NAXÇIVAN :

17 Iyun 2025, Çərşənbə axşamı

Bu kəndin öz hekayəsi var...

...

Şəhərdən bizi günəşli hava yola salır bu kəndə: təsəvvürümüzdə bizi dağların arxasından yavaşca boylanan günəşin qarşılayacağı canlanır. Səhərin erkən saatlarında uzaqdan havanın bir qədər tutqun olduğu görünür, günəş hələ də dağların arxasında gizlənib. Bizi dumanlı yollar, sükut içində uyuyan dağlar, çiskinli hava və ara-sıra uzaqdan eşidilən quşların səsi qarşılayır.

Dağların sinəsinə sığınmış, özünə burada yer etmiş bu kiçik kənddə sanki həyat başqa ritmdə davam edir, zaman başqa cür işləyir. Sığındığı dağın sinəsi uzaqdan insanı cəlb edir, böyük bir qaya üzərində tikildiyi elə ilk baxışdan görünür. Burada həyatın öz ritmi var: kənd sakinləri illərdir, təbiətin onlara bəxş etdiyi bu gözəl şəraitə uyğunlaşaraq özlərinə məxsus həyat tərzi sürürlər. Kəndin dar və daşlı küçələri, evlərin qayanın təbii formalarına uyğun tikilməsi, buranı başqa kəndlərdən fərqləndirir. Qayanın hər tərəfi dərə olan bu kəndin adı olan çayı yoxdur... Naxçıvanın ən ucqar kiçik kəndlərindən biri – Teyvaz: insanların sadə və səmimi yaşadığı, təbiətin isə öz ilkinliyini qoruyub saxladığı bir məkan və ya qayanın üzərində gizlənmiş kənd.
Kəndin əksər evləri çaydaşından inşa edilib, bəlkə, əsrlərin evləridir: unikal memarlıq və təbiətin möcüzəsini bir yerdə görmək mümkündür bu evlərə baxdıqda. Bizi təbiətin ən saf, ən təmiz halı – yağışlı hava ilə qarşılayır kənd. Yağışın sakit damcıları kəndin üzərinə yavaş-yavaş süzülür, hər tərəfi yaşıl təbəssümə bürüyür. Torpaqdan yüksələn nəmlik, təmiz hava və o əvəzedilməz qoxu nəfəsimizi açır, sanki ruhumuzu yeniləyir. Yağışın altında addımlayarkən kəndin dərin səssizliyi insanın iç dünyasına səyahət kimi gəlir. Burada hər damla yağış bir hekayə danışır, hər nəfəs təbiətin qəlbinə toxunur. Əslində, bu kəndin bir hekayəsi var, onu deyib gəlmişik...
Teyvazın girişində yaşlı bir kənd sakini ilə rastlaşırıq – at belində sanki dağlara “meydan oxuyurmuş” kimi atını sürür. Bizi gördükdə at belindən yerə enir, hal-əhval tuturuq. Kəndin ən qoca sakini olduğunu deyir Rəşid Mustafayev: “Bu kənddə həyat elə yüz il əvvəl necə idisə, indi də o cür davam edir. Burada hər səhər kənd sakinləri mal-heyvana çıxar, torpağını əkib-becərər”. Rəşid kişi deyir ki, burada qonşular, kənd sakinləri bir-birinin halını soruşmadan keçməzlər, hamının xeyri-şəri bir olar. Kənd sakinləri, əsasən, kənd təsərrüfatı və heyvandarlıqla məşğuldurlar. Onlar üçün belə bir qayanın üzərində yerləşən, sanki üzük qaşını xatırladan kənd gözəldir. Səbəbini isə kənd ağsaqqalı bu cür izah edir: “Qayanın üzərində olmaq bizi həm qoruyur, həm də bizə ilham verir”. Səbəbini soruşduqda deyir ki, bu kəndin hər iki tərəfində dərə var və buranın adı olan bir çayı yoxdur. Qaya üzərində yerləşən kəndi heç vaxt sel suları yumaz, burada zəlzələ olmaz və külək əsərkən heç bir ziyan dəyməz. Əksinə, dağların qoynundan boylanan günəş kəndin hər bir evinə işıq saçar. 
