Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb...
21:36 07.12.2025
0
0
0
NAXÇIVAN :
07 Dekabr 2025, Bazar
Horovlu: Qarabağda rahat və xoşbəxt həyatın yeni ünvanı
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfərin ilk unudulmaz səhifələrindən biri məhz Cəbrayılın işğaldan azad olunmasıdır. Qarabağın nəqliyyat-logistika baxımından mühüm strateji ərazilərindən sayılan bu dilbər guşəmizin ordumuzun nəzarəti altına keçməsindən sonra əsgər və zabitlərimizdə böyük qələbəyə inam hissi daha da çoxaldı. Cəbrayıl tarixi zəfərdən sonra Azərbaycan dövlətinin həyata keçirdiyi Böyük Qayıdış siyasətində də prioritet təşkil edir, rayonun Baş planı əsasında yaşayış məntəqələri tam müasir üslubda yenidən tikilir, sakinlər öz doğma yurdlarına geri qayıdırlar. Prezident İlham Əliyevin rayona hər gəlişi bölgənin simasının dəyişilməsi, yeni sosial obyektlərin açılışı, təməlinin qoyulması baxımından olduqca əlamətdar hadisələrlə yadda qalır. Dövlətimizin başçısının oktyabrın 28-də Cəbrayıla növbəti səfəri də bu bölgəmizdə həyatın dirçələcəyi və “Böyük Qayıdış” proqramının Cəbrayıl səhifəsinin daha da zənginləşəcəyinə dair mühüm addımların atılması ilə tarixə düşdü...
Oktyabrın 28-də Cəbrayılın uğurlu yenidənqurma və bərpasını göstərən ən mühüm göstəricilər, şübhəsiz ki, ikinci və üçüncü yaşayış komplekslərinin təməlinin qoyulması, o cümlədən də rayonun Horovlu kəndinin birinci mərhələsinin açılışının reallaşdırılmasıdır. Kənddə kompleks infrastruktur quruculuğu yoldan başlayaraq təhsil, səhiyyə, rabitə, kommunal, demək olar ki, sakinlərin rahat yaşayışını təmin edəcək bütün sahələri əhatə edir. Bəli, son bir neçə ildə Qarabağda və Şərqi Zəngəzurda istifadəyə verilən 30-a yaxın yaşayış məntəqəsinin timsalında biz eyni yanaşmanın, yəni dövlətin vətəndaşının rifahını, bu günü və gələcəyini düşünərək mütərəqqi addımlar atmasının şahidi oluruq. Azad edilmiş ərazilərdə 12 şəhərin Baş planı hazırlanıb ki, onlardan 8-i artıq müasir şəhərsalma və ekoloji prinsiplərlə tamamlanıb, 90 kənd və qəsəbə planlaşdırılıb. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, işləyir və təhsil alır. Son 4 ildə üç beynəlxalq hava limanı, yol və avtomagistral, yeni dəmir yolu infrastrukturu, yaşayış binaları, səhiyyə müəssisələri və təhsil ocaqları inşa olunub.Və artıq göründüyü kimi, bu gün Cəbrayılın Horovlu kəndi də “Böyük Qayıdış” proqramından öz payını alır, sakinlər öz doğma yurdlarına köç edirlər.
Ümumi sahəsi 248 hektar olan Horovlu kəndində 334 fərdi ev inşa edilib və müasir kommunikasiya şəbəkəsi – su, işıq, qaz, günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Evlərin üzərində Qarabağ xalçalarının ornamentləri həkk edilib ki, bu da milli-mənəvi dəyərlərimizə qayıdışın rəmzidir. Ümumilikdə, birinci mərhələdə 94 hektar ərazidə 334 fərdi evin, 624 şagird yerlik məktəb binasının, 220 yerlik körpələr evi-uşaq bağçasının, ikimərtəbəli inzibati binanın, bazar kompleksinin, çoxfunksiyalı iaşə obyektlərinin, tibb məntəqəsinin və idman-sağlamlıq mərkəzinin tikintisi həyata keçirilib. Prezidenti İlham Əliyev oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşündə həm Zəfər tariximiz, həm də işğaldan azad olunan torpaqlarımızda həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa proseslərindən söhbət açdı: “Dövlət sizin üçün bütün şəraiti yaradıb. İndi Horovlu kəndi göz oxşayır. Çox gözəl binalar, məktəb, uşaq bağçası, tibb məntəqəsi və iş yerləri yaradılır. Evlərin sayı 334-dür və burada birinci mərhələdə 1400 insan məskunlaşacaq. Məndə olan məlumata görə, işğala qədər Horovlu kəndində 1500 adam yaşayırdı. İndi, təbii ki, ailələr böyüyüb və horovluluların sayı 2 mindən bir qədər çoxdur. İkinci mərhələdə digər vətəndaşlar üçün də evlər tikiləcək. Ancaq hesab edirəm ki, birinci mərhələdə görülən bu işlər təqdirəlayiqdir. Burada rahat, xoşbəxt həyat sürmək üçün bütün imkanlar var”.
