İqtisadiyyat Nazirliyində AYİB-lə əməkdaşlıq imkan...
23:03 19.05.2026
0
0
0
NAXÇIVAN :
20 May 2026, Çərşənbə
60 yaşdan yuxarı uğur qazanan müəllimlər
Xəbər verdiyimiz kimi, Naxçıvanda mayın 2-dən etibarən sertifikatlaşdırılma prosesinin ikinci mərhələsi çərçivəsində test imtahanları keçirilib. İştirak edən müəllimlər arasında 60 yaşdan yuxarı bir qrup təhsilverənin könüllü şəkildə imtahana qatılması və yüksək nəticələr göstərməsi xüsusi diqqət çəkib. Biz də imtahanda uğur qazanan müəllimlərin bir neçəsi ilə həmsöhbət olaraq onların təəssüratlarını öyrəndik.
Könüllü şəkildə imtahanda iştirak edən müəllimlərdən biri Bəyimcan Babayevadır. O, Kəngərli rayon Təzəkənd tam orta məktəbinin tarix müəllimi kimi sertifikatlaşdırılma prosesində 56 bal toplayaraq uğurlu nəticə əldə edib. Müəllimin bu addımı həm peşəsinə olan bağlılığını, həm də özünü inkişaf etdirməyə davamlı marağını ortaya qoyub. Uzun illərdir, pedaqoji fəaliyyətlə məşğul olan Bəyimcan müəllim üçün müəllimlik yalnız bilik ötürməkdən ibarət deyil, həm də əsas məqsəd şagirdlərdə fənnə maraq oyatmaq, dərsi sevdirmək və onları düşünməyə yönləndirməkdir. Onun fikrincə, dərsin keyfiyyəti müəllimin şagirdlərlə qurduğu münasibətin səmimiyyəti və düzgün yanaşması ilə birbaşa bağlıdır. Bəyimcan müəllim vurğulayır ki, müasir təhsil sistemi müəllimlərdən daha çevik, daha yenilikçi və daha yaradıcı olmağı tələb edir. Sertifikatlaşdırılma prosesi isə bu baxımdan həm təcrübəni yoxlamaq, həm də özünü inkişaf etdirmək üçün bir fürsətdir.
Uğur qazanan müəllimlərdən biri də Xok kənd tam orta məktəbinin tarix müəllimi Səyyad Həsənovdur. O, 54 bal toplayaraq sertifikatlaşdırma imtahanında uğurlu nəticə göstərib. 43 illik zəngin pedaqoji təcrübəyə malik olan müəllim imtahana öz arzusu və ərizəsi ilə qatıldığını bildirərək qeyd edib ki, bu addım onun üçün yalnız qiymətləndirmə deyil, həm də peşəkar inkişaf baxımından mühüm bir mərhələdir. Uzun illərin təcrübəsinə baxmayaraq, o, müasir təhsil tələblərinə uyğunlaşmağın vacibliyini vurğuladı. Səyyad müəllim bildirdi ki, müəllimlik peşəsi daim yenilənmə, öz üzərində işləmə və öyrənməyə açıq olmağı tələb edir. Onun sözlərinə görə, müasir qiymətləndirmə sistemi təhsilverənlər üçün həm motivasiya, həm də biliklərin yenilənməsi baxımından əhəmiyyətlidir.
O, əldə etdiyi uğuru, sadəcə, bir nəticə kimi deyil, illərlə toplanmış təcrübənin və məsuliyyətli yanaşmanın göstəricisi kimi qiymətləndirir. Müəllim gənc pedaqoqlara da daim öyrənməyi, inkişaf etməyi və peşəyə sevgi ilə yanaşmağı tövsiyə etdi.
İmtahanda 51 bal toplayan Kəngərli rayonu Şahtaxtı tam orta məktəbinin tarix müəllimi Xudayar Nağıyev də uğur qazanan müəllimlərdəndir. Uzun illər müxtəlif məktəblərdə pedaqoji fəaliyyət göstərən Xudayar müəllim bu imtahana könüllü şəkildə qatıldığını bildirib.
Xudayar müəllim qeyd edir ki, imtahan prosesinə böyük məsuliyyətlə yanaşsa da, xüsusilə kompüter üzərindən keçirilən mərhələ onda bir qədər həyəcan yaradıb. Buna baxmayaraq, o, ümumi nəticənin yaxşı olduğunu və prosesin uğurla başa çatdığını vurğulayıb. Onun sözlərinə görə, bu kimi qiymətləndirmələr müəllimləri həm yeniləyir, həm də peşəyə olan məsuliyyəti daha da gücləndirir.
Bu nəticələr bir daha göstərir ki, müəllimlik peşəsi yaşla deyil, daim inkişaf və öyrənməyə olan həvəslə ölçülür. Təcrübə ilə yenilənən biliklərin birləşməsi isə hər zaman yüksək nəticələrə yol açır.
Zəhra VƏLİYEVA
Digər xəbərlər