə aldığı poemaları, dramları, hekayələri, yaşadığımız günlərin ovqatını həssas qələmlə canlandıran publisistikası, ədəbi-tənqidi məqalələri, dünya klassiklərindən tərcümələri, Azərbaycan teatrşünaslığı sahəsindəki əvəzolunmaz xidmətləri bu böyük istedad sahibinin zəngin, bənzərsiz yaradıcılıq fəaliyyətini göz önündə canlandırır.

Adil Qafar oğlu Babayev 1925-ci il yanvar ayının 27-də Naxçıvan şəhərində anadan olub. 1931-ci ildə Naxçıvan şəhərindəki 1 nömrəli məktəbdə oxumuş, 1938-ci ildə anası Xeyransa xanımla Tiflis şəhərinə köçmək məcburiyyətində qalmışdır. Tiflisdə Mirzə Fətəli Axundov adına Azərbaycandilli orta məktəbdə təhsilini davam etdirmişdir. İlk şeirlərini də orta məktəbdə oxuyan zaman yazmışdır. Şair o illəri belə xatırlayır: “Bir şair kimi ömrüm ilk şeirim dünyaya gələn gündən başlayıb: 1939-cu ilin mayında Tiflisdə çıxan “Yeni qüvvə” jurnalında “Qanadlanmış şahin” adlı şeirim çap ediləndə. Həmin şeirin işıq üzü görməsi məni həm sevindirdi, həm də illər keçdikcə güclənən qayğı, düşüncə ümmanına atdı. Bu qayğı oxucuların ən müqəddəs duyğularını, ən təmiz arzularını qələmə ala bilmək qayğısı idi”. 
Adil Babayev 1943-cü ildə Tiflisdə A.S.Puşkin adına İkiillik Müəllimlər İnstitutunun Dil və ədəbiyyat fakültəsinə daxil olmuş, eyni zamanda “Sovet Gürcüstanı” qəzeti redaksiyasında ədəbiyyat şöbəsinə rəhbərlik etmişdir
1945-ci ildə Bakı şəhərinə köçən Adil Babayev “Kommunist” qəzetində ədəbi işçi, tərcüməçi işləmişdir. Həmin ilin noyabrında Adil Babayevin “Kommunist” qəzetində “Çinar” adlı şeiri çap olunmuşdur:
        Daddımsa aləmin hər nemətini,
        Dilbər guşələrdə ötdüsə ömrüm,
        Dünyanın ən böyük səadətini,
        Bu boylu çinarın altında gördüm.

Böyük Azərbaycan şairi Səməd Vurğun şeiri çox bəyənir və ona “Mənim arzum” adlı şeir həsr edir:
        Şair! Nə incədir, rübabın sənin!
        Uçurdu ruhumu çaldığın bu saz!
        Vətən torpağında bitən gülşənin
        Yarpağı saralıb, çiçəyi solmaz.

Əlbəttə ki, böyük bir sənətkarın gənc qələm sahibinə şeir həsr etməsi ədəbiyyatşünas Əli Səmədlinin təbirincə desək, “Ali məktəb diplomuna bərabər idi”. Adil Babayev Səməd Vurğunun poetik xeyir-duasından sonra daha ilhamla çalışmış və 1946-cı ildə Azərbaycan Yazıçılar İttifaqının üzvü seçilmişdir. O, yaradıcılığının ilk dövrlərindən mətbuatla yaxından bağlı olmuşdur. Belə ki, “Şərq qapısı” (1946) qəzetində əvvəlcə korrektor, sonra isə poeziya şöbəsinin müdiri işləmişdir. Xalq yazıçısı Əli Vəliyev “Şərq qapısı” qəzetinin 50 illiyi münasibətilə buraxılan     4 yanvar 1972-ci il tarixli 11-ci sayında “Danışır, “Şərq qapısı”nın redaktorları” rubrikası ilə verilən “Əziz qələm dostlarıma” məqaləsində istedadlı qələm sahibləri kimi Əyyub Şəkilinin, İslam Səfərlinin, Nağı Nağıyevin, Hüseyn İbrahimovun, Müzəffər Nəsirlinin və bunlarla bərabər Adil Babayevin də əməyinin danılmaz olduğunu vurğulamışdır.
1949-1952-ci illərdə “İnqilab və mədəniyyət” (indiki “Azərbaycan”) jurnalında poeziya şöbəsinin müdiri işləmiş, rus və dünya ədəbiyyatından etdiyi tərcümələrini, yeni şeirlərini də bu jurnalda çap etdirmişdir.
Adil Babayev Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat şöbəsinin redaktoru, “Ədəbiyyat və incəsənət” qəzetində tənqid şöbəsinin müdiri, məsul katib, baş redaktorun müavini işləmişdir. Onun bədii yaradıcılığında “Ədəbiyyat və incəsənət” qəzetinin böyük rolu olmuşdur. 
25 kitab müəllifi olan Adil Babayevin iki kitabı, həmçinin bir sıra şeir və nəsr əsərləri rus dilinə tərcümə olunmuşdur. Təəssüf ki, geniş yaradıcılıq diapazonuna malik olan Adil Babayevin ədəbi irsi haqqında əhatəli məlumat verilməmiş, zəhməti vaxtında qiymətləndirilməmişdir. Şair Nəriman Həsənzadənin sözləri ilə desək, “Adil şair kimi doğulsa da, onun şair taleyi doğulmamışdır”.
Adil Babayev yaradıcılığının ayrı-ayrı dövrlərində bədii ədəbiyyatın müxtəlif növlərinə müraciət etsə də, daha çox istedadlı şair kimi tanınıb şöhrətlənmişdir. Şairin lirikasını bir küll halında nəzərdən keçirdikdə görürük ki, Vətən torpağının gözəlliyi, dünyada baş verən fərəhli və nisgilli hadisələr, fəsillərin özünəməxsus çalarları, insanlar, onların taleyi, mənəvi aləmi şairin qəlbini ehtizaza gətirmişdir. Şair “Naxçıvan”, “Kaş bir də”, “Araz sahilində”, “Azərbaycan”, “Tarımın sarı simi” və sair şeirlərində Vətənin gözəl, təkrarsız mənzərələrini özünəməxsus bədii boyalarla, rəssam həssaslığı ilə gözlərimizin qarşısında canlandırır. Azərbaycanın, doğulduğu Naxçıvan torpağının sanki sözlə rəsmini çəkir, xeyli coğrafi adlar sadalayır:
      Mən – Batabat yaylağında bitən güləm,
       Mən – Haçadağdan əsən səhər yeliyəm.
      Gəmiqayanın bir parçası, 
      Əjnövürün qarıyam.
      Mən – Naxçıvanın Bakıya, Laçına, 
       Təbrizə gedən yoluyam.

