NAXÇIVAN :

30 Oktyabr 2026, Cümə

Bu ilin 9 ayında 246 milyon 273 min manat dəyərində narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb

...

Cari ilin yanvar-sentyabr ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 6247 cinayət faktı aşkarlanıb. Onlardan 1682-si narkotik vasitələrin qanunsuz satışı, 4411-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 152-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2026-cı ilin yanvar-sentyabr aylarının yekununa dair məlumatında bildirilib.

Qeyd olunub ki, aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 8 ton 406 kiloqram 878,621 qram narkotik vasitələrin və psixotrop maddələrin 7 ton 236 kiloqram 769,263 qramını marixuana, 395 kiloqram 968,303 qramını heroin, 155 kiloqram 369,817 qramını tiryək, 253 kiloqram 763,447 qramını həşiş, 15,849 qramını kokain, 134 kiloqram 383,153 qramını digər narkotik vasitələr və 230 kiloqram 608,789 qramını psixotrop maddələr təşkil edib.

Bunlarla yanaşı, 42 min 852 həb metadon, 21 min 355 çətənə bitkisi, 29 həb psixotrop maddə, 1,018 qram prekursor, 206,058 qram və 276 güclü təsir edən, eləcə də 970,1 qram zəhərli maddələr aşkar edilərək götürülüb.

Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1644,5 hektar sahədən yaş kütləsi 441 ton 645 kiloqram olan 4 milyon 431 min 55 yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

Qanunsuz dövriyyədən çıxarılmış 8 ton 406 kiloqram 878,621qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 246 milyon 273 min manat kimi qiymətləndirilir.

Nəşr edilib : 30.10.2026 14:57