Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 141 i...
00:11 31.01.2025
0
0
0
NAXÇIVAN :
31 Yanvar 2025, Cümə
Kamran Bəhman oğlu Hüseynov
(14.08.1996-01.10.2020)
Kamran çox ağıllı, qorxmaz uşaq kimi tanınmışdı kəndimizdə. Həm də diqqətcil idi. Dərslərini də yaxşı oxuyurdu. Ali təhsil almışdı Kamran. Həddindən çox vətənpərvər idi. Həm də ailəcanlı oğul olmuşdu. Deyirlər, ailəsini sevən Vətənini də sevər. Bəli, bu ifadə çox doğrudur. Kamran da belə oğullardan biri idi. Onun haqqında keçmiş zamanda danışmaq çox ağırdır mənim üçün. Nə etmək olar? Öz canını ailəsinə, Vətəninə qurban verdi oğlum.
Kamran çox qoçaq uşaq idi. Çalışdığı qədər hər kəsə köməklik edərdi. Balaca vaxtı kənddə bütün yaşlıların qayğısına qalardı. Onların işlərini görərdi. Çöldən mal-qaranı gətirərdi. Bu xasiyyətini sonralar da tərgitmədi. İş yoldaşları danışırdılar ki, hər birimizin işinə köməklik edərdi.
Kamran müharibəyə könüllü getmişdi. Hətta ilk müraciətində geri qaytarmışdılar. Çünki həmin vaxt Kamranın bir uşağı var idi. Həmçinin evin tək oğlu idi Kamran. Amma Kamran evdə otura bilmədi. İkinci dəfə yenidən müraciət etdi. Bu dəfə müraciətini qəbul etdilər. Arzusuna çatdı.
Kamran həm də mehriban idi. Bizi lap çox sevirdi. Evə gələn kimi ilk işi mətbəxə keçib anasını soruşmaq olurdu. Bilirdi ki, anası onun üçün sevdiyi yeməyi hazırlayır. Anasını qucaqlayıb üzündən öpürdü. Əzizləyirdi. Anası da deyirdi ki, ay Kamran, iş paltarın yağ olacaq. Deyirdi ki, yox, səni öpməmiş yemək yemərəm. Şəhid olduqdan sonra da anası nə vaxt mətbəxə keçirdi elə bilirdi, indicə Kamran gələcək. Yenə onu qucaqlayacaq.
Bizi onun xatirələri yaşadır. Oğluma minnətdaram ki, başımızı uca etdi. Onunla fəxr edirəm. Hər yerdən xoş sorağını eşitdik, müharibədə isə qəhrəmanlığını. Allah bütün şəhidlərimizə rəhmət etsin. Ölümündən qorxmayaraq Vətən torpağına dönən o igidlər həmişə qəlbimizdə yaşayacaqlar. Vətən sağ olsun!
Digər xəbərlər