NAXÇIVAN :

27 Noyabr 2026, Cümə

Biz o kökləri qoruyan növbətçilərik

...

Ordubadın Sərşəhər məhəlləsində gün batanda kölgələr daş döşəməli dar küçələrə uzanır, ətrafa kəhrizdən gələn sərin meh yayılır. Axşamın bu  sakit çağında əsrlərin iki qocaman şahidi növbəti gecəni qarşılamağa hazırlaşır: bünövrəsi insan duaları ilə yoğrulmuş Sərşəhər məscidi və gövdəsində min bir xatirənin izini yaşadan əsrlik çinar.
Günəş büzməli damların, qırmızı kərpic divarların arxasında gözdən itdikcə, illərin yaddaşını özündə yaşadan bu iki qədim qonşu sanki söhbətə başlayır. Biri əsrlər boyu insanların dualarına, göz yaşlarına, sevinc və kədərlərinə şahidlik etmiş məscid, digəri isə kökləri ilə torpağın dərinliklərinə bağlanan, budaqları altında neçə-neçə nəslin böyüdüyü qoca çinar...
Axşam küləyi çinarın geniş çətirini həzin-həzin tərpədir. Yarpaqların xışıltısı məscidin pəncərələrindəki incə taxta şəbəkələrə toxunan mehə qarışır. İlk sözü azan səslərinə alışmış məscid açır:
– Axşamın xeyir, mənim qocaman qonşum, dilsiz-ağızsız həmsöhbətim... Yenə sakitlik çöküb küçələrə. Sükut o qədər dərindir ki, elə bil kəhrizin suyu da səssiz axır. Yadındadırmı, bir vaxtlar bu saatlarda Sərşəhər necə canlanardı? Bu meydanda adam əlindən tərpənmək olmurdu. 
Qoca çinarın yarpaqları xəfifcə titrəyir. Sanki illərin o üzündən gələn xatirələr yenidən canlanır. 
–  Hə, ey müqəddəs məkan, necə yadımda deyil, –  deyə çinar cavab verir. 
– Mənim gövdəm hələ bu qədər qalınlaşmamış budaqlarım, sənin damına çatmamış bu meydan həyatla dolu idi. Səhərin alatoranından axşamın qaranlığınadək buradan insan səsi əskik olmazdı. Ağsaqqallar mənim kölgəmdəki daş oturacaqlarda əyləşər, təsbeh çevirə-çevirə elin-obanın güzəranından, məhsuldan, toy-düyündən söhbət açardılar. Sənin qapına gələnlər əvvəlcə mənim kölgəmdə nəfəsini dərər, sonra dəstəmaz alıb sənin mehrabına üz tutardılar.
Məscid qədim taxta qapısının cırıltısını xatırladan həzin səslə söhbətə qoşulur:
–  Bəli, çinar... Bura insanların sevinclərini, kədərlərini bölüşdüyü canlı bir ürək idi. Yadındadırmı o sevdalılar? Bəlkə də, Ordubadın ən saf məhəbbət hekayələri sənin kölgəndə başlayardı. Cavanlar budaqlarının arxasında gizlənib sevdiklərinin kəhrizdən su gətirməsini gözləyərdilər. Utancaq baxışlar, gizli vədlər, bulaq başından götürülən mis səhənglərin cingiltisi... Qızlar başlarını aşağı salıb keçər, oğlanlar isə təsadüfən oradan ötürmüş kimi sənin yanında dayanardılar. 
Çinarın budaqları sanki xəfif bir təbəssümlə sallanır:
– Ah, o sevdalılar... Mənim qabığıma neçəsi gizlincə baş hərfini qazımışdı, neçəsi göz yaşını köklərimə tökmüşdü. Bəzən bir yaylıq düşərdi torpağa, bəzən bircə baxış insanın aylarla qəlbində yaşayardı. Qızlar analarının yanında sakitcə keçib sənin qapından içəri girəndə, o gənclər gözlərini sənin pəncərələrindən süzülən işığa zilləyərdilər. Onlar bilirdilər ki, edilən hər təmiz dua gec-tez yerini tapacaq. Mən o sevdaların şahidi idim, sən isə hamısının duagahı.