Kəndin ətrafında ucsuz-bucaqsız görünən dağlar, buz kimi bulaqlar, sıldırım qayalarla yanaşı, həm də bir hekayəsi var – yağışla bağlı. Sən demə, burada güclü yağışların yağması üçün dua edirmişlər, Yağış piri belə var. Deyəsən, kənd sakinləri bu aylarda daha çox dua ediblər. Belə bir yağışın yağması üçün Teyvaz kəndinin sakinləri ta qədimdən kəndin yaxınlığında olan dağa gedirmişlər. Xüsusilə bu adət ilin quraq aylarında həyata keçirilirmiş. Belə ki, yağış yağması üçün sakinlər həmin pirə gedərək yağış duası edir, qurbanlar kəsirmiş. Kənd sakini Səyyad Hüseynov deyir ki, bu ənənə hələ də davam edir: “Bax, o dağın başındakı daşa”, – deyə əli ilə uzaqda olan dağı göstərir – ora Yağış piridir. Böyüklərimizdən eşitdiyimizə görə, o zamanlar kəndin sakinləri uzun müddət davam edən quraqlıqdan sonra bir araya gələrək yağışın yağması üçün dua mərasimi keçirirmişlər. Bu qədim adət əsrlərdir, kənddə yaşadılır. Əslində, bu həm də təbiətin hüzurunda birlik, ümid və inamın simvolu kimi də xarakterizə olunur. Sakinlər üçün yağış, sadəcə, təbiətin bir hadisəsi deyil. O, həyat deməkdir, bolluq və ümid gətirir. Bu dua ilə insanlar həm təbiətə, həm də bir-birinə güvənirlər.
Kənd sakinləri deyir ki, bu mərasimdən sonra bəzən dərhal yağış yağdığı müşahidə olunub, bəzən isə inam və ümid hissi insanları quraqlığın çətinliyinə qarşı dayanıqlı edir. Bu mərasim həm bir ənənə, həm də quraqlıq dövründə insanların bir-birinə dayaq olması deməkdir. 
Yağışlı havanın yaratdığı sakitlik və təbiətin səmimiliyi kəndə gələn hər kəsin qəlbində xüsusi yer tutur. Burada şəhərin gurultusundan uzaq, sadə və təbii həyat davam edir. Dağ kəndində həyat çətin, amma dəyərlərlə dolu olur. Burada insanlar təbiətə uyğun yaşayır, köhnə adət-ənənələrini qoruyur, bəzən Tanrının bəxş etdiyi təbiət gözəlliklərinə özlərini “fəda” belə edirlər. Kəndin gözəlliyi isə yalnız onun təbiətində deyil, insanlarında da gizlidir. Teyvaz kəndində yaşayan sakinlər üçün müqəddəs hesab etdikləri bəzi dəyərlər var ki, onlar üçün bu gizli deyil. Səyyad Hüseynov söhbət əsnasında dağlarda bitən armud ağaclarını göstərərək: “Bu ağaclar hər bir teyvazlı üçün müqəddəsdir”, – deyir. Səbəbinə isə belə aydınlıq gətirir: “Bir vaxtlar kənddə təbii qaz olmadığı üçün insanlar qış aylarında odun yandırırdılar. Lakin heç vaxt o armud ağaclarına dəyilmədi, kəsilmədi, doğranmadı. Eyni zamanda çətin vaxtlarda armud ağacının meyvəsindən istifadə edilib. Buna görə o ağac bizlər üçün müqəddəsdir”.
Kənd həyatı zahirən sakit və təmiz görünə bilər, amma onun arxasında bitib-tükənməyən zəhmət, əzmkarlıq, ən əsası, təbiətə bağlılıq durur. Qonaqpərvərliyi, səmimiyyəti ilə seçilən Teyvaz kəndində həyat sakit, amma mənalı axır. Burada zaman sanki yavaşlayır, təbiətin nəbzi ilə birgə döyünür. Bu kənd təkcə Naxçıvanın bir coğrafi məkanı deyil, bir həyat fəlsəfəsidir: təmiz təbiəti, saf insanları və sakitliyi ilə adamın ruhunu oxşayır. Buranın gözəlliyi yalnız gözlə görünən mənzərələrdə deyil, burada yaşayan insanların təmiz qəlbindədir. Bura insanının həyatı həm də dəyərli bir həyat tərzidir. Şəhər adamı üçün bir gün bu kənddə qonaq olmaq xoş olsa da, kəndli üçün bu həyat hər günün gerçəkliyidir – quşların səsi ilə açılan səhərlər, axşamlar isə qürubun narıncı işığında yeni nağıllar danışan kənd.

 Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 16.06.2025 18:25