Azərbaycanın diplomatik xidmət orqanları əməkdaşla...
11:33 10.07.2026
0
0
0
NAXÇIVAN :
10 Iyul 2026, Cümə
Biz öz torpağımızın sahibiyik
Ulu Öndərin layiqli davamçısı Müzəffər Sərkərdə İlham Əliyevin azad olunmuş torpaqlarımızla bağlı ilk tapşırığı bu torpaqların əkilib becərilməsi olub. Hərbi əməliyyatlar başa çatdıqdan dərhal sonra isə azad edilmiş ərazilərimizdə kənd təsərrüfatı sahəsinin bərpası istiqamətində tədbirlər görülüb. İşğaldan azad edilmiş ərazilərdə apardığı quruculuq işlərinin əsas istiqamətlərindən birini də yeni logistika infrastrukturunun qurulması təşkil edir. Bu da kənd təsərrüfatı məhsullarının ixrac bazarlarına çıxarılmasına imkanlar yaradacaq. Bütün bunların nəticəsində azad olunmuş ərazilərin aqrar potensialından səmərəli istifadə ölkə üzrə kənd təsərrüfatı məhsullarının istehsalını ciddi şəkildə artıracaq. Son beş ildə işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatına yararlı torpaq sahələrinin müəyyənləşdirilməsi, keyfiyyətinin öyrənilməsi, kadastr işlərinin aparılması aidiyyəti qurumlarla birlikdə mütəmadi olaraq həyata keçirilməkdədir. Bu gün işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” proqramı çərçivəsində kənd təsərrüfatının bərpası sürətlə davam edir. Hazırda həmin bölgələrdə aqrar fəaliyyətlərin genişləndirilməsi, yeni infrastrukturun qurulması və yerli əhalinin məşğulluğunun artırılması istiqamətində layihələr icra olunmaqdadır. Onu da vurğulamaq lazımdır ki, kəndlərə qayıdan sakinlərə 2025-ci ildən etibarən torpaqların təhkim olunması prosesinə başlanıb ki, 14 kənddə proses həyata keçirilir. Həmin kəndlərdən doqquzunda işlər başa çatdırılıb və fermerlərlə, əhali ilə müvafiq müqavilələr bağlanılıb. Zəngilanın Məmmədbəyli, Xocalının Xanyurdu və Ballıca, Laçının Zabux kəndlərində də torpaq kəndlinin əllərində bəhrə verir. Xocavəndin Qırmızı Bazar qəsəbəsində torpağın fermerlərə təhkim olunması prosesi davam edir. Azad edilmiş ərazilərdə fermerlərə təklif olunan torpaqlarda minimal əkin sahəsi hədəfi 5 hektardır. Diqqətçəkən bir məqam isə fermerlərin birləşərək kooperativlər, ailə kəndli təsərrüfatları və ya fermer təsərrüfatları yaratmalarıdır. Böyük Qayıdışın ilk ünvanı olan Zəngilanın Ağalı kəndində “ağıllı kənd” layihəsi uğurla həyata keçirilir. Kənd sakinləri kooperativlərdə birləşərək taxılçılıq, bağçılıq və heyvandarlıq kimi gəlirli sahələri inkişaf etdirirlər.
Müsahibim, Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Möhübbət Səmədovun verdiyi məlumata görə, Zəngilan rayonu üzrə 2025-ci ilədək minalardan təmizlənmiş 7885 hektar əkin sahəsi var. Həmin ərazidən 2025-2026-cı ilin payızlıq və yazlıq bir illik əkinlər üçün 5930,1 hektar ayrılıb. Həmin əkinəyararlı torpaqdan müqavilə əsasında “Aqro LİD” MMC-yə (1800 hektar), “Toxumçuluq və Tingçilik” MMC-yə (2000 hektar), “Azəraqrar DİEB” MMC (380hektar), “Dost Aqropark” MMC (1701) hektar, “Şirin Aqro” MMC (100 hektar), “Azorganik” MMC-yə (92,9) hektar, rayonda məskunlaşmış ailələrdən yaradılmış 3 kooperativə isə istifadə üçün 51,1 hektar əkin sahəsi verilib.
