Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma imt...
14:16 29.04.2026
0
0
0
NAXÇIVAN :
29 Aprel 2026, Çərşənbə
“Atamın adı çəkiləndə sözüm düyünlənir… Nə deyəcəyimi bilmirəm. Bəzən elə olur ki, öz adımı belə unuduram. 33 ildir, onsuzam, amma bir gün belə onu unutmadım. O mənim sağalmaz yaramdır”, – deyir şəhid qızı.
1993-cü il, 26 aprel… 13 yaşlı Təranə atasının yolunu gözləyirdi. Amma onu sağlam deyil, döyüşlərdən ağır yaralı halda evə gətirdilər. Bu, onun atası Xanəli Nuriyev ilə son görüş idi. Qızının bir telinə belə qıymağa qoymayan atanın artıq əlindən heç nə gəlmirdi. Sadəcə, bir cümlə deyə bilmişdi: “Qızım, sənin xətrinə dəyən olmayıb ki?” Təranə isə çarəsiz halda cavab vermişdi: “Yox, ata… mən səni gözləyirdim…”
Amma bu gözləmə böyük bir həsrətin başlanğıcı idi. Bir neçə saat sonra o, atasının şəhid olduğunu öyrəndi. 13 yaşlı bir qız üçün bu, təkcə itki deyildi. Bu, birdən-birə böyümək, ağır bir yükü çiyinlərinə almaq idi. Balaca Təranə nə baş verdiyini tam anlamasa da, alın yazısı ilə barışmalı oldu. Onun iki qardaşı vardı. Amma atasız böyümək bu boşluğu doldurmurdu. Axı onu əzizləyən, qayğısına qalan, hər səhər saçını hörüb məktəbə gülər üzlə yola salan atası artıq əbədiyyətə yollanmışdı. Sanki bu ayrılığı əvvəlcədən hiss etmişdi. Atasının döyüşdə olduğunu bildiyi günlərdə onun şəklini qucaqlayır, içində bir qorxu ilə yaşayırdı. Bəlkə də, o zaman anlamadan bildiyi bir həqiqət vardı: bir gün atasını şəhid kimi qarşılayacaqdı.
Bu gün o qız artıq böyüyüb. Amma içindəki o uşaq hələ də 26 aprel günündə qalıb. İllər keçib, zaman dəyişib, amma onun üçün o gün heç vaxt keçmişə çevrilməyib. Hər il bu tarix gələndə eyni hisslər qayıdır eyni ağrı, eyni həsrət… O artıq həyatını qurub, atasının arzuladığı kimi oxuyub, böyüyüb. Amma daxilində həmişə bir boşluq var – heç nə ilə dolmayan, heç vaxt sağalmayan bir boşluq…
Atasını itirdiyi gün uşaq olsa da, bu gün onu anlayacaq yaşdadır. İndi daha yaxşı dərk edir atasının kim olduğunu, necə bir insan olduğunu və nə üçün canını fəda etdiyini…
Amma bu hekayə təkcə bir qızın atasını sonsuzluğa uğurlaması deyildi, bu həm də bir qadının yarım qalan yolu davam etdirməsi idi. Həyat yoldaşını itirdiyi gün Səyyarə xanım, təkcə bir ailənin yükünü deyil, həm də onun yarım qalan mübarizəsini çiyinlərinə götürdü. Səyyarə xanım geri çəkilmədi. Əksinə, həyat yoldaşının getdiyi yolu yarım qoymadı, onun yerini səngərdə özü tutdu. Həyat yoldaşı Xanəli Nuriyev Azərbaycan Silahlı Qüvvələrində baş gizir olub, 26 aprel 1993-cü ildə Sədərək rayonu istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb. Səyyarə xanım Babək rayonunun Yuxarı Buzqov kəndində düşmənlə üz-üzə dayanıb. Naxçıvanın qadın müharibə veteranlarındandır. 1990-cı illərin ən çətin günlərində həyat yoldaşını Vətənə qurban verən bu xanım bir an belə, sınmayıb kədərini ürəyində qürura çevirib, həm döyüşüb, həm də şəhidin yadigarı üç balasını böyüdüb. Üç övladını atasının adına, onun şərəfli xatirəsinə layiq böyütmək Səyyarə xanımın ən böyük təsəllisi və qürur mənbəyidir.
O günlərdə o həm ana idi, həm də döyüşçü. Bir tərəfdən üç övladını böyütmək, onları atasızlığın ağrısından qorumaq, digər tərəfdən isə Vətənin keşiyində dayanmaq… Bu hər kəsin daşıya biləcəyi yük deyildi. Amma o, sınmadı. Dərdini içində saxladı, göz yaşını gücə çevirdi. Övladlarını atasının adına layiq böyütmək onun üçün təkcə bir vəzifə yox, həm də təsəlli oldu.
Bu gün illər keçsə də, Nuriyevlər ailəsində həm bir şəhidin adı, həm də bir ananın qəhrəmanlığı yaşayır… 26 aprel bizlər üçün adi bir tarixdir. Amma bu ailə üçün bu gün heç vaxt bitmir şəhid Xanəli Nuriyevin xatirələri ilə davam edir. Çünki şəhidlər Vətən üçün can verdikləri gün ölümsüzlük qazanır və onların qəhrəmanlığı heç vaxt unudulmur. Çünki bu yurdun hər qarış torpağı həmin şəhidlərin qanı ilə yoğrulub, Vətən olub.
Zəhra VƏLİYEVA
Digər xəbərlər