NAXÇIVAN :

04 Iyul 2026, Şənbə

Bu nəticə daha böyük qələbələrə aparan yolun başlanğıcıdır

...

Bakı şəhərində keçirilən Məktəblilərin Respublika İdman Olimpiadası Naxçıvan təmsilçiləri üçün olduqca uğurlu və yaddaqalan nəticələrlə başa çatıb. Muxtar respublikanı layiqincə təmsil edən gənc idmançılar müxtəlif idman növləri üzrə mübarizə aparıblar. Məktəblilər 4 qızıl, 1 gümüş və 9 bürünc olmaqla, ümumilikdə, 14 medal qazanaraq muxtar respublikanı layiqincə təmsil ediblər. Muxtar respublikaya uğurla qayıdan gənclər təəssüratlarını “Şərq qapısı” qəzeti ilə bölüşüblər.
Boks yarışlarında 80 kiloqramdan yuxarı çəki dərəcəsində bütün rəqiblərini geridə qoyaraq qızıl medala sahib olan Məhəmməd Mustafayev bu qələbənin təsadüfi olmadığını, arxasında uzunmüddətli və məqsədyönlü məşqlərin dayandığını vurğulayıb. Gənc boksçu yarış boyu əsas hədəfinin təkcə qalib gəlmək yox, həm də rinqdə öz texniki göstəricilərini yeniləmək və Naxçıvanın adını layiqincə ucaltmaq olduğunu qeyd edib. Fəxri kürsünün ən yüksək pilləsinə ucalmağın ona sonsuz bir qürur hissi yaşatdığını deyən çempion bu parlaq nəticənin gələcək turnirlərə daha böyük məsuliyyət və əzmlə hazırlaşmaq üçün yeni bir stimul, güclü bir motivasiya qaynağı olduğunu  bildirib.
Ağırlıqqaldırma yarışlarında 52 kq çəki dərəcəsində gərgin mübarizə apararaq gümüş medala sahib olan Ümid Hüseynov turnirin kifayət qədər ağır və rəqabətli keçdiyini, platformada hər bir çəkiyə qarşı son saniyəyədək iradə nümayiş etdirdiyini və fədakarlıqla medalı qazandığını vurğulayıb. Qazanılan gümüşün onu çox sevindirdiyini, lakin bunun, sadəcə, bir başlanğıc olduğunu deyən idmançı növbəti hədəfinin mütləq qızıl medal olacağını və bunun üçün daha çox çalışacağını qeyd edib.
Atletika yarışlarında 600 metr qaçış növü üzrə fəxri kürsüyə yüksələrək bürünc medala sahib olan Murad Babayev olimpiadanın olduqca yüksək rəqabət mühitində keçdiyini qeyd edib. Medal qazanmağın hər bir idmançı üçün sevindirici bir addım olduğunu deyən Murad hədəflərinin bu nəticə ilə məhdudlaşmadığını və qaçış cığırında daha böyük uğurlar qazanmaq üçün hər zaman daha çox çalışacağını bildirib. Bu bürünc mükafatın onun öz üzərində daha əzmlə çalışması üçün güclü bir motivasiya qaynağı olduğunu qeyd edən gənc atlet  gələcək arenalarda Naxçıvanın adını çempionluq ilə ucaldacağına söz verib.
Naxçıvan Muxtar Respublikasının gənc idmançıları bu turnirdə olduqca geniş və peşəkar heyətlə təmsil olunublar. Komandanın tərkibində 8 fərqli idman növü üzrə, ümumilikdə, 64 məktəbli idmançı paytaxta yollanıb və onlara 17 təcrübəli məşqçi-müəllim rəhbərlik edib.
Məşqçi-müəllimlərin fikrincə, məktəblilər səviyyəsində əldə olunan bu cür yüksək nəticələr muxtar respublikada güclü idman potensialının və sağlam nəslin yetişdiyini göstərir. Yarışda iştirak edən hər şagirdin qazandığı təcrübə və nümayiş etdirdiyi əzmkarlıq gələcəkdə daha böyük, o cümlədən beynəlxalq miqyaslı turnirlərdə Naxçıvanı və bütövlükdə, Azərbaycanı uğurla təmsil edə biləcək peşəkar idmançıların yetişməsi üçün möhkəm zəmin yaradır.
Respublika miqyaslı bu turnirdə qazanılan yüksək nəticələr növbəti illərdə Naxçıvanda idmanın inkişaf tempinin daha da sürətlənəcəyinə və ölkəmizi beynəlxalq arenalarda təmsil edəcək yeni çempionların yetişəcəyinə dair aydın göstəricidir.

Elnurə CƏFƏROVA
 

Nəşr edilib : 04.07.2026 13:00