NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Bitki genofondumuzu qoruyaq

...

Respublikamızda iqtisadi inkişafı şərtləndirən mələlərdən biri də genofondun mühafizəsi, biomüxtəlifliyin artırılması, ekoloji tarazlığın saxlanması istiqamətində məqsədyönlü tədbirlərin keçirilməsidir. Qeyd olunmalıdır ki, müasir dövrdə antropogen təsirin güclənməsi nəticəsində təbii ekoloji sistemlərin dekorasiyası, florabiomüxtəlifliyin tükənməsi, ayrı-ayrı növlərin sıradan çıxması prosesi getdikcə sürətlənir. Bu səbəblərdən də bitki ehtiyatlarının qorunması, səmərəli istifadəsi və bərpası günün ən aktual problemlərindən biridir. Ona görə də hər hansı bir ərazi daxilində biomüxtəlifliyin mühafizəsi və bərpasının təmin olunması üçün həm nəzəri, həm də tətbiqi cəhətdən səmərəli tədbirlər kompleksinin hazırlanması və həyata keçirilməsi kimi aktual bir problemin həlli hələ də ciddi məsələlərdən biridir.

Bunun ifadəsidir ki, ölkəmizdə 2000-ci ildən etibarən biomüxtəliflik haqqında beynəlxalq konvesiyaya qoşularaq təhlükə altında olan növlərin bərpası, onların təbii reintroduksiyası üçün bir sıra tədbirlər görülür və bu işlər davam etdirilməkdədir.

Qeyd olunmalıdır ki,muxtar respublikamız flora zənginliyinə görə Qafqaz ekosistemində ən mühüm yerlərdən biridir. Floramız, demək olar ki, dərman bitkiləri, qida bitkiləri, bəzək bitkiləri, boyaq bitkiləri və yem bitkiləri ilə olduqca zəngindir. Xüsusilə vurğulanmalıdır ki, bu bitkilərin əksəriyyəti bəzək və dərman bitkiləri olduğu üçün əhali tərəfindən qeyri-şüuri toplanır. Bu dahəmin bitkilərin azalmasına səbəb olur.Bu növlərin məhv olmasına həm də antropogen və biogen amillər təsir göstərir. Bununla bağlı olaraq Azərbaycan Elm və Təhsil Nazirliyi Bioresuslar İnstitutunun Naxçıvan Bitki Sistematikasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə Salayeva ilə həmsöhbət olduq. O bildirdi ki, tədqiqat obyekti olaraq, əsasən, bizmuxtar respublikada Süsən-Zanbaq fəsiləsi bitkilərini öyrənmişik. Bu iki fəsilənin bitkiləri çox gözəl görünüşə malikdirlər. Ona görə də onlar əhali tərəfindən toxum verməmiş toplanır vəbu da həmin bitkilərin məhv olmasına gətirib çıxarır.

Süsən-Zanbaq fəsiləsindən “Qırmızı kitaba” düşən bitkilərdən biri torlu süsəndir. Torlu süsən muxtar respublikanın aşağı dağ qurşağından tutmuş meşə qurşaqlarına qədər yayılıb. Əhəngli torpaqlarda rast gəlinir. Culfa rayonun Ərəfsə, Ləkətağ, Teyvaz kəndləri ərazisində daha çox yayılıb.

Bitkinin azalmasının əsas səbəbi yaşayış yerlərinə yaxın olduğundan yayıldığı ərazinin nizamsız otarılmasıdır. Bitki “Qırmızı kitabın” üçüncü nəşrinə əlavə edilib və Azərbaycan Elm və Təhsil Nazirliyi Bioresuslar İnstitutunun Nəbatat bağında becərilir.

Digər bir bitki Qurdqulağı süsənidir. Bu bitki Babək rayonunun Nehrəm qəsəbəsi ətrafında, Duzdağda, Culfa rayonunun Darıdağ ərazisində yayılmışdır. Ümumiyyətlə, bu bitki quru gilli torpaqlarda bitir.

Bəhs olunan bitkilərin çox ecazkar, rəngarəng görünüşləri olduğuna görə göyqurşağına bənzədirlər.

Zülfiyyə xanımın sözlərinə görə,bəhs olunan bitkilər geofit bitkilərdir.Geofit bitkilərə soğanaqlı, soğanağı yumrulu və kökümsovlu bitkilər daxildir. Bu bitkilərdən əlavə respublikamızda “Qırmızı kitaba” düşən nadir bitkilərdən Qafqaz dağdağanı Kotam kəndi ətrafında, Kürd canavargiləsi Şərur rayonunun Qaraquş dağında, Sünbüllü saçaqotu Uzunoba ətrafında yayılıb. Həmçinin meşə üzümünə Culfa rayonunun Haçadağ ətrafında, Ponut yemişanına Zəngəzur Milli Parkında, Naxçıvan gavalısına Biçənək və Nürgüt ərazilərində rast gəlmək olar.

Bu bitkilər qırmızı siyahıya uyğun kateqoriya və altmeyarlar üzrə qiymətləndirilmiş və qorunması məqsədilə Tədbirlər Planı tərtib edilmişdir:

 1. Bitkinin bitdiyi ərazinin qorunması üçün əməli tədbirlərin həyata keçirilməsi;

 2. Bioloji adidələrin, endemik bitkilərin təbiət abidəsi kimi qorunması;

 3. Otarılma sahələrinin dəqiqləşdirilməsi;

 4. Biçin vaxtının dəyişdirilməsi;

 5. Bitkilərin normadan artıq toplanmasına nəzarət;

6. Ziyanvericilərə qarşı mübarizənin güclənməsi və sair.

Qeyd edək ki, müalicəvi əhəmiyyətə malik bu bitkilər həm də görünüş cəhətdən gözəl olmaları ilə yurdumuzun florasını da gözəlləşdirir. Ona görə də həmin bitkiləri qorumaq və artırmaq hər birimizin vətəndaşlıq borcuna çevrilməlidir.

Əhməd ƏHMƏDOV

Nəşr edilib : 25.07.2025 09:50