NAXÇIVAN :

22 Yanvar 2025, Çərşənbə

Beynəlxalq təhsil proqramı dünyanın nüfuzlu universitetlərinə qəbul imkanı

...

Təhsil ölkənin xoşbəxt gələcəyi, iqtisadi tərəqqisinin bünövrəsi və təməl daşıdır. Ölkəmizdə bu sahəyə yüksək diqqət, məqsədyönlü göstərişlər əsasında atılan addımlar və icra edilən Dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına hədəflənib. Bu da milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi, təkmilləşdirilməsi işinə mühüm töhfələr verir. 

Prezident cənab İlham Əliyevin imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqındakı müvafiq Sərəncamda yer alan Naxçıvan Dövlət Universitetinin nəzdində İngilis dili Təmayüllü Beynəlxalq Məktəbin yaradılması da təhsilə göstərilən diqqətin növbəti ifadəsidir. Naxçıvan Beynəlxalq məktəbi Dövlət Proqramının təsdiqindən keçən qısa zaman ərzində reallaşan layihələrdən biridir. Sərəncama əsasən Naxçıvan təhsil tarixinin ən uğurlu layihələrindən biri olan Naxçıvan Dövlət Universitetinin İngilisdilli Beynəlxalq Məktəbi ilə əyani tanışlıq da onu göstərdi ki, şagirdlərin yüksək səviyyədə təhsil almaları, müəllimlərin isə həvəslə öz fənlərini tədris etmələri üçün burada hərtərəfli şərait yaradılıb, zəruri maddi-texniki baza ilə təchiz edilib. Bununla yanaşı, məktəbdə kimya, fizika və biologiya laboratoriyalarında praktiki iş imkanı, texniki avadanlıqlar ilə zəngin kabinetlər, kitabxana, səliqəli yataqxana, açıq və qapalı idman meydançaları, şagirdlərin hərtərəfli inkişafına imkan yaradan unikal proqramlar mövcuddur.
Məktəbin direktoru Bayram Əliyev İngilisdilli Beynəlxalq Kembric Məktəbinin qəbul qaydaları, gələcək perspektivləri, şagirdlər üçün yaradılan şərait barədə danışdı. Onun sözlərinə görə, NDU-nun Beynəlxalq Məktəbinə Kembric beynəlxalq tədris proqramı ilə 2024-cü ilin sentyabr ayından etibarən 1-ci və 6-cı siniflər üçün tədrisin həyata keçirilməsi istiqamətində beynəlxalq lisenziya verilib.
Bildiyiniz kimi, Kembric proqramı dünyada bir neçə tanınmış, nüfuzlu tədris pro­qramlarından biridir və Kembric diplomları (attestat) dünyanın ən nüfuzlu universitetləri tərəfindən tanınır. Tədrisi yalnız ingilis dilində həyata keçirilən Kembric proqramına lisenziya almaq üçün məktəblərdən müasir idarəetmə, yeni və effektiv tədris prosesi, müasir tədris imkanları tələb olunur. Məktəbi bitirərkən şagirdlər ingilis dili ilə yanaşı, modern dünya dillərindən ən azı birinə mükəmməl şəkildə yiyələnir. Bu beynəlxalq pro­qramda IELTS dərəcəsinə malik olan və Kembric tədris proqramı ilə bağlı təlim kurslarından uğurla keçərək sertifikat əldə edən yerli və xarici müəllimlər çalışırlar.
Direktorun sözlərinə görə, hazırda məktəbdə 74 şagird təhsil alır. Beynəlxalq məktəbə 1-ci və 6-cı sinifdə təhsil alacaq şagirdlərin qəbulu həyata keçirilir. Birinci siniflərin qəbulu məktəbəhazırlıq dövründən başlayır. Yəni beynəlxalq məktəbin 1-ci sinfində təhsil almaq istəyən şagirdlər məktəbin məktəbəhazır­lıq qruplarına qeydiyyatdan keçərək həmin qruplarda iştirak edirlər. Həmçinin 5-ci sinfi başa vuraraq 6-cı sinfi beynəlxalq məktəbdə təhsilini davam etdirmək istəyən şagirdlər üçün də məktəbdə hazırlıq qrupları yaradılıb. Hazırlıq qruplarında iştirak edən şagirdlər may ayından başlayaraq imtahan