Qeyd olunan əkin sahəsinin 6095 hektarında payızlıq əkinlər üçün şum aparılıb və 5905,1 hektar sahədə səpin həyata keçirilib. Əkinlər üçün şumlanmış sahələrin 5905,1 hektarında payızlıq dənlilərin, ondan: 4295,0 hektar sahədə buğda, 1610,1 hektar sahədə arpa səpini aparılıb. “Şirin Aqro” MMC və “Azorganik” MMC-yə təhkim edilmiş sahələrdə meyvə bağları əkilib.
Möhübbət Səmədov bildirir ki, 2025-2026-cı il mövsümündə rayonda payızlıq əkinlər üçün 5 964 hektar taxıl sahəsi ayrılıb. Böyük şirkətlərlə yanaşı, yaradılmış kənd təsərrüfatı kooperativləri də əkin prosesində fəal iştirak edib. Kənd sakinlərinə torpaq sahələri ayrılıb və onlar öz təsərrüfatlarını idarə edirlər. Hazırda biçin işləri “Zəfər” kooperativinin payızlıq sahələrində davam etdirilir.
Müsahibim əlavə edir ki, vegetasiya dövründə aqrotexniki tədbirlərin həyata keçirilməsində şirkətlərin və məskunlaşmış əhalinin istər fermer təsərrüfatı, istərsə də mənimsəmə təsərrüfatı ilə məşğul olmaq istəyənlərin gübrə və dərman preparatlarına olan tələbatlar vaxtında təchiz olunması üçün müvafiq tədbirlər görülüb, mütəmadi olaraq şirkətlərlə təlimlər aparılıb. Məskunlaşmış əhalinin məşğulluğunun təmin edilməsi və rayonda ipəkçilik ənənələrinin bərpa olunması üçün ayrılan 10 qutu barama qurdu sakinlərə təhvil verilib. Məhsul yığılaraq “Şəki-İpək” ASC-yə göndərilib.
“Şirin Aqro” MMC tərəfindən 96,44 hektar sahədə salınmış meyvə bağında yerli əhalinin məşğulluğunun təmin edilməsi üçün əməli işlər görülüb. 2026-cı il may ayının 15-də məhsul yığımına başlanılıb və 145 ton məhsul toplanıb. Hazırda meyvə yığımı davam edir. Respublikanın müxtəlif rayonlarında məskunlaşmış arıçılq təsərrüfatı ilə məşğul olan 17 arıçıya məxsus 1088 arı ailəsinin rayon ərazisində fəaliyyəti üçün şərait yaradılıb və onların köçürülməsi təmin edilib. Rayonda heyvandarlıqla məşğul olan iri təsərrüfatlarda iribuynuzlu heyvanların sayı 5584 baş, xırdabuynuzlu heyvanların sayı 1305 baş olmaqla, ümumilikdə, 6689 baş heyvan var.
Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru ilə həmsöhbət olduğumuzda öyrənirik ki, qadınlarımızda koorperativlər yaradır, Zəngilanda kənd təsərrüfatının inkişaf etdirilməsinə öz tövhələrini verirlər.
Zəngilanın ilk qadın fermer, kooperativ direktoru
Həmin kooperativlərdən birinin sədri, zəhmətkeş xanım Zəngilan rayonunda yaratdığı nümunəvi fermer təsərrüfatı ilə tanınan Minayə Mahmudova ilə həmsöhbət oluruq. Öyrənirik ki, o, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə PHŞ-də mütəxəssis kimi çalışmaqla yanaşı, həm də Moskva İdarəetmə İstehsalat Akademiyasında təhsil alır. Məcburi köçkün həyatı yaşadığı illərdə onun ailəsi müxtəlif yerlərdə yaşadıqdan sonra Bakının Bayıl qəsəbəsində məskunlaşıb. Minayə xanımın ailəsi hazırda Ağalı kəndində dövlət tərəfindən verilmiş dördotaqlı evdə yaşayır. O, 2023-cü ildə Ağalı kəndinə geri qayıdıb. Ata-anasının ən böyük arzusu olan yurduna qayıtmaq istəyini yerinə yetirib. Müsahibim deyir ki, o, səkkizuşaqlı ailənin son övladıdır. Minayə Mahmudova bu il ilk dəfə olaraq rəhbərlik etdiyi altı ailəni özündə birləşdirən “Barış” kooperativinə məxsus 10 hektarlıq sahədə arpa əkdirib. Təsərrüfatına göstərdiyi yaxşı qulluq sayəsində bol məhsul yetişdirməyə nail olub. Arpa biçininə isə ötən günlərdə başlanılıb. Və bu 33 ildən sonra Ağalıda aparılan ilk taxıl biçinidir.

