Naxçıvan Muxtar Respublikasında oktyabrın 8-nə göz...
23:31 07.10.2024
0
0
0
NAXÇIVAN :
07 Oktyabr 2024, Bazar ertəsi
Hər bir uşağın təhsilinin təməli ibtidai sinifdən qoyulur. Bu təməlin daha möhkəm olması azyaşlıların gələcəkdəki təhsili üçün olduqca vacibdir. Yeni tədris ilinin başlaması ilə birinci siniflərin də həyatında yeni dövr başlanır. Bəs onlar psixoloji cəhətdən buna hazırdırmı? “Şərq qapısı” qəzeti olaraq bu gün birincilərin məktəbə psixoloji hazırlığından söz açmaq qərarına gəldik. Mövzu ilə bağlı Naxçıvan şəhərindəki C.Naxçıvanski adına 11 nömrəli tam orta məktəbin psixoloqu Günel Əbilova bildirdi ki, məktəbəqədər təhsil təhsilin ilk pilləsi olmaqla uşaqların erkən yaş dövründən intellektual və psixi inkişafını, məsuliyyətlərini dərk etməsini, sosial münasibətlərə yiyələnməsini təmin edir. Bu dövrdə şagirdlərin əldə etdiyi bilik və bacarıqlar, onların məktəb dövrünə daha yaxşı adaptasiya olmalarına kömək edir.
Məktəbəqədər təhsil müəssisələrində təhsil almış uşaqlar digər uşaqlara görə birinci sinfə daha fəal başlayır və prosesə tez uyğunlaşırlar. Buna baxmayaraq, uşaqlar məktəbəqədər yaşda təcrübə keçsələr də, evdən və xüsusən də anadan ayrılma prosesini yaşasalar da, öz vəzifələri haqqında təsəvvürləri olsa da, ibtidai təhsil bir çox cəhətdən məktəbəqədər təhsildən fərqlidir. Bu da uşaqlarda emosional olaraq qorxu və təşviş yarada bilər.
Günel xanımın sözlərinə görə, hər bir uşağın məktəbə uyğunlaşma prosesi fərqlidir. Belə ki, məktəbə uyğunlaşma prosesində yaşanan çətinliklər hər bir uşaqda müxtəlif formada görülə bilər: bəzi uşaqlar hər cəhətdən asanlıqla uyğunlaşır və çətinlik çəkmədən məktəbə davam edirlər, bəziləri əvvəlcə problem yaşayır, ancaq zamanla uyğunlaşırlar, bəziləri çox həvəslə başlayıb sonradan problem yaşaya bilirlər, bəziləri isə elə əvvəldən məktəbə getmək istəmir.
Ancaq bu məsələyə uşağı narahat edəcək şəkildə diqqət yetirmək gündəlik həyatın funksionallığına zərər verər və uşağın uyğunlaşma prosesini çətinləşdirə bilər. Psixoloq deyir ki, hər beş uşaqdan dördü dərsin ilk günündə sinifdə narahatlıq keçirir. Məktəbə uyğunlaşma prosesində hər bir uşaq təsirlənə bilər. Bununla belə, əksetdirmə tərzi hər bir uşaq üçün fərqli olur. Uşaq dünyaya gəldikdən sonra başlayan və məktəb dövründə davam edən ən əsas narahatlıq və qorxulardan biri valideynlərdən, xüsusən də anadan ayrılmaqdır. Əvvəlcədən məktəbəqədər təhsil müəssisələrinə getməyən uşaqlarda bu narahatlıq – ananı itirmə qorxusu şəklində özünü daha çox büruzə verir.
Bəs məktəbə uyğunlaşma prosesində valideynlər nələrə diqqət etməlidir?
Günel Əbilova deyir ki, məktəbə başlamazdan öncə valideynlə birlikdə məktəblə tanış olmaq uşaqda yaranan “yad mühit” haqqında təsəvvür hisslərini aradan qaldırmağa köməklik göstərir. “Burada sənin yeni dostların, müəllimlərin olacaq. Sən burada çoxlu maraqlı kitablar oxuyacaq və burda biliklər öyrənəcəksən” – formasında həvəsləndirici cümlələrlə uşağı başa salmaq onun proses haqqında müsbət fikirlərinin yaranmasına səbəb olacaq.
Əgər uşaq məktəbə hər gün valideynlərin də gəlməyini, sinifdə yanında olmasını israr edirsə, ona hər kəsin öz məsuliyyəti olduğunu xatırlada, öz məsuliyyətlərinizi qeyd edə və onun da məktəbə getməli olduğunu bildirə bilərsiniz.
Uşağınız məktəbdən evə gələndə gününü necə keçirdiyi barədə söhbət etmək, onun dincəlməsinə kömək etməklə yanaşı, məktəbə uyğunlaşma prosesini də sürətləndirəcək. Ancaq bu söhbətlərin sorğulayıcı tərzdə olmamasına diqqət etmək lazımdır. Əks halda uşaq özünü qapada və bu proses haqqında danışmaqdan yayına və ya imtina edə bilər.
Müsahibimiz deyir ki, uşağın məktəbdə olacağı günləri təqvimdə qeyd etmək, müəllim və dostları ilə birlikdə keçirəcəyi maraqlı işlərdən danışmaq da onu ruhlandıracaq və prosesə daha da həvəsləndirəcək.
Bəzi uşaqlar məktəb haqqında fikirlərini valideynləri ilə bölüşməyə hazır olsalar da, bəziləri isə bu haqda danışmaq istəməyə bilər. Əlbəttə, bu olduqca təbii bir haldır. Əgər uşaq məktəb haqqında danışmaq istəmirsə, bu məsələdə məcbur edilməməlidir.
Uşağın məktəbə başladığı ilk günün planını necə qurmaq olar? Sualımıza cavab olaraq deyir ki, əsasən, valideyn uşağı dinləməli və onun narahatlıqlarını başa düşdüyünü bildirməlidir. Həmçinin valideyn uşağı sakitləşdirməli və əmin etməlidir ki, yanında olmasa da, o, məktəbdə heç bir çətinliklə rastlaşmayacaq. Dərs bitdikdən sonra uşağa onu məktəbdə qarşılayıb evə birlikdə qayıtmağı bildirmək lazımdır. Xüsusilə qorxu və həyəcan keçirən uşaqlar özlərinin təhlükəsiz mühitdə olmasından əmin olmaq istəyirlər, gözlənilməz hadisələrlə qarşılaşmaqdan çəkinirlər.
Qeyd edək ki, məktəbin ilk günü valideynin övladı ilə vidalaşması uzun sürməməli və sıradan bir gün kimi adiləşdirilməlidir. Müəllimlərə və valideynlərə onu məsləhət görərdim ki, uşaqların məktəbə uyğunlaşmasını asanlaşdırmaq üçün sinif müəllimi və məktəb psixoloqu birgə çalışaraq bu prosesdə sürətli və müsbət nəticələr əldə etməyə şərait yarada bilər.
Müsahibimizin dediklərindən o nəticəyə gəlirik ki, həmin dövrdə uşaqlar valideyn ilə məktəb arasında qurulan bu əməkdaşlığın fərqində olmalıdır. Onun qurulan bu bağı hiss etməsi məktəbdə özünü təhlükəsiz və güvəndə hiss etməsinə şərait yaradacaq. Bu da uşağın psixologiyasına müsbət təsir göstərəcək.
Bülbül QULİYEVA
Digər xəbərlər