NAXÇIVAN :

14 Sentyabr 2026, Bazar ertəsi

“Böyük Qayıdış” çərçivəsində yeni tədris ilində daha 15 təhsil müəssisəsi fəaliyyətə başlayır

...

2026–2027-ci tədris ilində Böyük Qayıdışa dair Dövlət Proqramı çərçivəsində azad edilmiş ərazilərdə daha 15 təhsil müəssisəsinin fəaliyyətə başlaması nəzərdə tutulur.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib. Nazir qeyd edib ki, yeni tədris ilində 11 məktəbəqədər və 4 ümumi təhsil müəssisəsi fəaliyyətə başlayacaq.

“Azad edilmiş ərazilərdə hazırda 12 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Yeni tədris ilində onların sayının 23-ə çatdırılması nəzərdə tutulur. Bu müəssisələrdə 408 uşağın təhsil alacağı və 123 nəfərdən ibarət işçi heyətinin fəaliyyət göstərəcəyi proqnozlaşdırılır.

Ümumi təhsil müəssisələrinin sayı isə 25-dən 29-a yüksələcək. Yeni tədris ilində həmin məktəblərdə 4825 şagirdin təhsil alacağı, 700 nəfərdən ibarət işçi heyətinin çalışacağı gözlənilir”, - nazir qeyd edib.

Emin Əmrullayev bildirib ki, yeni təhsil müəssisələri Ağdam, Ağdərə, Xocalı, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Xocavənd və Zəngilan ərazilərində fəaliyyətə başlayacaq.

Nəşr edilib : 14.09.2026 15:27