əsasında beynəlxalq məktəbdə təhsil almaq imkanı qazanırlar. Onu da qeyd edim ki, hazırda xarici ölkə vətəndaşı olan bir müəllim məktəbdə fəaliyyət göstərir. Gələcəkdə tədrisin daha keyfiyyətli təşkili üçün xarici ölkələrdən digər müəllimlərin də məktəbə dəvəti nəzərdə tutulur. Bu kimya, biologiya, riyaziyyat, fizika və digər fənlərin tədrisinin məhz ingilis dilində həyata keçirilməsində böyük əhəmiyyət daşıyır. Əminliklə qeyd edə bilərik ki, Azərbaycan təhsil tarixində ilklərə imza atan Naxçıvan Dövlət Universitetinin İngilisdilli Beynəlxalq Məktəbi də qısa zamanda təhsilin inkişafı istiqamətində yüksək təhsil göstəriciləri ilə dövlətimizin inkişafına öz töhfələrini verəcək.
Məktəbin müəllimi Səma Hüseynova bildirdi ki, ümumtəhsil sistemində təlimin təmayüllər üzrə təşkili müxtəlif fənlər baxımından xüsusi istedad və qabiliyyətə malik uşaqların daha da inkişaf etdirilməsi, onlara seçilmiş istiqamətlər üzrə dərin biliklərin verilməsi məqsədinə xidmət edir. Təmayül fənləri üzrə dərinləşdirilmiş proqramlarla tədrisin aparıldığı belə təhsil ocaqları adi ümumtəhsil məktəblərindən bir sıra üstünlüklərə malikdir. Belə ki, təmayüllü məktəblərə şagirdlər xüsusi seçim prosedurları vasitəsilə qəbul edilir, həmin təhsil müəssisələrinin maddi-texniki bazası daha yüksək olur, təmayül fənlərinin tədrisinə çox vaxt ayrılır. Eyni zamanda belə məktəblərə yüksək hazırlıqlı və ixtisaslı müəllimlər cəlb olunur. Təbii ki, bu üstünlüklərinə görə cəmiyyətin təmayüllü məktəblərdən gözləntiləri də çoxdur. Onların məzunları daha hazırlıqlı, seçilmiş təmayül fənləri üzrə yüksək bilikli olmalıdırlar. Biz də məktəb kollektivi olaraq çalışacağıq ki, Naxçıvan Dövlət Universitetinin Kembric Beynəlxalq Məktəbində təhsil alan şagirdləri gələcək üçün vətənpərvər, intellektli, peşəkar kadrlar olaraq hazırlayaq. 
Səma müəllim qeyd etdi ki, burada təhsil alan şagirdlər təhsillərini başa vurduqda məktəbdən aldıqları beynəlxalq attestatla xarici ölkələrdə imtahansız təhsillərini davam etdirə biləcəklər. 
Burada olarkən ingilis dilini öz ana dili kimi bilən şagirdlərlə görüşüb, onların məktəblə bağlı fikirlərini öyrəndik. 94 balla məktəbə qəbul olan Asif Axundzadə deyir ki, ingilis dili, demək olar ki, bütün dillərdən öndədir. Bu gün beynəlxalq danışıq dili kimi ingilis dilini bilmədən dar mühitdən və çərçivədən kənara çıxa bilmirsən. Bu baxımdan bu məktəbi seçmək məni çox sevindirir. Qəbul imtahanı zamanı ingilis dili üzrə 100 sualdan 94-nü düzgün cavablandırmışdım. Ümumiyyətlə, uşaq yaşlarından ingilis dilinə böyük marağım var. Gələcəkdə seçəcəyim peşənin ali təhsilinə bu dildə yiyələnməyim mənim üçün ən böyük uğur olacaq.
Məktəbdə yaradılmış hərtərəfli tədris şəraiti burada şagirdlərin yüksək təhsilə malik olmalarına imkan verməklə yanaşı, onların arzularına inamla addımlamalarında körpü rolunu oynayacaq. İnanırıq ki, yüksək intellektə malik şagirdlərimiz yaradılan şəraitdən səmərəli istifadə edərək göstərilən etimadı doğruldacaqlar. Biz də beynəlxalq məktəbin kollektivinə və gələcəyimiz olan gənclərə şərəfli təhsil yolunda uğurlar diləyir, parlaq və etibarlı gələcək naminə irəlilədikləri yolda böyük nailiyyətlər qazanmağı arzulayırıq.

Gülcamal TAHİROVA

Nəşr edilib : 22.01.2025 12:05