NAXÇIVAN :

16 Fevral 2026, Bazar ertəsi

Böyük Qayıdışın bəhrələri, yenidən qurulan Ağdam

...

Keçmişə boylananda...

Ümidsizliyə qapıldığımız zamanlar da oldu. Vətənin bir parçasını itirmək, yurdundan-yuvasından didərgin düşənlərin ağrı-acısını bu millətin bir parçası olaraq bütün ruhumuzla duymaq da yazıldı qismətimizə. Dönüb geriyə baxdıqda 90-cı illərin burulğanı, ard-arda itirdiyimiz torpaqlar, gələn şəhid, itkin xəbərləri, düşmənin azğınlığı ilə dağıdılan abidələrimiz, məscidlərimiz, hələ də qulaqlarımızdan getməyən Xocalı harayı, Malıbəyli faciəsi və daha sadalamadığımız onlarla hadisə gözümüzün önündən kinolent kimi keçir. Keçmişi unutmarıq...

2020-ci ildə qazandığımız tarixi Zəfərlə həyatımız, ruhumuz yeniləndi. Zəfərə kökləndik, qarşıda bizi daha böyük zəfərlərə aparacaq yol görsənirdi. Həmin yolda Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğu­na son qoyuldu, terrorçulara qarşı mübarizədə yenə zəfər çaldıq. Ölkəmiz özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etmiş oldu. Gözü yolda qalan yaşayış məntəqələrimiz azadlığına qovuşdu. Daha bir zəfərimiz isə Ağdamın, Kəlbəcərin, Laçının bir güllə belə atılmadan geri qaytarılması idi. Bütün bu tarixi reallıqlar ölkə başçısının apardığı uğurlu siyasətin bəhrələri, müzəffər Ordumuzun qüdrəti sayəsində baş verdi. Bəli, biz bu tarixi yaşadıq. Böhranın, müharibənin, zəfərin və nəhayət də, Böyük Qayıdışın şahidləri olduq.

Həsrətin sonu

Düz 27 il Ağdam həsrəti ilə yaşadıq. 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən ərazisinin 77,4 faizi – 1 şəhər və 80 kəndi işğal olunan Ağdamda yaşayış binaları, tarixi abidələr dağıdılıb yerlə-yeksan edilmiş, əhalisi didərgin düşmüşdü. Qazanılan tarixi zəfərdən sonra Ağdam da üçrəngli bayrağın müqəddəs kölgəsinin başı üzərindəki qara buludları qovacağına əmin idi. Beləliklə, 2020-ci ilin noyabrın 10-da imzalanan üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarıldı. Lakin bizim gördüyümüz Ağdamdan əsər qalmamışdı. Çox keçmədən noyabrın 23-də Prezident İlham Əliyev Ağdama səfəri zamanı erməni faşizminin yaratdığı reallığı dünya ictimaiyyətinə təqdim edir və Azərbaycanın üçrəngli bayrağını qaldıraraq Ağdamın yenidən dirçələcəyinə əminliyini bildirir: “Bu gün tarixi bir gündür. Biz şanlı Qələbəmizi qeyd edirik. Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır”.

Verdiyi hər vədinə sadiq, sözü imzası qədər keçərli olan ölkə başçısı İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası bütün Qarabağı və Şərqi Zəngəzuru əhatə etdiyi kimi, Azərbaycanın böyük və strateji əhəmiyyətə malik rayonlarından olan Ağdamda da uğurla davam etdirilir. Əcnəbi jurnalistlərin “Qafqazın Xirosiması” adlandırdığı Ağdam Böyük Qayıdışdan payını alaraq yenidən qurulur. Ölkə başçısının hər səfəri Ağdamda quruculuq işləri, sosial obyektlərin istifadəyə verilməsi, yeni layihələrin gerçəkləşdirilməsi ilə reallaşır.

