NAXÇIVAN :

27 Dekabr 2024, Cümə

Bir payız günündə

...

Bir payız günü idi, qalxdıq Gəmiqayaya,

Tala-tala buludlar qara-qara gəzirdi.

Günəş hərdən boylanıb nur səpirdi səmaya,

Daşlar ayağımızı incidirdi, əzirdi.

 

Nuh babam bu yerlərdə yurd salıb – Nəbi yurdu,

Nəfəsini duyurdum ən qədim insanların.

Şair könlüm uçaraq zirvədə yuva qurdu,

Hər qarışda izi var tarixi zamanların!

 

Dumana bürünmüşdü Qapıcığın zirvəsi,

Qız-gəlin çuxurunda yetim idi bulaqlar.

Qaranquş yaylağında eşitmədik quş səsi,

Bu yerdən daha yaxın görünürdü uzaqlar.

 

Gəmiqaya tarixdir – tarixin tarixidir,

Burada səpələnib dörd yana qara daşlar.

Hər daş keçmiş qoxuyur, hər qaya tarixidir,

Oxusaq, çox sirlərə eyləyər çara daşlar.

 

Heyrətlə seyr edirəm bu möhtəşəm yerləri,

Qara daşlar dünyanın, bəlkə, üz ağlığıdır.

Niyə gəlib insanlar görmür mübhəm yerləri,

Səbəb yol deyil, milli hissin uzaqlığıdır.

 

Üzü şümal daşlarda  Günəş güzgülənəndə,

Sanki üstdən aşağı nur seli axıb gəlir.

Səthində sirr daşıyan daşlarla birgə həm də

Tarix zaman bətnindən yollara çıxıb gəlir.

 

Yaxınlaşıb daşlara baxıram, toxunuram –

Danışan işarələr, piktoqrafik yazılar.

Alimlər bu daşların edibdi çoxunu ram,

Amma hələ nə qədər oxunmayan yazı var.

 

Bu daşda Günəş gördüm, o daşda dağ keçisi,

Birində ilan rəsmi, birində gəmi rəsmi.

Hanı bu qayaların dilinin bilicisi?

Bu qayanın adı nə, o daşın nədi ismi?

 

Yallı getmək istədim görəndə yallı rəqsi,

Ox gördüm, ovçu gördüm danışan qayalarda.

İndi kimə söyləyim bu qəribə həvəsi:

Mən oturub dinləyəm, danışa qayalar da.

 

Gəmiqaya daşları, bəlkə də, bir qayaya

Nuh babamın yazdığı səyahət dastandır.

Oğul gərək daşları birləşdirə, oxuya,

Bəlkə də, yubanmışıq, bəlkə də, zamanıdır.

 

Sərin bir payız günü buludlar yavaş-yavaş

Yağış hazırlığında bizi yola salırdı.

Xəyalımda sirrini açıb deyirdi hər daş...

Biz gedirdik, daşlarsa öz yerində qalırdı.

 

Gəmiqaya səfərim sirr içində sirr qaldı,

Tarixə toxunmağın özü də bir tilsimdi.

Ruhuma sığal çəkdi, könlümü əsir aldı,

Mənə yaşatdıqları bir ömürlük bəsimdir.

Gəmiqaya - Naxçıvan

Nəşr edilib : 15.10.2024 15:32