NAXÇIVAN :

20 Aprel 2026, Bazar ertəsi

Bu gün Naxçıvan teleradiosu 94 yaşını qeyd edir

...

Naxçıvanda yerli radio 1930-cu ildən fəaliyyət göstərməyə başlayıb, 1932-ci il aprel ayının 1-də isə Naxçıvan Radio Verilişləri Komitəsi yaradılıb. 1963-cü ildə muxtar respublikada televiziya fəaliyyətə başlayıb.

Naxçıvan teleradiosu zəngin yaradıcılıq yolu keçib. Teleradionun fəaliyyət tarixinin ən mühüm dövrü, şübhəsiz ki, 1990-1993-cü illərdə Ümummilli Lider Heydər Əliyevin Naxçıvanda fəaliyyət göstərdiyi illərə təsadüf edir. Naxçıvan teleradiosu həmin dövrlərdə informasiya blokadasına salınan Naxçıvanda sovet ittifaqına ən böyük etirazın tribunasına çevrilib, Naxçıvan 1990-cı ildə birliyin tərkibindən çıxan ilk qurum kimi tarixə düşüb. Naxçıvan teleradiosu Ümummilli Liderin 1990-cı ilin yayında Naxçıvana gəlməsini, 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsini yayınlamış, Naxçıvanın və Azərbaycanın dövlətçilik taleyini həll edən qərarların qəbul olunmasında Ümummilli Liderin əsas söz tribunasına çevrilmişdir. Təsadüfi deyil ki, 1992-ci il oktyabrın 24-də Ulu Öndərə qarşı təşkil olunan dövlət çevrilişi zamanı Naxçıvan teleradiosu da hücuma məruz qalıb.

Bu gün Naxçıvan teleradiosu Azərbaycan Respublikasının və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatını əhatə edən rəngarəng verilişlər və filmlər hazırlayır. Peyk yayımı vasitəsilə fəaliyyətini daha da genişləndirən teleradio öz proqram və verilişlərini daha geniş auditoriyaya çatdırmağa nail olur.

Nəşr edilib : 01.04.2026 09:45