Yenidən doğulan şəhər

Ölkə başçısının daim diqqət mərkəzində saxladığı Ağdama növbəti səfəri uzun çəkmir. 2021-ci il mayın 28-də Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyinin və açıq hava altında İşğal muzeyinin, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma və Ağdam şəhərinin bərpasının təməl daşının qoyulması mərasimlərində iştirak edir. Həmin gün sahəsi 125 hektar olan Ağdam şəhər meşə parkında ağacların əkilməsinə də start verilir. Müstəqillik gününü Ağdamın dirçəlişinə yönələn quruculuq töhfələri ilə qeyd edən ölkə başçısı dünyaya sülhün, ədalətin zəfər təntənəsini bir daha duyurmuş olur: “Bu mərasim üçün, bu görüş üçün başqa vaxt da müəyyən oluna bilərdi. Ancaq mən hesab etdim ki, ən düzgün tarix bizim milli bayramımız olan Respublika Günüdür, müstəqillik günüdür. Çünki bu gün burada olmağımız bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərir. Əgər biz güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü Azərbaycan, müstəqil Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi”.

Həmin gün Ağdamın Baş planı ölkə başçısına təqdim olundu. Bu plana əsasən şəhərin coğrafi əhatəsi 3 dəfəyə yaxın artırılaraq 1750 hektar nəzərdə tutulub. Ağdam Azərbaycanda əhalisinin sayına görə 4-cü böyük şəhər olacaq. Bu şəhərdə 100 min əhali yaşayacaq. Ərazidə çoxlu müxtəlif sosial, mədəni, fiziki, iqtisadi infrastruktur obyektləri inşa olunacaq. Bir sözlə “ağıllı şəhər” konsepsiyasına uyğun inşa ediləcək Ağdamda bütün zəruri infrastrukturun müasir standartlara uyğun qurulması əhalinin rahat yaşayışına və düşmən işğalından zərər görmüş Ağdamın yenidən və daha gözəl, modern şəhər kimi qurulmasına hesablanıb.

Dünya görsün ki...

Dünya bir daha görsün ki, Azərbaycanın savaşı haqq savaşı idi. Əgər o torpaqlar ermənilərə məxsus olsaydı, dağıtmazdılar. Yaxşı bilirdilər ki, o torpaqlarda bizim ata-babalarımızın ruhları dolaşır, yaxşı bilirdilər ki, gec-tez torpağın əsl sahibləri qayıdacaqdır. Ötən 5 il ərzində sürətlə və əzmlə aparılan işlər Ağdamı ağ günlərə qovuşdurmaqdadır.

2022-ci ildə ölkə başçısı Ağdama 2 dəfə fevralın 13-də və oktyabrın 4-də səfər edib. Bu səfərlər zamanı – fevralın 13-də Ağdam Sənaye Parkında iki müəssisənin, “Park Forest Otel Ağdam” mehmanxanasının, yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasimləri keçirilib, Prezident İlham Əliyev Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi, Qarabağ xanlarının türbələri və yaşayış evi – İmarət kompleksi və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış olub.

Müasir Ağdam quruculuğu ilə yanaşı, tarixi irsin bərpası, milli-mənəvi dəyərlərin qorunması istiqamətində həssalıqla görülən işlər tarixi bünövrənin, milli soykökün, adət-ənənənin möhkəmlənməsinə, neçə il azan səsinə həsrət qalmış torpaqların dirçəldilməsinə, gələcək nəsillərin öz tarixinə sahib çıxma ənənəsinə xidmət edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın oktyabrın 4-də Ağdam rayonuna səfəri çərçivəsində qısa müddət ərzində görülən işlər də məmnunluq doğurub. Yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda həyata keçirilən tədbirlər, Xurşidbanu Natəvanın abidəsinin açılışı, Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, rayonun Xıdırlı və Kəngərli kəndlərinin, 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, “Aghdam City Hotel”in şəhərin dəmir yolu və avtovağzal kompleksinin təməlqoyma mərasimləri bölgənin həm də gələcəkdə turizm sektorunun inkişafına hesablanıb.