“Böyük Qayıdış” proqramın icrası çərçivəsində həyata keçirilən yenidənqurma və tikinti işlərində əsas götürülən məsələlərdən biri də tariximizin və milli-mənəvi dəyərlərimizin bərpasıdır. Bu xüsusda mövcud məscidlərin bərpası və yenilərinin inşasını qeyd etmək olar. Oktyabrın 28-də Cəbrayıl şəhər məscidinin təməlinin qoyulması bu istiqamətdə həyata keçirilən işlərin tərkib hissəsi olaraq, dini dəyərlərimizə qayıdışın əsasında dayanır. Məscid xalqımızın inam, iman, hörmət və ehtiram ünvanıdır. Təəssüf ki, ermənilər otuz il ərzində soydaşlarımızın dini etiqadlarına qarşı da böyük təcavüzkarlıqlar ediblər, digər tarixi incilərimiz kimi, dini ibadət yerlərimizə qarşı da vandalizm hərəkətləri törədilib, Qarabağ ərazisində olan 67 məsciddən 63-ü yerlə-yeksan edilib. Qalan 4 məsciddən 3-nə isə ciddi ziyan vurulub. Yeganə 1 məscid, Qarabağın incisi Şuşa şəhərində yerləşən Yuxarı Gövhər ağa məscidində isə bəzi dəyişiklik edərək bu abidənin Azərbaycana aid olmadığını sübut etməyə çalışsalar da, cəhdlər uğursuz olub. İşğaldan əvvəl Cəbrayıl rayonunda 5 məscid, 40-dan çox ziyarətgah, 20-dən artıq tarixi-memarlıq abidəsi olub. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağın və Şərqi-Zəngəzurun tarixi-dini və mədəni abidələrinin bərpası, yenilərinin inşası istiqamətində Azərbaycan dövləti tərəfindən mühüm işlər görülüb. Bu xüsusda 2017-ci ildə Cocuq Mərcanlı kəndində inşa edilən, Şuşa məscidinin bənzəri olan məscidi qeyd etmək olar.
Böyük Qayıdışa dair Dövlət Proqramının icrası çərçivəsində Prezident İlham Əliyevin Qarabağın və Şərq Zəngəzurun “yaşıl enerji zonası” elan edilməsi ilə bağlı qarşıya qoyulan vəzifələr də prioritet istiqamətlərdəndir. Ötən bir neçə ildə bu sahədə həyata keçirilən layihələrdə xarici sərmayədarların iştirakı və yatırımlar etməsi olduqca təqdirəlayiq haldır. Bu işlərin davamı kimi, 2025-ci ilin aprelində Azərbaycan Respublikası Hökuməti “Enerso Cəbrayıl” MMC ilə 50 MVt gücündə “Üfüq” Günəş Elektrik Stansiyası, “Clean Energy Jabrayil” MMC ilə isə “Şəms” Günəş Elektrik Stansiyası layihələri üzrə investisiya müqavilələri bağlayıb. Müqavilələrin praktiki icrası üçün ötən il Cəbrayıl rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid 229 hektar torpaq sahəsi bərpa olunan enerji mənbələrinin inkişafı üçün ayrılıb. Bu çərçivədə “Clean Energy Jabrayil” MMC üçün 135 hektardan çox, “Enerso Cəbrayıl” MMC üçün isə 93 hektardan çox ərazi müəyyən edilib. Oktyabrın 28-də Prezident İlham Əliyevin iştirakı ilə hər iki günəş elektrik stansiyasının təməli qoyulub. “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarında ildə, ümumilikdə, 206 milyon kilovat-saat elektrik enerjisinin istehsalı planlaşdırılır. Bunun nəticəsində hər il, təxminən, 44 milyon kubmetr təbii qaza qənaət ediləcəyi, atmosferə atılan zərərli emissiyaların isə 96 min ton azalacağı gözlənilir. Sadalanan faktlara əsaslanaraq əminliklə demək olar ki, bu layihə ölkəmizin “yaşıl enerji” strategiyasının mühüm tərkib hissəsidir və Cəbrayıl rayonunun enerji xəritəsində yeni mərhələnin başlanğıcını qoyacaq. 2027-ci ildə istismara verilməsi nəzərdə tutulan stansiyalar Şərqi Zəngəzurun “yaşıl enerji” mərkəzinə çevrilməsində Cəbrayıl rayonunun rolunu daha da artıracaq. Və sözsüz ki, bu layihələr, ümumilikdə, Azərbaycanın “yaşıl gündəliyi”nin və 2030-cu ilədək Milli Prioritetlərinin icrası baxımından mühüm əhəmiyyət kəsb edəcək.
