NAXÇIVAN :

22 Dekabr 2024, Bazar

Böyük Qələbənin həsrətində idi

...

Hümbətov İmaməddin Muxtaroğlu

(05.09.1998-19.10.2020)

Arzuları çox idi. Ancaq heç birinə çatmadı. Qonşuluqda heyva ağacı var idi. Bacımın qızı Məryəm gəlib ondan birini dərmişdi. Gəlib bunu görəndə çox hirsləndi və alıb tulladı. Xalası qızına acıqlandı ki, sən onun sahibindən halallıq almısanmı? Dedim ki, bala, halallıq veriblər. Başladı həmin adamın ailəsində kim varsa adlarını sadalamağa ki, onların hər birinin bu ağacda haqqı var. Bu cür halallığa baş əyən övlad idi. 

Bir dəfə işdən evə gələndə atasına bir dəstə pul uzatdı. Atası dedi ki, pulum var. Qayıtdı ki,  ata, götür. Bu, oğul qazancıdır. Sən demə, sonuncu qazancı imiş...
Xüsusi təyinatlı olduğu üçün işlə bağlı nə evdə, nə də kənar yerdə bir kəlmə danışmazdı. 
Gedəndə arxasınca çıxdıq ki, yola salaq. Dedi ki, ana, xahiş edirəm, gəlməyin. Yoldaşlarım maşında gözləyir. İnşallah, tez qayıdacağam. Buradan son gedişində demişdi  ki, ana, stol açarsan, ayın 10-u axşama gələcəyəm. Ayın 10-u idi. Zəng elədi ki, ana, süfrəni hazırla. Axşam yoldaşlarımla gəlirəm. Mən də gözəl bir süfrə hazırladım. Sübh oldu, baxdım ki, saat artıq, təqribən, 8-9 arasıdır. Bu an zəng gəldi. İmaməddin idi. Kefimi soruşdu. Soruşdum ki, bəs süfrə elə qurulu qaldı, niyə gəlmədiniz? Dedi ki, ana, boş ver süfrəni, gələcəyik sonra. Soruşdum ki, haradasınız? Qayıtdı ki, Bakıdayıq, kursa gəlmişik. Dedim ki, bəs yenicə gəlməmişdin kursdan? Dedi ki, ana, bu kursdan sonra vəzifəmizi artıracaqlar. Bir də bacısını soruşdu. Qayıtdı ki, ana, bacımı bir tək sənə əmanət edirəm, həmişə arxasınca get. Həm də ona qardaş ol. Qonşunun oğlu Fərman ilə hava limanında görüşmüşdülər. Deyir, dedim ki, sağ-salamat gələsiniz. Amma o əlini bir-birinə vurub gülümsədi, qayıtdı ki, bunlar qayıdıb gələcək, amma mən yox. Soruşdum ki, orada qalmaq fikrin var? Dedi ki, gələcəyəm, amma başqa cür. Ayın 7-si idi, baxdım ki, Fərman gəldi. Qayıtdı ki, Təranə xala, mənə demişdi ki, şəhid olacaq, elə bil, ürəyinə dammışdı... 
 

Nəşr edilib : 08.09.2024 21:38