Xudafərin körpüsünün işğaldan azad olunmasından al...
01:04 18.10.2026
0
0
0
NAXÇIVAN :
18 Oktyabr 2026, Bazar
Zaman öz axarı ilə keçsə də, bəzi məkanlar insanı bir anlıq gündəlik təlaşdan ayıraq keçmişin səssiz xatirələrinə aparır. Hər kərpicində, hər naxışında əsrlərin izini, insanların sevinc və kədərini qoruyub saxlayan belə tarixi məkanlardan biri də Ordubad şəhərindəki Təkeşiyi məscididir.
Bu məscid uzaq əcdadlarımızın Allaha, sənətə və bəşəri gözəlliyə olan sonsuz sevgisinin daşlaşmış yadigarıdır. Bura qədəm qoyanda elə bilirsən ki, əsrlər əvvəl yaşamış insanların isti nəfəsi hələ də bu divarların arasında dolaşır, dualarının pıçıltısı qədim şəbəkələrdən süzülüb gələn işıqla birgə insanın ruhuna toxunur.
Məscidin şərq tərəfə açılan giriş qapısına yaxınlaşdıqca, adamı qəribə bir intizar və ehtiram hissi bürüyür. Başını qaldırıb qapının üzərinə baxanda nəstəliq xətti və incə şeir dili ilə yazılmış qədim kitabə ilə qarşılaşırsan. Kitabənin sətirləri arasında 1825-1826-cı illərin rüzgarı əsir. Yazılara baxdıqca ustad Məhəmməd Əli əl-Hüseyni əl-Qərəvi əl-Həccarın daşı necə böyük incəliklə yonduğunu təsəvvür etmək çətin deyil. İstedadlı sənətkarın zəhməti və dəst-xətti bu gün də o kitabədə aydın görünür. Bu məscid həmin tarixə qədər iki dəfə dağılıb, iki dəfə zamanın sınağından keçərək yenidən sevgi ilə bərpa olunub. Kim bilir, o bərpalarda neçə insanın alın təri, neçə insanın mənəvi payı var…
Qapıdan içəri addım atanda baxışlar istər-istəməz sağ və sol divarlara yerləşdirilmiş iki mərmər sənduqəyə yönəlir. Girişi sanki iki səssiz və məğrur gözətçi kimi qoruyan bu qəbirüstü xatirə abidələri insana fani dünyanı, eyni zamanda əbədiyyəti xatırladır. Sənduqələrin yan tərəflərində zərif xətlə Qurani-Kərimin “Ayətül-kürsi”si həkk edilib. Bu ayələr mərmər üzərində yalnız dini mətn kimi deyil, həm də əsrlərdən keçərək bu günə gəlib çatan mənəvi yaddaş kimi görünür. Üst hissələrdə isə mürəkkəb xalça ornamentləri işlənib. Bəli, xalqımız öz ilmələrini, doğma xalça naxışlarını təkcə yuna, ipəyə deyil, həm də əbədi qalsın deyə daşa, mərmərə köçürüb. Həmin naxışlar, bəlkə də, fani dünyadakı insan ömrünün dolaşıq, lakin gözəl yollarının aynasıdır.
Məscidin fasadını bəzəyən şəbəkəli pəncərələrdən süzülən Günəş şüaları içəridəki rəngbərəng xalçaların, qədim divarların üzərinə naxışlar salır. İçəridəki qəribə sükutun içində isə sadə, amma bir o qədər də zərif işlənmiş mehrab diqqəti çəkir. Heç bir təmtərağa, həddindən artıq bəzəyə ehtiyac duymayan bu mehrab məhz sadəliyi ilə insanın ruhunu təmizləyir, diqqətini yalnız Yaradana yönəltməsinə vəsilə olur.
Başını qaldırıb tavana baxanda xəyalında qədim, xalis qoz ağacından yonulmuş uca və heyranedici sütunları axtarırsan. Deyilənə görə, bir vaxtlar bu müqəddəs tavanı çiyinlərində daşıyan həmin sütunların hər biri, sözün əsl mənasında, sənət əsəri olub.
Amma amansız zaman, yağışlar, küləklər və illərin yorğunluğu öz sözünü deyib. Möhtəşəm sənət inciləri olan qədim sütunlar zamanla sıradan çıxaraq yerini adi dayaqlara verib. Bu gün məscidin tavanını saxlayan həmin sütunlar qədim sənət əsərlərinin kölgəsini yaşadır. Lakin bəxtimiz gətirib ki, orijinal eyvan sütunları tamamilə itirilməyib, tarixin amansız tozlarına qarışmayıb. Onlar bu gün Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində qorunub saxlanılır.
Xoşbəxtlikdən bu ulu məkan unudulmayıb, taleyin ümidinə buraxılaraq xarabalığa çevrilməyib. Zaman öz amansızlığını göstərsə də, yaddaş və vəfa hissi qalib gəlib. 2001-ci ildə yerli, 2007-ci ildə isə ölkə əhəmiyyətli memarlıq abidələri siyahısına daxil edilən məscid bu gün yeni bir ümid işığı ilə aydınlanır. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qərarı ilə abidənin tarixi görkəminə qaytarılması istiqamətində addımlar atılır.
İnsan xəyal edir ki, bərpa işləri başa çatanda, məscid yenidən öz tarixi layihəsinə uyğun qurulanda necə möhtəşəm görünəcək. Bəlkə də, şəbəkə pəncərələrin ustad sənətkarlar tərəfindən yenidən canlandırılan naxışlarından süzülən işıq mehrabın sadəliyini bir daha ezə çıxaracaq. Mərmər sənduqələrin üzərinə düşən Günəş şüaları isə keçmişlə gələcək arasında sarsılmaz bir körpüyə çevriləcək.
Təkeşiyi məscidi xatirələrin, inancların və sənətin ayaqda saxladığı abidədir. Buradakı hər naxış, hər yazı və hər daş insanı sakitcə öz köklərinə, keçmişinə və mənəviyyatına qaytarır. İnsan buradan ayrılarkən özüylə yüzilliklərin yaddaşını, sənətin əbədiyyətə qovuşan nəfəsini və babalarımızın nəsildən-nəslə ötürdüyü isti sevgini də aparır.
Elnurə CƏFƏROVA
Digər xəbərlər