Bütün növ sosial müavinətlərin ödənilməsi başa çat...
18:36 25.06.2025
0
0
0
NAXÇIVAN :
25 Iyun 2025, Çərşənbə
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində əhalinin idman xidmətlərinə çıxış imkanlarının artırılması, sağlam həyat tərzinin təşviqi və gənclərin asudə vaxtının səmərəli təşkili istiqamətində genişmiqyaslı layihələr icra olunur.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Emil Səmədov jurnalistlərə verdiyi müsahibədə bildirib ki, ötən ilin sonuna qədər Naxçıvan şəhərinin müxtəlif ərazilərində 8 yerdə sadə tipli açıq hava idman qurğuları quraşdırılaraq əhalinin istifadəsinə verilib. Hazırda isə bu təşəbbüs daha da genişləndirilir.
“Dövlət Proqramının 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planına əsasən cari ilin sonunadək muxtar respublikanın bütün bölgələrini əhatə edəcək şəkildə əlavə 11 açıq hava idman qurğusunun inşası nəzərdə tutulub. Belə ki, Şərur və Ordubad şəhərlərində hərəsində 2, Babək, Culfa və Şahbuz şəhərlərində, həmçinin Sədərək rayonunun Heydərabad, Kəngərli rayonunun Qıvraq, Babək rayonunun Cəhri və Nehrəm qəsəbələrində hər birində 1 ədəd olmaqla, ümumilikdə, 11 yeni açıq hava idman qurğusu quraşdırılacaq”, – deyə Emil Səmədov bildirib.
Onun sözlərinə görə, layihənin əsas hədəfi muxtar respublikanın bütün bölgələrində bərabər idman imkanlarının yaradılmasıdır: “Bu məqsədlə artıq yerli icra hakimiyyətləri ilə razılaşma əsasında ərazilər müəyyənləşdirilib, layihələndirmə və ilkin qiymətləndirmə işləri başa çatdırılıb, dövlət satınalması proseduruna start verilib. Tikinti işlərinə iyul ayının sonlarında başlanılması planlaşdırılır”.
Emil Səmədov əlavə edib ki, bu layihələrin həyata keçirilməsi muxtar respublikanın idman mühitinə mühüm töhfə verəcək: “Dövlətimizin birbaşa dəstəyi ilə icra olunan bu layihələr regionda sağlam həyat tərzinin formalaşdırılmasına, gənclərin fiziki hazırlığının yüksəldilməsinə və onların asudə vaxtlarının səmərəli təşkilinə şərait yaradacaq”.
Digər xəbərlər