NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Birincilərin məktəb həyəcanı

...

Bütün inkişaf etmiş ölkələrdə həmişə elmə, təhsilə, mədəniyyətə, dünyagörüşə xüsusi önəm verilib. Çünki elm həqiqəti öyrənir, həyatın qanunauyğunluqlarını, təbiətin sirlərini bir-birinin ardınca kəşf edir. Elm öyrənməyin, təhsilin vacibliyini bir çox şair, yazıçı, alimlər müxtəlif ifadələr, kəlamlar, şeirlərlə sonrakı nəsillərə çatdırmağa çalışmışlar. Dahi şair Nizami Gəncəvinin bizlərə miras qoyduğu

    Qüvvət elmdədir, başqa cür heç kəs,

    Heç kəsə üstünlük eyləyə bilməz.

    Hər uca rütbədən biliniz, fəqət,

    Alimin rütbəsi ucadır əlbət, –         

misraları bunun ən bariz nümunəsidir. Elm kimi təhsilin də vacibliyi həyatımızda mühüm rola malikdir. Çünki hər ikisi vəhdət təşkil edir. “Təhsil millətin gələcəyidir” – Ümummilli Liderimiz Heydər Əliyevin gəncliyə verdiyi bu töhfə bir çox insanın elmli, bilikli, ziyalı şəxsiyyət kimi yetişməsində mühüm rol oynayıb və oynayacaqdır. Dövlət başçısının 2004-cü il 21 avqust tarixli Fərmanı ilə hər il sentyabrın 15-i ölkəmizdə Bilik Günü kimi qeyd edilir. Bu gün hər yerdə balaca çiyinlərinə məktəbli çantasını asıb ünvana vaxtında yetişmək üçün tələsən, üzündə təəccüb qarışıq təbəssümün olduğu, sual dolu baxışlarla ətrafa diqqət kəsilən körpə fidanların təhsilin ilk pilləsini adlayacağı gündür.

Bu gün Bilik günüdür. Məktəblərimizin önündə qələbəlikdir. Şirin bir təlaş gözə çarpır. Övladlarının ilk həyəcanına şahidlik edən valideynlər elə balaca məktəblilərtək təlaşlıdırlar. Bu mənzərə, bu heyrətli baxışlar hər birimizi istər-istəməz keçmişə – həyəcan, bir o qədər sevinc dolu günlərə  aparır və qeyri-iradi nostaljik hisslər yaşadır.

Saniyələr ötüb, dəqiqələr bir-birini yola saldıqca həyəcan daha da artır. Artıq vaxtdır. Zəng çalınır. Birincilər ürkək baxışlarla sinif otaqlarına daxil olub parta arxasında əyləşirlər. Müəllim adəti üzrə onları salamlayır və hər şeyin yaxşı olacağı barədə motivasiya verir. Bu gündən artıq onlar təhsil alaraq elmin sirlərinə yiyələnəcək, Vətənə, millətə layiq elmli, bilikli bir şəxsiyyət kimi formalaşacaqlar. Bu yolda biz də balaca fidanlara uğurlar diləyirik. Yolunuz açıq olsun, əziz şagirdlər!

 

Türkanə ƏSƏDOVA

Nəşr edilib : 16.09.2024 09:43