“Böyük Qayıdış” başlanan gündən 20 yaşında məcburi şəkildə tərk etdiyim evimə qayıtmaq üçün tələsirdim. Bakı şəhərinin böyüklüyü, cazibəsi çox olsa da, torpaq mənə “Gəl”, – deyirdi sanki. Ölkə başçısı Zəngilana səfər edəndə Ağalı kəndinin təməlatma mərasimlərində iştirak edən bir sakin kimi öz evimizə qayıtmağı səbirsizliklə gözləyirdim. 1993-cü ildə gözyaşı ilə məcburən tərk etdiyim kəndimizə 2023-cü ildə sevinc göz yaşları ilə qayıdıb 50 illik yubileyimi burada qeyd etdim. Həyətyanı torpaq sahəmizi də əkir, topladığım məhsulla müxtəlif növ turşular, hazır yeməklər hazırlayır, satışa çıxarıram. Zəhmətimiz ailə büdcəsinə ciddi dəstək verir. Hər yay minə yaxın banka mürəbbə, kompot və turşu hazırlayırıq. Buna görə də ərzaq təminatında heç bir çətinlik çəkmirik. Qızım Çiçək bu işlərin çoxunu öz üzərinə götürüb. Əkin sahəsinə də özü nəzarət edir, tərəvəz sahələrinə qulluq göstərir. Məhsulların konservləşdirilməsi ilə də o məşğul olur. Artıq 3 ildir, yazı, yayı öz evimdə qarşılayıram. Torpaqda işlədikcə, alın tərim Zəngilan torpağına qarışdıqca özümü xoşbəxt hiss edirəm. Əminəm ki, zəhmətkeş zəngilanlıların torpağa qarışan alın təri 30 il bu torpaqda addımlayan düşmənin murdar ayaq izlərini yuyur”. Müsahibim əlavə edir: “Bu gün burada həyat öz axarı ilə davam edir və biz bunlara dövlət başçısının sərkərdəlik qabiliyyəti, igid oğullarımızın qəhrəmanlığı sayəsində nail olmuşuq. Dövlətimizin dəstəyini hər zaman hiss edirik. Belə güclü bir dövlətin vətəndaşı olmaqdan qürur duyur, müzəffər Ordumuz, Ali Baş Komandanımızla fəxr edirik”.
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” aqrar sektorun inkişafında yeni mərhələnin əsas istiqamətlərini müəyyənləşdirir. Dövlət başçısının tapşırıqlarına uyğun hazırlanmış bu mühüm sənəd kənd təsərrüfatında intensiv inkişafın təmin edilməsinə, məhsuldarlığın artırılmasına, strateji məhsullar üzrə özünütəminat səviyyəsinin yüksəldilməsinə və ümumi istehsal həcminin genişləndirilməsinə xidmət edir. İnanırıq ki, igid oğulların qəhrəmanlığı ilə işğaldan azad edilmiş hər qarış torpağımız dövlətimizin qayğısı ilə dirçələcək və Ağalıda 33 ildən sonra boy göstərən taxıl zəmisində eşidilən kombayn səsi işğaldan azad edilmiş bütün torpaqlada duyulacaq. Zəhmətkeş insanlarımızın hər qarışı qızıldan qiymətli torpağımıza qarışan alın təri bu Vətən üçün can verən oğulların ruhunu şad edəcək.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər