NAXÇIVAN :

02 May 2026, Şənbə

Bəzən bir qəlbin işığı min gözün görə bilmədiyini görə bilir

...

Dünyanı görmək üçün mütləq gözlərəmi ehtiyac var? Bu sual bəzən sadə fəlsəfi düşüncə kimi səslənsə də, bunu öz həyatı ilə sübut edən, hər gün eyni qaranlığı eyni ümidlə işıqlandıran insanlar çox azdır. Elməddin Kərimov da məhz belə nadir insanlardandır. O, gözdən əlil uşaqlara dərs deməklə kifayətlənmir, həm də həmin yolun hər daşını özü addımlamış, o yolların ağrısını, çətinliyini və eyni zamanda ümidini öz həyatında yaşamış bir bələdçidir artıq.

Onun dərs dediyi sinif otağı adi siniflərdən fərqlənir bir az. Burada sakitlik daha dərin, diqqət daha həssasdır. Səssiz otaqda barmaqların kağıza hər toxunuşu bir taleyin qaranlıqdan çıxmaq cəhdi kimidir, əslində. O balaca əllər tərəddüdlə nöqtələrə toxunarkən Elməddin müəllimin səsi sakit, amma inamlı şəkildə onları istiqamətləndirir. Bu səs müəllim səsindən daha artıq məna daşıyır. Anlayışın, səbrin və inamın səsi kimi.

Elməddin müəllim özü də görmə imkanları məhdud olduğu üçün şagirdlərinin yaşadığı hissləri sözlə yox, ürəyi ilə anlayır. O bilir ki ilk hərfi öyrənmək onlar üçün  bilik əldə etməkdən daha çoxu, bir qapının açılmasıdır. O qapı ki, onları dünyaya bir addım daha yaxınlaşdırır. Hər yeni öyrənilən hərf, hər yazılan söz onların daxili dünyasında bir işıq kimi yanır. Elməddin Kərimov isə bu işığın ilk qığılcımını yaradan insandır.

Onun dərsləri iki eyni taleyi paylaşan insanın səssiz dialoqudur. Bəzən bir toxunuş, bəzən bir pauza, bəzən isə, sadəcə, susmaq kifayət edir ki, qarşı tərəf hər şeyi anlasın. Elməddin müəllim şagirdlərinə “Mən də sizin kimiyəm”, – demir, o bunu yaşadır. Onun varlığı, davranışı, səbrli yanaşması özü bacarmağın mümkünlüyünün mesajıdır.

Brayl əlifbasının qabarıq nöqtələri onun üçün işarələr olmaqdan çıxaraq bir dilə, bir dünyaya, bir ünsiyyət vasitəsinə çevrilir. O hər nöqtənin arxasında gizlənən mənanı şagirdlərinə ötürməyi bacarır. Bu heç bir alqışın müşayiət etmədiyi, amma insan taleyini kökündən dəyişən ən böyük zəfərdir.

Bu mənzərəni izləyərkən insan anlayır ki, ən böyük maneələr bədəndə yox, düşüncədə və ruhdadır.  Elməddin müəllim isə o ruhun zəncirlərini qıran  azadlıq carçısıdır.  

Onun üçün müəllimlik peşəsi maaş və ya gündəlik iş rejimi ilə məhdudlaşmır. Bu onun üçün missiyaya çevrilib. Bəlkə də, o, vaxtilə özünün ehtiyac duyduğu dəstəyi bu gün başqalarına verməklə bir növ öz keçmişinə cavab verir. Şagirdlərinin simasında o öz uşaqlığını görür və bu səbəbdən onlara daha çox sevgi, daha çox səbir, daha çox diqqət göstərir.

Qaranlıq rənglərin yoxluğu olsa da, insanın daxili aləmi heç vaxt rəngsiz qalmır. Əksinə, daxili aləm sonsuz rənglərlə doludur. Sadəcə, o rəngləri görmək üçün fərqli yollar tapmaq lazımdır. Onlar isə həmin yolu birlikdə tapırlar. Nöqtə-nöqtə, addım-addım.

Elməddin müəllimin rəhbərliyi ilə böyüyən uşaqlar üçün gələcək artıq qorxulu bir bilinməzlik kimi görünmür. Onlar üçün gələcək imkanlarla dolu bir dünyaya çevrilir. Artıq bilirlər ki, həyatın çətinlikləri onları dayandıra bilməz. Çünki onların qarşısında bu yolu artıq keçmiş bir nümunə dayanır.

Elməddin müəllim öz həyatını öz məhdudiyyətinin ətrafında qurmadı, əksinə, o həmin məhdudiyyəti onlarla uşağın dünyasını aydınladan bir körpüyə çevirdi. Elməddin Kərimov sübut edir ki, insanın görməsi üçün mütləq gözlərə ehtiyac qalmır. Bəzən bir qəlbin işığı min gözün görə bilmədiyini görə bilir.

Onun açdığı hər cığır, toxunduğu hər həyat gələcəkdə daha böyük işığa çevriləcək. Və, bəlkə də, illər sonra bu uşaqlardan biri eyni yolla başqalarına bələdçilik edəcək. Beləcə, bir insanın yandırdığı işıq zəncirvari şəkildə yayılacaq.

Elnurə CƏFƏROVA

Nəşr edilib : 01.05.2026 15:45