Ağdamı dünyanın ən gözəl şəhərlərindən birinə çevirəcəyini qeyd edən ölkə başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın davamlı səfərləri, göstərilən diqqət sayəsində böyüyən Ağdamda salınan yaşayış kompleksləri, insanların öz yurd-yuvalarına qayıtması 27 il işğalda inləyən bu torpaqlara nəfəs gətirib. Böyük sevinc və qürur hissi ilə yurduna dönən ağdamlılar üçün bundan böyük töhfə ola bilməz. İşğaldan azad edilən ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının real­laşdırılması, sahibkarlığın dəstəklənməsi, əhalinin məşğulluğunun artırıl­ma­sı məqsədilə icra olunan layihələrdən biri də Ağdam Sənaye Parkıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 28 may tarixli Fərmanına əsasən yaradılan Sənaye Parkı 190 hektar ərazini əhatə edir.

Ulu Öndərin arzularını gerçəkləşdirən, ölkənin suverenliyinin bərpasını təmin edən, yenidən öz torpaqlarına qayıdan insanlarla görüşüb onların sevincinə şərik olan ölkə başçısının 2025-ci il 10 may tarixli səfəri də təsadüfi gün olaraq seçilməmişdi. Ulu Öndərin anadan olduğu tarixi günü işğaldan azadlığa qovuşan Ağdamda böyük quruculuq lövhələri ilə qeyd etmək, ata vəsiyyətinə, göstərilən etimada, bəslənilən ümidlərə ehtiramın və əməli fəaliyyətin nəticəsi kimi dəyərləndirmək olar. Həmin gün Ağdam tarixinin ən şanlı gününü – inkişafının parlaq dövrünü yaşayırdı. Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin, Ağdam Muğam Mərkəzinin, rayonun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edən ölkə başçısı bütün bu nailiyyətləri xalqımızın zəhməti, fədakarlığı, yurd sevgisi ilə dəyərləndirərək sevincini ağdamlılarla bölüşür: “Ağdam-Bərdə avtomobil yolu. İndi Bakıdan gələn qonaqlar o yolla gəliblər. Möhtəşəm bir yoldur. Sovet vaxtında belə yol olmamışdır. Ağdam-Xankəndi-Şuşa yolu, dəmir yolu, infrastruktur layihələri, tarixi abidələrimizin bərpası - birinci bərpa edilmiş bina Ağdam Cümə məscidi idi. İndi Qiyaslı məscidində bərpa işləri aparılır. Yaşayış kompleksləri inşa edilir, iki mehmanxana inşa edilib. İmarət kompleksi bərpa edilib, Xaçınçay su anbarı əkin sahələrini, torpaqları suvarma suyu ilə təmin etmək üçün fəaliyyətə başlayır və bir çox başqa layihələr icra edilir. Bunlar təkcə Ağdam rayonuna aiddir. Əgər bütün görülən işlərin miqyasını götürsək, sözün düzü, mən bilmirəm hansı ölkədə hazırda bu miqyasda quruculuq, inkişaf işləri aparılır”.

Böyük Qayıdışa qardaş sevgisi və ya zəfər dolu Ağdam

Bu il iyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdilər. Kənddə yaradılan şəraitlə tanış olan Azərbaycanın və Qırğızıstanın dövlət başçıları, həmçinin Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını etdilər. 528 şagird yerlik tam orta məktəbin təməli 2024-cü ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən qoyulub. Ölkə başçısı bir daha ölkələrimizin qardaşlığı, tarixi, etnik, mədəni və mənəvi yaxınlığımızın göstərici olmaqla bu təməl üzərində Qırğızıstan-Azərbaycan dostluğunun möhkəm binası kimi dəyərləndirdi.

Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşünün iştirakçıları Ağdamdakı “İmarət” Tarix-Memarlıq Muzey Kompleksində Qarabağ atlarının “Zəfər” şousunu izlədilər. Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində göstərdiyi igidlik və cəsarət nümunələri böyük maraqla qarşılandı.

Qarabağda yenidən cövlan edən Qarabağ atları, bu atları idarə edən igid, vətənpərvər gənclər, Böyük Qayıdışla reallaşan böyük layihələr işğaldan azad edilən torpaqların, o cümlədən Ağdamın qurulan işıqlı gələcəyi tarixi ədalətin təntənəsi, gələcək nəslə ərməğan olunan suveren, müstəqil, azad, abad ölkənin haqq səsidir.

Günün mübarək, Ağdam!

Ruhiyyə RƏSULOVA

 

Nəşr edilib : 20.11.2025 00:16