Ağalı böyüyür, inkişaf edir, Məmmədbəyli dirçəlir, yenidən qurulur
Azərbaycan dövlətinin həyata keçirdiyi Böyük Qayıdış siyasətində ərazi yerləşməsi, geostrateji baxımından Zəngilanın rolu da olduqca mühümdür. Gələcəkdə açılacaq Zəngəzur dəhlizinin bir parçasına çevriləcək bu qədim yurdumuz ötən dövrdə kompleks quruculuqdan geniş pay sahibi olub. Zəngilanda müasir kommunikasiyalar yaradılıb, yol infrastrukturu qurulub, beynəlxalq hava limanı tikilib istifadəyə verilib. Rayonun Ağalı kəndi Böyük Qayıdışın ilk ünvanı kimi, işğaldan azad olunan digər yaşayış məntəqələrimizin inşasında nümunə rolunu oynayıb. “Ağıllı kənd” layihəsi əsasında qurulan Ağalıda bu gün sakinlərin rahat, firavan yaşayışına xidmət edən müasir şərait yaradılıb. Ötən 3 ilə yaxın dövrdə burada həyat illər öncəki axarına dönüb, həyətlər, bağçalar cənnətə çevrilib, insanlar əkib-biçir, qurub-yaradırlar.
Bu gün Zəngilan rayonunda Ağalı kəndi artıq ikinci büsatına qovuşur, yaşayış məntəqəsində ikinci mərhələdə 55-i ikiotaqlı fərdi evlərdən, 3-ü üçmərtəbəli 2 bloklu “Townhouse” tipli binalardakı mənzillərdən ibarət olmaqla, ümumilikdə, 103 ev istifadəyə verilir. 103 ev özlüyündə kiçik göstərici deyil, 103 ailənin geri qayıdışı, 103 ailənin firavan yaşayışı deməkdir. Kənddə bütün evlərə kommunikasiya xətləri çəkilib, yaşayış və qeyri-yaşayış binalarının hamısı qazla təmin edilib, evlərdə qızdırıcılar quraşdırılıb. Ərazidə salınan, ümumi sahəsi 2 hektardan çox olan park Ağalı və Məmmədbəyli kənd sakinləri, eləcə də qonaqlar üçün açıq istirahət və əyləncə zonası kimi asudə vaxtlarının səmərəli təşkilinə xidmət edəcək.
Ağalı ilə yanaşı qeyd etdiyimiz kimi, Məmmədbəyli də dirçəldilir, yeni görkəminə qovuşur. Kənddə 188 fərdi ev inşa edilib ki, onlardan 39-u iki, 55-i üç, 55-i dörd və 39-u beşotaqlıdır. Hər bir ev üçün həyətyanı ərazi nəzərə alınaraq hasarlanıb. Evlərdə günəş panelləri quraşdırılıb, onlar su, işıq, qaz, yüksəksürətli internet şəbəkəsi ilə təmin olunub. Kənddaxili yollar asfaltlanıb, çoxfunksiyalı 2 qeyri-yaşayış binası da inşa olunub. Bütün bu infrastrukturlar sakinlərin sosial-rifahına, həyat, istirahət və iş şəraitinin yüksək səviyyədə təşkilinə xidmət etməklə yanaşı, güclü nəqliyyat logistika potensialına malik bölgənin gələcək inkişafı üçün də hesablanıb. Prezident İlham Əliyev oktyabrın 28-də Zəngilan rayonunun Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşündə də bölgənin parlaq gələcəyi olacağını vurğuladı: “Konqres Mərkəzi, Zəngilan Beynəlxalq Hava Limanı. Yəni bura, bu bölgə çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək. Həm Zəngəzur dəhlizi, həm Araz dəhlizi buradan keçəcək. Ona görə bu rayonun, bu bölgənin çox gözəl gələcəyi olacaq. Necə ki, bütün Qarabağın, Şərqi Zəngəzurun gələcəyi çox parlaq olacaq. Bugünkü reallıq – qurduğumuz şəhərlər və kəndlər bunu göstərir”.
Prezident İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura hər səfəri bu bölgələrə yeniliyin, yeni həyatın, yeni nəfəsin, yeni ruhun qayıdışı ilə əlamətdar, tarixi hadisə kimi yadda qalır. Bəli, Azərbaycan dövləti, xalqı 5 il bundan öncə qazandığı tarixi zəfər kimi, 5 ildir ki, öz doğma torpaqlarına tarixi qayıdışı da uğurla həyata keçirir, Cəbrayılın, Füzulinin, Zəngilanın, bir sözlə, işğaldan azad olunan bütün torpaqların timsalında qazanılan nailiyyət, müvəffəqiyyət göz qabağındadır. “Böyük Qayıdış”ın əyani sübutu bu gün gözünüzün önündədir. Belə gözəl şərait yaratmaqla Azərbaycan dövləti bir daha öz siyasətini göstərir. İşğal dövründə ovaxtkı köçkünlərlə çoxsaylı görüşlərimdə mən demişdim ki, torpaqlar işğaldan azad olunandan sonra şəhərlərimiz, kəndlərimiz yenidən qurulacaq, əvvəlkindən daha gözəl olacaq. Bugünkü gün bu sözlərin əyani sübutudur” – sitatın sonu!
Nail ƏSGƏROV
Digər xəbərlər