– Bəs toylarımız, bayramlarımız? – deyə məscid keçmişin şirin xatirələrinə dalır. 
– Novruz bayramı əvvəllər daha təmtəraqlı qeyd olunurdu. Sənin altında tonqallar qalanardı. Uşaqların qışqırığı, gülüşləri bu dar küçələrdə əks-səda verərdi. Mənim həyətimdə ehsanlar paylanar, süfrələr açılardı. Kasıbı, varlısı bir arada oturardı. Kiminsə dərdi olsaydı, bütün Sərşəhər o dərdə şərik olardı. İndi isə... İndi küçələrdən keçənlərin sayı azalıb. İnsanlar tələsir, dostum. Hamı harasa tələsir, amma heç kim durub sənin kölgəndə bir anlıq da olsa, keçmişi dinləmək, yada salmaq istəmir.
Çinarın yarpaqları kədərli-kədərli xışıldayır. Axşam küləyi gövdəsindəki oyuqlardan geçərək sanki köhnə bir nəğməni səsləndirir:
– Zaman dəyişib, ey qədim məscid. O vaxtlar həyat daha aramla axardı. İnsanlar bir-birinin üzünə baxar, hal-əhval tutardı. İndi əllərindəki kiçik işıqlı cihazdan gözlərini çəkə bilmirlər. Yanımdan keçirlər, amma məni görmürlər. Nə kölgəmdə dayanırlar, nə də sənin qədim divarlarına, incə şəbəkələrinə nəzər salırlar. Ancaq məni bir şey sevindirir. Vaxtilə sənin həyətində yüyürən, mənim budaqlarıma dırmaşan o balaca uşaqlar indi bəyaz saçlı ağsaqqal olublar. Bəzən gəlib əllərini qoca gövdəmə söykəyəndə hiss edirəm ki, onlar da mənim kimi o köhnə günlərin həsrətini çəkirlər. Köhnə Sərşəhəri, o saf sevgiləri, o camaatla dolu həyəti axtarırlar.
Məscid  başını dikəldir, vüqarlı əzəməti ilə göyə tərəf boylanır:
– Haqlısan, qoca dostum. Zaman nə qədər keçsə də, binalar, küçələr, nəsillər dəyişsə də, biz buradayıq. Biz Sərşəhərin yaddaşıyıq. Sən köklərinlə bu torpağın dərinliklərinə bağlandığın kimi, mən də ruhumla bu elin dualarına bağlanmışam. Nə qədər ki sən yarpaq açacaqsan, nə qədər ki mənim divarlarımda həmin o kərpiclər duracaq, Sərşəhərin ruhu ölməyəcək. Bir gün bəlkə yenə o sevdalılar gələcək, bəlkə yenə uşaqlar sənin ətrafında dövrə vurub oynayacaq...
– Gələcəklər... – deyə çinar inamla xışıldayır. 
– Çünki insanın harada olursa-olsun, dönüb sığınacağı yer öz kökləridir. Biz o kökləri qoruyan növbətçilərik. Yat indi, ey müqəddəs qonşum. Qoy bu gecə də Sərşəhərin üzərinə ulduzlar elə həmin o qədim işığı saçsın. Mən sənin keşiyindəyəm, sən də mənim dualarımda...
Gecə tədricən Sərşəhərin üzərinə çökür. Kəhrizin suyu öz həzin nəğməsini oxumaqda davam edir. Qoca çinar nəhəng budaqlarını səmaya uzadaraq susur, məscidin qədim divarları isə gecənin sükutuna bürünür. Onların söhbəti bitir, amma pıçıltıları daş küçələrdə, kəhriz mehlərində, köhnə məhəllənin yaddaşında yaşamaqda davam edir. Çünki zaman keçsə də, nəsillər dəyişsə də, insanı özünə bağlayan köklər unudulmur. Onları qoruyanlar isə bu torpağın yaddaşını gələcəyə daşıyırlar.

Elnurə CƏFƏROVA

Nəşr edilib : 14.11.2026 11:14