Şair Naxçıvana məxsus səciyyəvi poetik detallarla oxucusunun diqqətini cəlb edir. Bu yerləri görməyən, gəzməyən oxucuda belə bu torpağa qarşı məhəbbət oyadır. Bu kiçik şeirdə qədim Naxçıvanın coğrafiyası, füsunkar təbiəti, zəngin sərvətləri öz poetik ifadəsini tapmışdır.
Adil Babayevin lirikasının mühüm hissəsini onun sonetləri təşkil edir. Azərbaycan poeziyasında sonet janrına sistemli şəkildə yanaşan, onun çoxsaylı nümunələrini yaradan, bu janra ədəbiyyatımızda tam vətəndaşlıq hüququ qazandıran Adil Babayev olmuşdur. 1968-ci ildən başlayaraq şair mütəmadi olaraq bu janrda qələmini sınamış və elə ilk sonetlərində də kamil sonetçinin sənətkarlıq məharəti özünü göstərmişdir:
       İstərəm, bu dünyadan köçümü sürən zaman, 
       Heç olmasa, bir nəfər salsın məni yadına, 
       Etiraf eləsin ki, heç olmasa bircə an,
       Ümid nuru salıbdır şeirim həyatına.

Bu sonetində şair ölüm və yaşamağın dialektik mahiyyətini açır, fəlsəfi cəhətdən həyatın mənasını səciyyələndirir. Adil Babayevin nəzərində “Ölüm müdhiş deyil, yaşamaq çətindir”, gərək elə yaşayasan ki, öləndən sonra da ölməz nəğmələr kimi əbədiyyətə qovuşasan. Bu xoşbəxtlik isə hamıya nəsib olmur. Bunun üçün xalqa, Vətənə, insanlara təmənnasız xidmət etmək lazımdır. Onun fikrincə, şair o vaxt xoşbəxt ola bilər ki, o, öləndən sonra da xatırlana, əsərləri oxuna.
Doğma yurduna qırılmaz tellərlə bağlı olan şair Vətəni qarış-qarış gəzib, ürəyinin məhəbbətini, qəlbinin hərarətini “ana yurdun gül nəfəsli torpağı”na qatmışdır. O, Vətəndən uzaqda olanda da xəyalən ana torpaqdan ayrılmamış və bunu bədii dillə belə ifadə etmişdir:
           Gəzib dolansam da bütün dünyanı,
           Bir an unutmaram Azərbaycanı.
           Qoy Vətən sevgisi şeirimin canı,
           Kağızım ellərin ürəyi olsun.

Adil Babayevin elə bir şeiri yoxdur ki, orada Azərbaycan torpağının isti nəfəsi yüksək poeziya dili ilə, bədii şəkildə əks olunmasın. Şair nahaq yerə deməyib ki, məni axtaranda bu torpaqda axtarın, çünki bu torpağın hər qarışında, meşəsində, dağında, daşında qəlbimin bir parçası var. Bütün dünyanı gəzsə də, qəlbi həmişə Vətən eşqi ilə, torpaq həsrəti ilə döyünən Adil Babayevi qədirbilən Azərbaycan xalqı heç vaxt unutmaz.    

Aypara BEHBUDOVA
filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Nəşr edilib : 27.01.2025 09:30